Pakistan İran ərazisinə hava zərbələri endirdi – Rəsmi


Pakistan İranda yerləşən “anti-Pakistan” terror qruplaşmalarının yaraqlı düşərgələrinə raket zərbələri endirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AFP Pakistan kəşfiyyat xidmətinin adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.
“Mən yalnız təsdiq edə bilərəm ki, biz İranda yerləşən “anti-Pakistan” silahlı qruplaşmalarına zərbələr endirmişik”, - nəşr sözügedən nümayəndədən sitat gətirib.
Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti də məsələ ilə bağlı məlumat yayıb və səhər saatlarında “Marg Bar Sarmachar” antiterror əməliyyatı həyata keçirildiyini bəyan edib. Bildirilib ki, əməliyyat çərçivəsində İranın Sistan və Bəlucistan əyalətində yerləşən “terrorçuların sığınacaqlarına” zərbələr endirilib:
“Bu səhər Pakistan İranın Sistan və Bəlucistan əyalətində terrorçuların sığınacaqlarına qarşı yüksək koordinasiyalı və dəqiq hədəflənmiş bir sıra aviazərbələr endirib. Mövcud kəşfiyyat məlumatlarına əsasən həyata keçirilən “Marg Bar Sarmachar” kod adlı əməliyyatda, bir neçə terrorçu məhv edilib”.
Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, son bir neçə ildə Tehranla təmasda olan İslamabad İran ərazilərindəki Pakistan əsilli terrorçular tərəfindən istifadə edilən və özlərini “sarmaçar” adlandıran sığınacaqlardan ciddi narahatlığını ifadə edib. Bildirilir ki, Pakistan İran tərəfinə bu terrorçuların müəyyən edilmiş ərazilərdə mövcudluğu və fəaliyyətinə dair konkret sübutlar olan dosye verib:
“Pakistan İran İslam Respublikasının suverenliyinə və ərazi bütövlüyünə tam hörmətlə yanaşır. Bugünkü aksiyanın yeganə məqsədi Pakistanın öz təhlükəsizliyini və milli maraqlarını təmin etməkdir ki, bu da böyük əhəmiyyət kəsb edir və təhlükəyə məruz qala bilməz”, - deyə ölkənin Xarici İşlər Nazirliyi vurğulayıb.
Qeyd edək ki, yanvarın 16-da İran silahlı qüvvələri Pakistanda yerləşən “Ceyş əl-Zolm” terror qruplaşmasının iki qərargahına zərbələr endirib. “Tasnim” agentliyinin məlumatına görə, əməliyyatda pilotsuz uçuş aparatları və raketlərdən istifadə edilib.

DİGƏR XƏBƏRLƏR

Top