İsrail və Fələstinin HƏMAS hərəkatı arasındakı münaqişə ABŞ-ın Fələstini dəstəkləyən İrana qarşı daha sərt sanksiyalarına səbəb ola, Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşması perspektivlərini təhlükə altına sala və Yaxın Şərqdə münaqişəni genişləndirə bilər.
Yeniavaz.com “Politico”ya istinadla xəbər verir ki, bu nəticələrdən hər hansı biri öz növbəsində yanacağın qiymətində kəskin sıçrayışa səbəb ola bilər.
Nəşrin sitat gətirdiyi “Lipow Oil Associates” enerji konsaltinq şirkətinin rəhbəri Endi Lipounun fikrincə, qiymətlərin artması ehtimalı təkcə münaqişənin hazırda neft tədarükünə təsir etməsi ilə deyil, həm də bu münaqişəyə digər oyunçuların (məsələn, HƏMAS-ı dəstəkləyən İran kimi) cəlb olunması təhlükısi ilə bağlıdır.
Bildirilir ki, bəzi enerji sənayesi analitikləri ABŞ Prezidenti Co Baydenin həqiqətən də İrana qarşı sanksiyaları sərtləşdirəcəyinə inanırlar. Mütəxəssislər hesab edirlər ki, əgər bu baş verərsə, o zaman neftin dünya qiymətləri simvolik göstəricini - 100 dollar/barel həddini keçə bilər.
“The Wall Street Journal” isə yazır ki, münaqişənin inkişafının yeni mərhələsi Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin yaxşılaşması ehtimalını da təhlükə altında qoyur. Belə ki, oktyabrın 8-də İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan HƏMAS-ın İsrail ərazisinə hücumu və Qəzza zolağında vəziyyətin gərginləşməsi ilə əlaqədar ölkə hakimiyyətinin Ər-Riyadla münasibətlərin normallaşdırılmasından imtina etmək niyyətində olmadığını vurğulayıb. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əl Səud isə sentyabrın 21-də “Fox News” telekanalına müsahibəsində deyib ki, krallıq İsraillə münasibətləri normallaşdırmağa hər gün daha da yaxınlaşır:
“Ancaq eyni zamanda Fələstin məsələsi Ər-Riyad üçün əsas olaraq qalır”.
Qeyd edək ki, Yaxın Şərqdə vəziyyətin gərginləşməsi oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə hücumu ilə başlayıb. Təşkilat bu hücumun İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab olduğunu bildirib. Münaqişənin başlamasından qısa bir vaxt sonra İsrail müharibəyə hazır vəziyyətə keçdiyini və Qəzza zolağını tam blokadaya aldığını elan edib.