Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə məxsus olduğu deyilən Bank BTB-nin satışa çıxarılması ilə bağlı məlumatlar yayılıb. Yayılan məlumatda bankın artıq satılmaq üzrə olduğu və qiymət məsələsinin Ramiz Mehdiyevlə razılaşdırılacağı bildirilib.
Yeniavaz.com xəbər verir ki, Manset.az məsələ ilə bağlı Ramiz Mehdiyevlə əlaqə saxlayıb.
O, açıqlamasında bankın ailə üzvlərinə məxsus olduğunu təsdiq edib.
“Mənim bankım yoxdur. Oğlumun adınadır, o da idarə edir. Bu da indinin məsələsi deyil”, - deyə R. Mehdiyev bildirib.
“Oğlunuz general Teymur Mehdiyevin adınadır bank?” sualına isə belə cavab verib:
“ Yox, Teymurun adına deyil. Deyəsən, yoldaşının adınadır. Bank satılmayıb, satışda da deyil. Bu məlumatlar yalandır. Belə yalan məlumatlar hardan çıxır bilmirəm”.