Xankəndi şəhərinin komendantı Sərdar Səfərov kimdir? – Dosye


Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib. 
Yeniavaz.com
xəbər verir ki, Prezident İlham Əliyevi Xankəndidə şəhərin komendantı, polis general-mayoru Sərdar Səfərov qarşılayıb və ona raport verib.
Məlumat üçün bildirək ki, Xankəndi şəhərinin komendantı Səfərov Sərdar Süleyman oğlu 1973-cü ildə Sumqayıt şəhərində anadan olub.
1994-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1999-cu ildə Türkiyə Respublikasının Jandarma Zabitlər Məktəbini, 2020-ci ildə isə DİN-in Polis Akademiyasını bitirib.
1996-cı ildən 2005-ci ilin avqust ayınadək Daxili qoşunlarda xidmət edib və bu müddət ərzində müxtəlif məsul vəzifələrdə işləyib. O cümlədən, DİN-in Daxili Qoşunların hərbi hissələrində Motorlaşdırılmış Alayının Xüsusi təyinatlı bölüyünün komandiri, Xüsusi Motorlaşdırılmış Alayının Xüsusi təyinatlı taborunun komandirinin müavini-qərargah rəisi vəzifələrində xidmət edib.
2005-ci ildən daxili işlər orqanlarında xidmətə başlayıb o cümlədən, bölük komandirinin müavini, bölük komandiri vəzifələrində, 2019-2022-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini və həmin İdarənin rəisi vəzifələrində xidmət edib.
2022-ci ilin fevral ayından Bakı Şəhər BPİ rəisinin xidmət üzrə müavini vəzifəsinə təyin olunub. Bu ilin yanvar ayında isə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilib.
Azərbaycan dövlətçiliyinin qorunmasında, ictimai təhlükəsizliyin təmin olunmasında öz xidməti vəzifələrini yerinə yetirərək yüksək peşəkarlıq göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 06 may 2005-ci il tarixli sərəncamı ilə “Hərbi xidmətlərə görə”, İctimai təhlükəsizliyin təmin edilməsi və cinayətkarlığa qarşı mübarizədə fəal iştirak etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2013-cü il tarixli sərəncamı ilə "İgidliyə  görə", Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi münasibəti ilə və Azərbaycan Respublikasında ictimai təhlükəsizliyin və asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə, qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2018-ci il tarixli sərəncamı ilə “Vətən uğrunda” medalları ilə təltif edilib.
Ailəlidir, 3 övladı var.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top