Prezident Ağdamda açılışda iştirak edib – Fotolar


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər.
Yeniavaz.com
xəbər verir ki, dövlət başçısı “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam” qovşaq yarımstansiyasının açılışında iştirak edib.
“AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev dövlət başçısına stansiyada görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Ağdam rayonunun Xocalı rayonu ilə sərhədində yerləşən Şelli kəndi ərazisində “AzərEnerji” tərəfindən 110/35/10 kV-luq “Ağdam” qovşaq yarımstansiyası inşa edilib. “Ağdam” qovşaq yarımstansiyasına “Ağdam-1” yarımstansiyasından 10 kilometr məsafədə ikidövrəli olmaqla 110 kilovoltluq ötürmə xətti və bu xəttin üstündəki ildırımötürücü trosun içində 24 damarlı fiberoptik kabel xətti çəkilib.

Qeyd olunub ki, bu yarımstansiyanın Ağdamın Xocalı ilə sərhədində tikilməsinin xüsusi əhəmiyyəti var. Yəni, “Ağdam” qovşaq yarımstansiyası rayonun bəzi kəndləri ilə yanaşı, əsasən Xocalı, Əsgəran, Xocavənd, Ağdərə və Xankəndini ölkə enerjisisteminə qoşmaqla bərabər, həmçinin ehtiyat qida mənbəyi kimi regionun enerji təchizatında etibarlılığı təmin edir:
““Ağdam” qovşaq yarımstansiyasında 110 kV-luq açıq paylayıcı qurğu yaradılıb və açarların, ayırıcıların və digər texniki avadanlıqların açılıb-qoşulması, o cümlədən aktivlərin, proseslərin, resursların idarə edilməsi, qüsurların təcili aradan qaldırılması və başqa əməliyyatların proqram təminatı vasitəsilə avtomatik həyata keçirilməsi təmin edilib. Yarımstansiyanın yeni tikilən İdarəetmə Mərkəzində isə 35 və 10 kV-luq rəqəmsal qapalı paylayıcı qurğular yerləşdirilib. Bununla yanaşı, Mərkəz əks-qəza avtomatikası, mikroprosessor tipli rele mühafizəsi, avtomatika və idarəetmə panelləri, sabit və dəyişən cərəyan qurğuları ilə təmin edilib. Yarımstansiyada müasir tələblərə cavab verən mikro SCADA sistemi yaradılıb və “AzərEnerji”nin mərkəzi SCADA sistemi ilə sinxronlaşdırılıb”.
Dövlət başçısı “Ağdam” qovşaq yarımstansiyasını işə salıb.

 

DİGƏR XƏBƏRLƏR

Top