“Fələstinlilər paytaxtı Qüds olmaqla öz müstəqil ölkəsini əldə edənə qədər ərəb-İsrail münaqişələri davam edəcək”.
Yeniavaz.com “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Fələstin lideri Mahmud Abbasın müşaviri Mahmud əl-Həbbaş deyib.
Siyasətçinin qeyd etdiyi kimi, hazırda Fələstin tərəfinin prioriteti Qəzza zolağına qarşı təcavüzü dayandırmaqdır. O qeyd edib ki, rəhbərlik qan tökülməsini dayandırmağa, eləcə də, işğala son qoyacaq danışıqlara başlamağa çalışır. Bununla da o, İsraillə HƏMAS arasında qarşıdurmanın hazırkı raundunun başa çatacağına işarə edib.
Əl-Həbbaş, İsraillə münaqişənin həlli üçün şərt kimi isə bunları bildirib: “İşğal davam edərsə, biz başqa raund və bəlkə də daha qəddar ola biləcək başqa raundlar gözləməliyik, çünki dediyim kimi, problem işğalın olmasıdır”.
Qeyd edək ki, bundan əvvəl Fələstinin Moskvadakı səfiri Əbdül Hafiz Nofəl də iki dövlət prinsipi əsasında İsraillə sülh prosesinin mümkün olduöunu bildirmişdi.