![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2023/10/10/1/6f00af3c-39b4-4eb4-98e7-2030637815e3/israil-emeliyyatlari.jpg)
2023-cü il oktyabrın 7-də İsrail Müdafiə Qüvvələri Fələstinin HƏMAS hərəkatının nəzarətində olan Qəzza zolağında əməliyyata başladı. “Dəmir qılınclar” adlanan bu əməliyyat hərəkatın kütləvi raket atəşinə və fələstinli yaraqlıların İsrail ərazisinə sızmasına cavab idi.
Fələstin tərəfdən əməliyyatı “Əl-Əqsa tufanı” adlandıran HƏMAS İsrail tərəfini İslamın əsas ziyarətgahlarından birinə - Qüdsdəki Məbəd dağındakı Əl-Əqsa məscidinə dəfələrlə basqınlarda ittiham edir, əməliyyatın başlamasına səbəb kimi bu basqınları göstərirdi.
Qəzza zolağı haqqında
Qəzza zolağı Aralıq dənizinin şərq sahilində 363 kvadratkilometr sahəsi olan bir ərazidir. 1947-ci il BMT-nin Fələstinin ərəb və yəhudi hissələrinə bölünməsi planına uyğun olaraq, onun (İordan çayının qərb sahili ilə birlikdə) Fələstin Ərəb dövlətinin bir hissəsi olması nəzərdə tutulurdu. Amma 1948-ci ildə İsrailin yaranmasından dərhal sonra başlayan müharibə nəticəsində Qəzza zolağı Misir, 1967-ci ildə isə 6 günlük müharibə zamanı İsrail tərəfindən işğal olundu.
1993-1995-ci illərdə israillilər və fələstinlilər bir sıra sazişlər (“Oslo sazişləri” kimi tanınır) bağladılar. Bu sazişə əsasən İordan çayının qərb sahilində və Qəzza zolağında özünüidarəetmə tətbiq olundu və Fələstin Milli Administrasiyası yaradıldı.
2005-ci ildə İsrailin sabiq Baş naziri Ariel Şaronun “birtərəfli ayrılma” planı çərçivəsində Qəzza zolağındakı (və İordan çayının qərb sahilinin bəzi ərazilərindəki) yəhudi yaşayış məntəqələri boşaldıldı və İsrail ordusu geri çəkildi.
Onların getməsindən sonra Qəzzada Fələstinin 1993-1995-ci il “Oslo sazişləri”ni tanımayan və İsrail-Fələstin münaqişəsini həll etmək üçün əsas məqsədlərinin İsraili məhv etmək olduğunu bəyan edən radikal islamçı HƏMAS təşkilatının (1987-ci ildə yaradılmış İslami Müqavimət Hərəkatı; İsrail, ABŞ və digər Qərb ölkələri tərəfindən terrorçu kimi tanınır) hakimiyyəti gücləndi.
“Yay yağışları” əməliyyatı (2006)
İsrailin işğaldan sonra Qəzza zolağında ilk böyük hərbi əməliyyatı - “Yay yağışları” 2006-cı il iyunun 28-dən noyabrın 1-dək həyata keçirildi. Buna 25 iyun hadisələri səbəb oldu, İsrail ordusunun Kibbutz Kerem Şalom (Misirlə sərhəd zona) bölgəsindəki postuna fələstinlilərin hücumu nəticəsində iki əsgər həlak oldu və israilli kapral (kiçik zabit rütbəsidir) Gilad Şalit qaçırıldı. Məqsədi Şalitin azad edilməsi olan hərbi əməliyyatda 3 min İsrail əsgəri iştirak etdi, onlara 9 minə yaxın yaraqlı müqavimət göstərdi. Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, quru qoşunlarının aviasiya və artilleriya dəstəyi ilə iştirak etdiyi döyüşlər zamanı 400 fələstinli həlak oldu. İsrail tərəfi isə 5 əsgərini və 6 mülki vətəndaşını itirdi. Gilad Şalit yalnız 2011-ci ildə 1027 fələstinli məhbusun müqabilində azad edildi.
“Payız buludları” (2006)
1-7 noyabr 2006-cı il tarixlərində İsrail ordusu Qəzza zolağının şimalında “Yay yağışları” əməliyyatının davamı olan “Payız buludları” əməliyyatını keçirdi. Əməliyyatın məqsədi fələstinli radikallara məxsus “Qəssam” raketlərinin İsrail ərazisinə atılmasını dayandırmaq, terrorçuları məhv etmək və ya həbs etmək, yaraqlıların infrastrukturunu sıradan çıxarmaq və silah qaçaqmalçılığı kanallarını bağlamaq idi. Bu əməliyyatda 57 fələstinli İsrailin quru və hava hücumlarının qurbanı oldu. İsrail tərəfi isə bir əsgərini itirdi. Əməliyyat Fələstin qrupları ilə atəşkəs razılaşmasının əldə edilməsi ilə başa çatdı (lakin sonradan İsrail ərazisinin atəşə tutulması ilə yenidən başladı). İsrail öz ordu hissələrini Qəzza zolağından ilkin mövqelərinə qaytardı.
