
Xəbər verdiyimiz kimi, ötən gün – dekbarın 14-də Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun evində axtarış aparılıb və o saxlanılıb. O saxlanılan zaman qızı Nigar Həzi evlərində aparılan axtarışda 5 min avro, 2 min 500 manat və bir qədər dollar “tapıldığını” yazıb. O, sözügedən pulların onlara məxsus olmadığını, evlərinə qoyulduğunu bildirib.
Yeniavaz.com xəbər verir ki, Nigar Həzi bu gün polis bölməsində onlara verilən Tofiq Yaqubluya məxsus pul kisəsinin və içindəkilərin fotosunu paylaşıb.
O bildirib ki, atasının cibində cəmi 22 manat pul olub:
“Dünən evindən avrolar, dollarlar, manatlar “tapılan” Tofiq Yaqublunun pul kisəsindən çıxan 22 manat...
Polis idarəsində polislərin bizə təhvil verdiyi,Tofiq Yaqubluya məxsus pul kisəsinə inandırıcı olması üçün avro, dollar qoymaq ağıllarına gəlməyib”.

Qeyd edək ki, vəkili Aqil Layıc T. Yaqubluya qarşı dələduzluq və saxta sənəd hazırlanması ilə bağlı ittihamların irəli sürüldüyünü bildirib. O cinayət işində başqa təqsirləndirilən şəxsin də olduğunu qeyd edib və istintaq sirri olduğu üçün həmin şəxsin kimliyini açıqlaya bilməyəcəyini deyib.
“Tofiq bəy ittihamların hamısını rədd etdi və saxlanılmasını siyasi fəaliyyəti ilə əlaqələndirdi. İddia edirlər ki, şikayət var, amma biz şikayəti görməmişik”, - A. Layıc Meydan TV-yə bildirib.
Murad Məmmədov