Azərbaycan Dövlət Turizm Agentliyi Qərbi Azərbaycan Mətbəxi ilə bağlı tədbirin təşkili üçün tender müsabiqəsi elan edib.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsində iştirak etmək istəyənlər sənədlərini yanvar ayının 24-ə kimi təqdim etməlidirlər. Tender təklifləri isə fevral ayının 1-nə kimi davam edəcək. Qalib şirkətin adı fevral ayının 2-də elan olunacaq.
Məlumat üçün bildirək ki, tender elanında tədbirin 150 nəfər üçün nəzərdə tutulduğu qeyd edilir.
Bildirilir ki, ümumi sahəsi 350 kv. metr olacaq zalda 15 ədədə 10 nəfərlik dairəvi masalar olmalıdır. Saat 12:00-dan 24:00-dək davam edəcək tədbirdə 150 nəfər qonağa 15 ofisiant xidmət göstərməlidir.
Müsabiqə ilə bağlı diqqət çəkən məqamlardan biri də odur ki, 150 nəfər qonaq üçün böyük miqdarda ərzaq məhsullarının alınması nəzərdə tutulub.
Belə ki, 150 nəfər üçün 3 000 litr ərik arağı nəzərdə tutulub. Bu isə o deməkdir ki, hər bir qonaq tədbirin keçiriləcəyi 12 saat ərzində orta hesabla 20 litr araq içməlidir.
Bundan başqa, 150 nəfər qonağın iştirak edəcəyi tədbir üçün aşağıdakı ərzaq məhsullarının alınması da nəzərdə tutulur:
Kərə yağı – 2 400 kq
Qaymaq – 1 500 kq
Badam ləpəsi – 2 500 kq
Balıq (qızıl balıq file) – 6 000 kq
Qovurma (Naxçıvan) – 5 000 kq
Qurut – 1 500 kq
Dana əti – 1 700 kq
Düyü (uzun) – 1 000 kq
Düyü (yumuru) – 600 kq
Şabalıd – 2 300 kq
Sarıkök – 2 000 kq
Qoz ləpəsi – 3 500 kq
Fındıq ləpəsi – 3 500 kq
Doşab – 1 500 kq
Qarpız turşusu – 1 000 kq
Pomidor mürəbbəsi - 2 500 kq
Badımcan mürəbbəsi – 2 500 kq.
***
Dövlət Turizm Agentliyi tenderlə bağlı açıqlama yayıb. Açıqlamada deyilir:
“Dövlət Turizm Agentliyi olaraq bildiririk ki, milli kulinariyamızın təbliğinin bir hissəsi kimi 2023-cü ilin dekabrın 30-da elan edilən “Qərbi Azərbaycan mətbəxinin təqdimatının təşkili ilə bağlı xidmətlərin satın alınması” adlı tenderlə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirməyərək süni ajiotaja və yanlış anlaşılmaya səbəb olub.
Tenderdə qeyd olunan balıq, kərə yağı, turşu, ərik arağı və digər kulinariya məhsullarının satın alınması xidməti ilə bağlı yayılan məlumatlar düzgün anlaşılmayıb, ölçülər kiloqramla və litrlə göstərilsə də, təəssüf ki, “ton” olaraq başa düşülüb.
Qeyd edək ki, Dövlət Turizm Agentliyinin fəaliyyətinin əsas prinsiplərindən biri daim ictimaiyyətə və mediaya açıq olmaqdır. Hər zaman olduğu kimi, bir daha media nümayəndələrindən Dövlət Turizm Agentliyinin fəaliyyəti ilə bağlı istənilən məlumatın dəqiqləşdirilməsi üçün ilk növbədə Agentliyə müraciət edilməsini xahiş və tövsiyə edirik”.
Elnur Əli