“Qızmar qış” (2008)
2008-ci il fevralın 29-dan martın 3-dək Qəzza zolağında Fələstinin reaktiv yaylım atəşi sistemlərini və raketlərini məhv etmək üçün “Qızmar qış” hərbi əməliyyatı həyata keçirildi. Əməliyyatdan iki gün əvvəl Qəzza zolağından İsrailə 60-dan çox raket atıldı, nəticədə, bir israilli öldü, 5 israilli yaralandı. Aviasiya və zirehli texnikanın dəstəyi ilə keçirilən əməliyyatda 2 minə yaxın İsrail əsgəri iştirak etdi. 122 fələstinli həlak oldu, İsrail ordusu iki əsgərini itirdi, 10-a yaxını isə yaralandı. Əməliyyatdan sonra da İsrailin Fələstin ərazisindən atəşə tutulması davam etdi.
“Tökmə qurğuşun” (2008-2009)
2008-ci il dekabrın 27-dən 2009-cu il yanvarın 18-dək İsrail Qəzza zolağında ən böyük əməliyyatlarından birini - “Tökmə qurğuşun” əməliyyatını həyata keçirdi. 24 dekabr 2008-ci ildə İsraillə qeyri-rəsmi atəşkəs başa çatdıqdan sonra (atəşkəs 19 iyunda bağlandı) fələstinlilər İsrail ərazisinə 80-dən çox raket və minaatan mərmisi atdı. Həmin gün Ehud Olmertin başçılıq etdiyi İsrail Nazirlər Kabineti fələstinli yaraqlıların hədəflərinə hava zərbələri endirmək, ardınca isə quru əməliyyatı keçirmək qərarına gəldi. Hərbi əməliyyatları 10 mindən çox ehtiyatda olan əsgər də daxil olmaqla üç nizami İsrail briqadası həyata keçirdi. İsrail ordusuna 15 min HƏMAS yaraqlısı müqavimət göstərdi. BMT-nin məlumatına görə, Qəzza zolağında üç həftə davam edən döyüşlər zamanı təxminən 1400 fələstinli həlak oldu ki, onların da yarıdan çoxu mülki şəxslər idi. Fələstin Mərkəzi Statistika Bürosunun məlumatına görə, Qəzza zolağında iqtisadi itkilər təxminən 2 milyard dollar təşkil etdi, 4 minə yaxın ev tamamilə dağıldı, 11 minə yaxın binaya ziyan dəydi, 100 minə yaxın fələstinli evsiz qaldı. Rəsmi məlumatlara görə, İsrail tərəfində 10 əsgər və 3 mülki şəxs həlak oldu, 120-yə yaxın insan yaralandı. İsraildə isə raket hücumları nəticəsində 50-yə yaxın evə ziyan dəydi. Əməliyyat İsrail xəzinəsinə 1-1,5 milyard dollara başa gəldi. Əməliyyat zamanı fələstinli yaraqlıların raket hücumlarının tam dayandırılmasına nail olmaq mümkün olmadı, lakin onların intensivliyi xeyli azaldı.
“Bulud sütunu” (2012)
14-21 noyabr 2012-ci il tarixlərində İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağından öz ərazisinə raket hücumlarına cavab olaraq Qəzza zolağında “Bulud sütunu” (və ya “Müdafiə sütunu”) əməliyyatı keçirdi. İsrail Silahlı Qüvvələri 1500-ə yaxın hədəfi (o cümlədən, radikal qrupların komandanlıq və operativ qərargahlarını, yeraltı raket buraxılış məntəqələrirni, hərbi və qaçaqmalçılıq tunellərini, silah anbarlarını) vurdu və ali komandanlıqdan 30-a qədər yaraqlını məhv etdi. Öz növbəsində Qəzza zolağından İsrailə 1500-ə qədər raket və minaatan mərmiləri atıldı. Ancaq atılan mərmilərin əksəriyyət İsrailin “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildi. Bu əməliyyat beş nəfərin ölümünə səbəb oldu. Ölənlərin hamısı mülki şəxslər idi. Fələstin tərəfində isə 166 nəfər həlak oldu, 1200-dən çox insan yaralandı. 200 ev və 42 qeyri-yaşayış sahəsi tamamilə dağıldı. Qəzza zolağına dəyən zərərin ümumi məbləği 1,2 milyard dollardan çox idi. Noyabrın 21-də Misir və ABŞ-ın vasitəçiliyi ilə İsrail və HƏMAS arasında atəşkəs razılaşması əldə olundu.
