“Qurultayımıza yer ayırmadığı üçün BŞİH-ni məhkəməyə verəcəyik”


“AXCP-yə qurultay keçirməyə imkan vermədilər”.
Yeniavaz.com
xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, sabaha – dekabrın 2-ə planlaşdırılan qurultayda partiyanın yeni proqramının qəbul edilməsi nəzərdə tutulurdu:
“Bu il iyunun 24-də keçirdiyimiz qurultayda  qərar vermişdik ki, proqram üzərində iş başa çatdırılsın və 2023-cü ilin sonuna qədər partiyanın yeni proqramı qurultayın davamında qəbul edilsin. Biz proqram üzərində işi başa çatdırdıq. İnanıram ki, qurultayda qəbul ediləcəyi təqdirdə partiyamızın yeni proqramı ciddi müzakirələrə səbəb olacaq, ölkənin siyasi həyatında əsl hadisə olacaq.
İş elə gətirdi ki, Ədliyyə Nazirliyi də partiyamıza göndərdiyi 9 sentyabr tarixli məktubunda bizə xatırlatdı ki, siyasi partiyalar haqqında yeni qanuna görə partiyanın proqram və nizamnaməsində zəruri dəyişikliklər 90 gün ərzində həyata keçirilməlidir.
Həftələr öncə Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) məktubla müraciət edib qurultayın keçirilməsi üçün müvafiq yer ayrılmasını istəsək də, məktubumuz cavabsız qaldı. Beləliklə, dövlət orqanı olan BŞİH imkan vermədi ki, sonuncu qurultayımızın partiya proqramı ilə bağlı qərarını, eləcə də “Siyasi partiyalar haqqında qanun”un tələbini yerinə yetirək”.
Ə. Kərimli bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı məhkəməyə müraciət edəcəklər:
“Təbii ki, son 10 gündə 7 nəfərin (5 nəfəri jurnalist olmaqla) siyasi sifarişlə həbs edildiyi, hazırkı repressiya mühitində qurultayımıza yer verilməməsi bizi təəccübləndirmədi. Etiraf edirəm ki, əksi təəccübləndirərdi. Ancaq biz yenə də mübarizəmizi hüquq müstəvisində davam etdirəcəyik. Qanunu pozaraq qurultayımıza yer ayırmadığı üçün BŞİH-ni məhkəməyə verəcəyik və qurultaya yer ayrılması üçün BŞİH-yə təkrar müraciət edəcəyik”.

DİGƏR XƏBƏRLƏR

Top