Vaqif Xaçaturyanın cinayət işi üzrə ilk iclas keçirilib.
Yeniavaz.com xəbər verir ki, iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Prosesdə zərərçəkmiş şəxs qismində isə Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndəsi, eləcə də zərərçəkən Bəhlul Hümbətovun hüquqi varisi Meşəli kənd sakini Hüseyn Hümbətov iştirak ediblər.
Çıxış edən dövlət ittihamçısı Müqəddəs Sultanov prosesin məhkəmə baxışına verilməsini təklif edib.
Məhkəmə müşavirəyə gedib.
Müşavirədən sonra hakimlər məhkəmənin baxış iclasını oktyabrın 17-nə təyin ediblər.
***10:47
Xaçaturyan Vaqif Çerkezoviç məhkəmə prosesi zamanı ağlayıb.
Yeniavaz.com xəbər verir ki, AZƏRTAC Yasamal Rayon Məhkəməsində keçirilən prosesdə Xaçaturyanın ağlamasını əks etdirən kadrlar yayıb.
***10:27
Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçaturyan Vaqif Çerkezoviçin məhkəməsi başlayıb.
Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilir.
İclasda təqsirləndirilən şəxsin və iş üzrə zərər çəkən 59 nəfərin anket məlumatları dəqiqləşdiriləcək.
Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
Onun üzv olduğu cinayətkar dəstə 1991-ci ilin dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.
Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.