“Bizim sosial mediada İrana olan aşağılayıcı münasibətin reallıqla əlaqəsi yoxdur”.
Yeniavaz.com xəbər verir ki, bunu politoloq Şahin Cəfərli Yaxın Şərqdəki son hadisələri şərh edərkən özünün sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, HƏMAS-ın İsrailə hücumu və nəticədə başlayan münaqişə son vaxtlar İsrail və Səudiyyə Ərəbistanı arasında inkişaf edən müsbət proseslərin aqibətini qeyri-müəyyənliyə düçar edib:
“Son aylarda ABŞ, İsrail və Səudiyyə Ərəbistanı arasında çox vacib anlaşmalar hazırlanırdı.
Səudiyyə Ərəbistanı tərəfindən İsrail dövlətinin rəsmən tanınması və diplomatik əlaqələrin qurulması, əvəzində Fələstin məsələsində İsrailin bəzi güzəştlərə getməsi; Səudiyyənin dinc məqsədli nüvə proqramına ABŞ-ın dəstəyi və ABŞ-ın bu ölkəyə təhlükəsizlik təminatı verməsi, əvəzində krallığın Çinlə iqtisadi və hərbi əlaqələrdə dərinə getməyərək məsafə saxlaması, neft qiymətlərində Vaşinqtonla qarşılıqlı anlaşma şəraitində siyasət yeritməsi və sair detallar müzakirə olunurdu.
Tərəflər bütün məsələləri razılaşdırmasalar belə, ciddi irəliləyişlər var idi. Məsələn, son aylar İsrailin 3 naziri müxtəlif beynəlxalq-regional toplantılarda iştirak adı altında Səudiyyə Ərəbistanına səfər etmişdi. Prosesin müsbət sonluqla bitməsi “İbrahim anlaşmaları”nın təntənəli yekunu olacaqdı.
Lakin son hadisələr bu prosesi pozmasa belə, ən azı onun aqibətini qeyri-müəyyənliyə düçar etdi. Səudiyyə Ərəbistanı hər nə qədər tamamilə öz maraqlarını güdən praqmatik siyasət aparsa da, ərəb dünyasının lider dövləti olaraq İsrailin fələstinlilərə qarşı hərbi və iqtisadi xarakterli sərt tədbirlərini görməzdən gələ bilməz.
HAMAS-ın törətdiyi ağır cinayətlər, İsrailin buna verdiyi və verəcəyi cavablar bölgədəki nisbi sülh atmosferini pozdu. Planlaşdırılan razılaşmaların gündəmdən çıxmasa belə, təxirə düşdüyünü söyləyə bilərik”.
Ş. Cəfərli qeyd edib ki, bu proseslərdə qazanan tərəf hələ ki İrandır:
“Baş verənlər Çin və Rusiyanın da maraqlarına uyğundur. Bizim sosial mediada İrana olan aşağılayıcı münasibətin reallıqla əlaqəsi yoxdur. İran kifayət qədər ciddi dövlətdir və destruktiv (oyun pozucu) potensialı yüksəkdir”.
Qeyd edək ki, oktyabrın 7-si səhər saatlarından etibarən İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. HƏMAS İsrailə 5000 raket atdığını bildirib. İsraildə müharibə vəziyyəti elan edilib və ölkənin müdafiə naziri Yoav Qalant orduya ehtiyatda olan hərbçilərin çağırışını təsdiqləyib, həmçinin Qəzzadan 80 km radiusda “arxada xüsusi vəziyyətin” tətbiqinə göstəriş verib.
Hazırda İsrail ordusu Qəzzada “Dəmir Qılınclar” əməliyyatı keçirir.