“Müdafiə xətti” (2014)
Ən qanlı hərbi əməliyyat isə 2014-cü il iyulun 8-dən avqustun 26-dək “Müdafiə xətti” (və ya “Sarsılmaz qaya”) oldu. İsrail əvvəlki əməliyyatlarda olduğu kimi, bu əməliyyatda da məqsədlərinin HƏMAS infrastrukturunu məhv etmək olduğunu elan etdi. İsrail bu əməliyyata böyük piyada, mühəndis qoşunlarını, tank bölmələrini və Hərbi Hava Qüvvələrini cəlb etdi, 82 mindən çox ehtiyatda olan hərbçi xidmətə çağırıldı. Fələstinli yaraqlıların sayı müxtəlif mənbələrə görə 20-40 min nəfər idi. Döyüşlər zamanı Fələstin tərəfində 516-sı uşaq, 283-ü qadın olmaqla 2100-dən çox insan həlak oldu, 11 minə yaxın insan yaralandı. Qəzzada 18 minə yaxın ev dağıdıldı, 100 min insan evsiz qaldı. Qəza zolağının iqtisadi itkiləri 6 milyard dollar qiymətləndirildi. İsrail tərəfində isə 67 əsgər həlak oldu (bu 2006-cı ildə İkinci Livan Müharibəsindən sonra ən böyük hərbi itki idi, bu müharibədə 160-dan çox əsgər öldürülmüşdü), 500-dən çox əsgər yaralandı. Hərbi əməliyyat zamanı radikallar İsrailə 4564 raket atdı, onlardan 3641-i yaşayış olmayan ərazilərə düşdü, 735-i isə zərərsizləşdirildi. Hərbi əməliyyat İsrailə 2,7 milyard dollara başa gəldi.
“Qala mühafizəçisi” (2021)
10-21 may 2021-ci il tarixlərində fələstinli yaraqlıların İsrail ərazisinə raket hücumlarına cavab olaraq, İsrail Müdafiə Qüvvələri Qəzzada antiterror əməliyyatı keçirdi. İsrailin Qəzza zolağına hava hücumları zamanı 243 nəfər (o cümlədən 66 uşaq və 39 qadın) həlak oldu, 1900-dən çox insan yaralandı. 1800 ev tamamilə dağıldı, daha 16800 evə ziyan dəydi. İsrail tərəfi həmçinin HƏMAS-ın yeraltı kommunikasiya şəbəkəsinin mühüm hissəsinin (təxminən 100 km-lik tunel xətti) məhv edilməsi barədə məlumat yaydı. Qəzzaya dəyən maddi ziyan təqribən 350 milyon dollar təşkil etdi. Döyüşlər zamanı fələstinli qruplar İsrail ərazisinə 4300-dən çox raket atdı, onların 90%-dən çoxu “Dəmir Qübbə” tərəfindən zərərsizləşdirildi. İsraildə atışma zamanı 12 nəfər öldü, 300-dən çox insan yaralandı.
"Qalxan və ox" (2023)
2023-cü il mayın 9-dan 13-dək İsrail ordusu Qəzza zolağında “Qalxan və ox” əməliyyatı keçirdi. Bu, Qəzzada yerləşən Fələstinin hərbiləşdirilmiş “İslami Cihad” təşkilatının yaraqlıları tərəfindən İsrail ərazisinin atəşə tutulmasına cavab idi. İsrail ərazisinin atəşə tutulması aclıq aksiyası keçirən İslami Cihad fəalı Xadr Adnanın İsrail həbsxanasında öldürülməsi xəbərindən sonra başladı. Bu barədə xəbəri “The Times of Israel” qəzeti yazdı.
Beş günlük qarşıdurma ərzində Qəzza zolağından olan radikallar İsrailə 1200-dən çox raket atdı, İsrail hərbçiləri anklavdakı 350-yə yaxın hədəfi - komanda mərkəzlərini, raket-minomyot sistemlərini və İslami Cihad qruplaşmasının hərbi postlarını vurdu. Mayın 13-də Misirin vasitəçiliyi ilə Fələstin qrupunun nümayəndələri və İsrail atəşkəs barədə razılığa gəldilər. Mayın 14-də İsrailin baş naziri Benyamin Netanyahu İsrail hərbçilərinin əməliyyat zamanı İslami Cihadın bütün rəhbərliyini məhv ediklərini bildirdi.
Murad Məmmədov