“ABŞ İsrail sahillərinə 2000 dəniz piyadası göndərəcək” – CNN


ABŞ İsrail sahillərinə 2000 dəniz piyadasından ibarət çevik qüvvə göndərəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN telekanalı Pentaqondakı mənbəyinə istinadən məlumat yayıb.
“Oktyabrın 16-da ABŞ Müdafiə Nazirliyi dəniz piyadalarından ibarət 2000 əsgərlik çevik qüvvələrini İsrail sahillərinə göndərmək qərarına gəlib”, - məlumatda bildirilib.
Məlumata görə, dəniz piyadaları regiondakı ABŞ qüvvələrinə qoşulacaq və orada ABŞ-ın hərbi mövcudluğunu gücləndirəcək.
“Bu hərəkətlərin məqsədi İsraili dəstəkləmək və digər məsələlərlə yanaşı, İrana xəbərdarlıq etməklə münaqişənin mümkün genişlənməsinin qarşısını almaqdır”, - məlumatda qeyd edilib.
Dəniz piyadalarının harada yerləşəcəyi barədə dəqiq məlumat verilməsə də, onların İsrailin cənub sahilləri yaxınlığında, Qırmızı dəniz bölgəsində yerləşməsi istisna deyil. Bu şəkildə ABŞ əsgərləri ölkənin iki sahil xəttinə də yaxın olacaq.
Qeyd edək ki, bundan əvvəl Amerika mediası ABŞ-nin müdafiə naziri Lloyd Ostinin İsrailə mümkün yerləşdirmə üçün 2000 əsgərin hazırlanması barədə göstəriş verdiyini bildirmişdi.
ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinq isə ABŞ-nin İsrailin gələcək hücumlardan qorunmaq üçün lazım olan hər şeyi almasını təmin etməyə çalışdığını bəyan etmiş: “Biz İsrailin hava hücumundan müdafiə, dəqiq idarə olunan döyüş sursatları, artilleriya və tibbi dəstək daxil olmaqla ehtiyaclarını ödəmək üçün çalışırıq”, - demişdi.
Pentaqon rəsmisi, həmçinin, ABŞ Hərbi Hava Qüvvələrinin bölgəyə F-15 və F-16 qırıcılarından ibarət eskadrilyaların, eləcə də A-10 hücum eskadrilyalarının yerləşdirilməsi barədə məlumat vermişdi.

DİGƏR XƏBƏRLƏR

Top