“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən “Azparking” MMC mobil tətbiq yaradıldı, ödənişlər asanlaşdı. Bura qədər hər şey normaldır, amma bu işi də “azərbaycansayağı” etdilər.
Əvvəla, hər yerə adam qoyublar, yaxşı, bu tədbiq üzərindəndirsə, bu adamları niyə şəhərə düzüblər?! Kim o şəxslərə səlahiyyət verib ki, maşınların cərimələnməsində iştirak etsinlər, avtomobillərin fotosunu çəksinlər?!”
Yeniavaz.com xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib.
“İkincisi, bu MMC-nin topladığı pullar hara gedir, nəyə xərclənir?! Mən dünyanın bir neçə ölkəsində maşın sürmüşəm, parklanmadan istifadə etmişəm, amma bilirdim ki, bu Bələdiyyələrə gedir, onları insanlar seçir, yığdıqları vəsaiti də Bələdiyyə ərazisində, elə həmin pul ödəyən vətəndaşlar üçün xərcləyirlər. Yaxşı, bu MMC nəyə, hara pul xərcləyir?! Şəxsən mən tək dekabr ayında 38 manat “Azparking” MMC-yə pul ödəmişəm, o pulu nəyə xərcləyiblər?!
Üçüncüsü, dünyanın əksər ölkələrində, şəhərlərində istirahət və bayram günləri, axşam saat 20:00-dan sonra parklanma pulsuz olur. Bizdə bir tək bazar günü pulsuz ediblər, bayram günləri pulludur, hətta bu gün bazar günüdür, amma iş günü olmasına baxmayaraq parklanma pulsuzdur. Yəni, bunlar çevik idarəetmə sitemini də tədbiq edə bilmirlər.
Bizim qalstuklu müəllimlər bir çox sahənin fəlsəfəsini anlaya bilmirlər, məsələn, verginin seçkiyə bağlı olduğunu anlamırlar, parklanma pulunun niyə yığılmalı olduğunu da başa düşmürlər, elə bilirlər ki, əsas pul yığmaqdır, məqsəd budur, dərk etmirlər ki, pul yığmaq məqsəd deyil də, vəsitədir, məqsəd insana xidmətdir”, - N. Cəfərli qeyd edib.
Məlumat üçün bildirək ki, sosial şəbəkələrdə ödənişli parkinq xidməti müzakirə edilir.