Çinin Xalq Kosmos Uçuş Proqramı İdarəsi göyərtəsində üç taykonavt olan (Çində kosmonavt taykonavt adlandırılır) “Şençjou-17” idarə olunan kosmik gəmini milli orbital stansiyaya göndərib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat verib.
Kosmosa buraxılış Bakı vaxtı ilə saat 07:14-ə ölkənin şimalındakı Ciuquan peyk buraxılış mərkəzində baş tutub. “Şençjou-17”nin orbitə çıxarılması üçün dəyişdirilmiş iki mərhələli CZ-2F/G daşıyıcı aparatından istifadə edilib. Uçuş idarəsi buraxılışın uğurlu olduğunu gəminin müəyyən edilmiş orbitə çıxdığını bildirib.
Qeyd edək ki, taykonavtlar stansiyada altı ay qalmağı və 2024-cü ilin aprelində Yerə qayıtmağı planlaşdırır.
Ekipaj komandiri Çin Xalq Azadlıq Ordusunun (PLA) 48 yaşlı baş polkovniki Tanq Honqbodur. Artıq ikinci dəfədir ki, o, kosmosa göndərilir (birincisi 2021-ci ilin iyun-sentyabr aylarında “Şençjou-12” missiyası idi).
Onun həmkarları isə Çin Xalq Azadlıq Ordusu Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantları Tanq Şenqje (33 yaş) və Cianq Sinlindir (35 yaş). Bu, onların kosmosa ilk uçuşdur.
Plana əsasən, “Şençjou-17” kosmik gəmisi orbitə daxil olduqdan 6,5 saat sonra stansiya ilə birləşəcək.
Xatırladaq ki, bu, Çinin insanı kosmosa göndərmək üzrə 12-ci missiyasıdır.