“Bəzi problemlərə görə klublarımızla birgə qəbul etdiyimiz qərar nəticəsində oyun sonrakı tarixə təxirə salınıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası, “Qalatasaray” və “Fənərbağça” klublarının yaydığı məlumatda deyilir.
“Superkubokun təşkili üçün indiyədək göstərdikləri səylərə görə Futbol Federasiyasına və ev sahibi ölkənin müvafiq qurum və təşkilatlarına təşəkkür edirik”, - məlumatda deyilir.
***21:46
Səudiyyə Ərəbistanında oynanılacaq Superkubokda "Qalatasaray" və "Fənərbağça" finalı təxirə salındı.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Nəvaf Əl Asya” məlumat yayıb.
Bildirilir ki, uzun sürən görüşdə Səudiyyə Ərəbistanı rəsmiləri ilə heç bir irəliləyiş əldə olunmadığından matçın ləğvinə qərar verilib.
***17:33
Xəbər verdiyimiz kimi, bu gün Türkiyə Superkubokunun final görüşündə Türkiyə Superliqasının nəhəngləri “Fənərbağça” və “Qalatasaray” Səudiyyə Ərəbistanının paytaxtı Riyadda qarşı-qarşıya gələcək.
Yeniavaz.com xəbər verir ki, Səudiyyə Ərəbistanı rəsmilərinin qoyduğu bəzi qadağalar Türkiyə ictimaiyyətində və siyasi çevrədə rezonansa səbəb olub.
Belə ki, sözügedən ölkənin rəsmiləri “Fənərbağça” və “Qalatasaray” futbolçularının görüşdən əvvəl isinmə hərəkətləri üçün stadiona üzərində Türkiyə Cümhuriyyətinin qurucusu, ulu öndəri Mustafa Kamal Atatürkün fotosu olan köynəklərlə çıxmasına icazə verməyib.
Türkiyə KİV-də yayılan məlumatlara əsasən, futbolçuların matç başlayarkən əllərində Atatürkün “Yurdda sülh, cahanda sülh” şüarını daşımasına da qadağa qoyulub.
Həmçinin reper Norm Enderin oyundan öncə təşkil olunacaq konsert proqramında Türkiyənin “100-cü il marşı”nı oxumasına icazə verilmədiyi bildirilir.
Oyundan öncə Türkiyə himninin səsləndirilməyəcəyi də bildirilib, lakin Türkiyə Futbol Federasiyası bəyan edib ki, oyundan əvvəl istiqlal marşı səsləndiriləcək.
Türkiyə ictimaiyyəti və siyasətçilər komandaları oyuna çıxmamağa çağırıblar.
Qeyd edək ki, oyun bu gün Bakı vaxtı ilə saat 21:45-də start götürməlidir.