Hindistan Seysmoloji Mərkəzinin məlumatına görə, Nepalda 6,2 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, yeraltı təkanlar Nyu-Dehlidə də hiss olunub.
Zəlzələ yerli vaxtla saat 14:54 (Bakı vaxtı ilə 13:24) radələrində baş verib və nəzərəçarpacaq təkanlarla müşayiət olunub.
İlkin olaraq Hindistan mediası yerli vaxtla saat 14:24-də qeydə alınan 4,6 bal gücündə zəlzələ barədə məlumat verib, Dehlidə isə heç bir təkan hiss olunmayıb. Hindistan Seysmoloji Mərkəzinin yenilənmiş məlumatlarına görə, Nepalda təxminən yarım saat fasilə ilə iki zəlzələ baş verib.
Hindistanlı seysmoloqlar saat 14:51-də baş verən ikinci zəlzələnin maqnitudasının 6,2 olduğunu bildiriblər. Zəlzələnin episentri Nepalın qərbində, Seti bölgəsində, hiposentri isə təxminən 5 km dərinlikdə yerləşib.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə isə, zəlzələnin gücü 5,7 bal təşkil edib. Oxşar məlumatları ABŞ Geoloji Xidməti də təqdim edib.
Dağıntılar və ya tələfatlar barədə hələ ki, bir məlumat yoxdur.