Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə verib.
Zərərçəkənlər Meşəli hadisələrinə Vaqif Xaçaturyanın rəhbərlik etdiyini vurğulayıblar.
Vaqif Xaçaturyan isə onlara cavab olaraq Meşəli hadisələrini törədənlərin Ermənistandan, xaricdən gələnlər olduğunu, Daşnaksütyun Partiyasının üzvləri olduqlarını açıqlayıb.
O bildirib ki, həmin hadisələrdə iştirak etməyib. Prosesdə ifadə verən zərərçəkmişlər isə Vaqif Xaçaturyanı tanıdıqlarını, Meşəlidə cinayət törədənlərədən birinin də o olduğunu bildiriblər.
Vaqif Xaçaturyan deyib ki, Meşəli kəndinə hücum planı bir gün əvvəl Xankəndidə hazırlanıb, həmin dəstənin başçıları Xankəndidən olub, onların adlarını bilməyib: "Bizim kənddən iştirak edənləri tanıyıram. Amma o biriləri tanımıram".
Proses oktyabrın 24-də davam etdiriləcək.
***10:52
Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezinin cinayət işi üzrə oktyabrın 18-də növbəti məhkəmə iclası davam etdirilir.
Yeniavaz.com Azərtac-a istinadən xəbər verir ki, məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verirlər.
***10:30
Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezinin cinayət işi üzrə oktyabrın 18-də növbəti məhkəmə iclası keçirilir.
Yeniavaz.com Azərtac-a istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Vaqif Xaçaturyanın hüquqlarını Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Radmila Abılova müdafiə edir.
Vaqif Xaçaturyan məhkəmə prosesində tərcüməçi ilə təmin olunub.
Xatırladaq ki, oktyabrın 13-də keçirilən ilk məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, ona hüquq və vəzifələri izah edilib.
Oktyabrın 17-də keçirilən məhkəmə prosesində isə Vaqif Xaçaturyana ittiham aktı elan olunub, zərərçəkmişlər və təqsirləndirilən şəxsin özü ifadə verib.
Qeyd edək ki, Vaqif Xaçaturyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilir.
Vaqif Xaçaturyanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 milyon 568 min 60 manat, dövlətə isə 130 min 800 manat məbləğində maddi ziyan vurulub.