İsrail Yaxın Şərqdə mövcud eskalasiya sona çatdıqdan sonra sərhəd boyunca Qəzza zolağında bufer zonası yaratmaq istəyir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti İsrail və Amerika rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, İsrail anklavı işğal etmək niyyətində deyil, ancaq Fələstin tərəfinə məxsus olan bu zona “neytral əraziyə” çevriləcək və bu zonada fələstinlilərin yaşaması qadağan ediləcək.
Qəzetin yazdığına görə, İsrailin ən yaxın müttəfiqi ABŞ belə bir planla razılaşmaya bilər və Vaşinqtonun buna necə reaksiya verəcəyi hələlik məlum deyil.
“İlk növbədə, narazılığa belə bir planın fələstinlilərin öz ərazilərinə girişini məhdudlaşdırması səbəb ola bilər, baxmayaraq ki, texniki baxımdan anklavın sahəsi azalmayacaq”, - deyə nəşr yazıb.
Nəşr xatırladıb ki, bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken də Vaşinqtonun fələstinlilərə məxsus ərazilərin azaldılmasına qarşı olduğunu bəyan edib.
Qeyd edək ki, daha əvvəl israilli nazir Gideon Saar da İsrailin Qəzzada təhlükəsizlik zonaları yaradacağını və o zonalara yaxınlaşmağın qadağan ediləcəyini bildirib.