ABŞ dövlət katibi Entoni Blinkenin övladları bazar ertəsi Ağ Evdə keçirilən “Hallowen” şənliyinə Ukraynaya dəstək üçün “Zelenski” və “Ukrayna bayrağı” kostyumlarında gəliblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata görə, ölkənin baş diplomatının oğlu Ukrayna Prezidenti Vladimir Zelenskiyə bənzəmək üçün yaşıl xaki paltarında, qızı isə Ukrayna bayrağının rənglərində sarı şərfli mavi paltarda olub.
Görüntülərdə Blinken, həyat yoldaşı Evan Rayan və uşaqlarının ABŞ Prezidenti Co Baydenə yaxınlaşdığı görünür. Bayden onlarla salamlaşır və şokolad paketləri verir. Blinken və Bayden iş kostyumundadırlar, yaxınlıqda dayanan Amerika liderinin həyat yoldaşı isə pişik kostyumu geyinib və uşaqlara kitablar verir.
Bu kadrları öz “X” sosial şəbəkə hesabında yayan Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko isə ABŞ dövlət katibinin uşaqlarının bayrama “Prezident Zelenski” və “Ukrayna bayrağı” geyimində gəldiklərini qeyd edib və bunun üçün uşaqlara təşəkkürünü bildirib.
Şənliyi işıqlandıran Ağ Evin mətbuat xidməti isə Blinkenin uşaqlarının nə geyindiyi barədə təfərrüat verməyib.