Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanda kişilər və qadınlar üzrə pensiya yaşının azaldılması məsələsinin müzakirə edilmədiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, nazirliyin Trend-in sorğusuna əsasən verdiyi açıqlamada buna səbəb kimi gözlənilən orta ömür uzunluğunun növbəti illərdə artacağı ehtimalı göstərilib.
Nazirlikdən bildirilib ki, 2050-ci ildə gözlənilən orta ömür uzunluğu qadınlarda 82,8 yaş, kişilərdə isə 79,8 yaş təşkil edəcəkdir (yəni ödəniş müddəti daha da artacaqdır).
Lakin, maraqlıdır ki, hazırda Azərbaycanda gözlənilən orta ömür uzunluğu pensiyaların hesablanması zamanı istifadə olunan pensiya ödənişi müddətindən azdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşlara pensiya hesablayarkən pensiya ödənişi müddətini 12 il olaraq (144 ay) qəbul edir.
Mövcud qanunvericiliyə görə, pensiya ödənişi müddəti gözlənilən orta ömür müddəti uzunluğu ilə pensiya yaşı arasındakı fərqdir.
Ancaq açıqlanan rəsmi statistikaya görə, 2022-ci ildə Azərbaycanda pensiya ödənişi müddəti 11 il (132 ay), 2021-ci ildə isə 9,6 il (115 ay) olub.
Əgər, nazirlik 2050-ci ildə gözlənilən orta ömür uzunluğunun artacağını əsas gətirərək pensiya yaşının azaldılmasını mümkünsüz hesab edirsə, o zaman pensiyalar hazırkı gözlənilən orta ömür uzunluğu ilə niyə hesablamır?
Məlumat üçün bildirək ki, hazırda pensiyaların hesablanması mövcud qanunvericiliyin tələblərinə uyğun hesablanmır.
Bu barədə daha əvvəl Yeniavaz.com-da ətraflı məlumat verilib. Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi soğu göndərilsə də, bu günə kimi cavab almaq mümkün olmayıb.
Daha ətraflı aşağıdakı linkdən məlumat ala bilərsiniz:
Azərbaycanda pensiyalar düzgün hesablanmır – Daha çox olmalıdır
Elnur Əli