ABŞ Nevada poliqonunda yeni nüvə sınaqları keçirir


Vaşinqton və Moskva arasında nüvə sahəsində ziddiyyətlərin artdığı bir dövrdə ABŞ-ın Nevada ştatındakı nüvə poliqonunda yeni sınaq keçirməsi yeni silahlanma yarışına səbəb ola bilər.
Yeniavaz.com xəbər verir ki, bu fikri “Bloomberg”in köşə yazarı Conatan Tiron Dövlət Dumasının Rusiyanın Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinin (CTBT) ratifikasiyasını geri götürməsi haqqında qanunu qəbul etməsindən dərhal sonra Vaşinqtonun Nevada ştatında apardığı sınağı şərh edərkən bildirib.
“Bloomberg” yazarının sözlərinə görə, ABŞ sınaqları Rusiya Dövlət Dumasının Rusiyanın CTBT-nin ratifikasiyasını geri götürməsi haqqında qanunu qəbul etməsindən cəmi bir neçə saat sonra (18 oktyabrda) həyata keçirib. Tiron vurğulayıb ki, Vaşinqtonun bu cür hərəkətləri yanlış şərh oluna bilər və nüvə gücləri arasında yeni silahlanma yarışına, hətta eskalasiya ehtimalına gətirib çıxara bilər.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin Silahların Yayılmaması və Silahlara Nəzarət Departamentinin direktoru Vladimir Yermakov da Rusiya ABŞ-ın nüvə sınağı keçirmək ideyasından əl çəkmədiyinə inandığını bildirib. “Vaşinqton Nevadadakı sınaq poliqonunu yüksək hazırlıq vəziyyətində saxlamağa davam edir. Biz inanırıq ki, amerikalılar öz nüvə arsenalının modernləşdirilməsi çərçivəsində tam hüquqlu nüvə sınağı keçirmək fikrindən əl çəkmirlər”, - diplomat qeyd edib.
Xatırladaq ki, Amerika administrasiyası ABŞ-da oktyabrın 1-də başlayan 2024-cü maliyyə ilində Nevada ştatındakı sınaq poliqonunda iki subkritik nüvə sınağı keçirmək niyyətindədir. Bundan əlavə, ABŞ bu onilliyin sonuna qədər ildə təxminən üç subkritik nüvə təcrübəsi keçirməyi planlaşdırır.
ABŞ-ın rəsmi məlumatlarına görə, 1992-ci ildən bu yana bu poliqonda ümumilikdə 33 subkritik sınaq həyata keçirilib.
Bundan əlavə, ABŞ hökuməti etiraf edir ki, tam nüvə sınaqlarının keçirilməsi üçün sınaq poliqonunun yüksək hazırlıq vəziyyətində saxlanilması ilə bağlı Prezident Direktivi qüvvədə qalır.

DİGƏR XƏBƏRLƏR

Top