Türkiyə Baş Prokurorluğu Daxili İşlər Nazirliyinin binası yaxınlığında törədilən terror aktı ilə bağlı araşdırmalara başlayıb.
Yeniavaz.com TRT Haber-ə istinadla xəbər verir ki, Türkiyənin ədliyyə naziri Yılmaz Tunç öz sosial media hesabından açıqlama verib. Daxili İşlər Nazirliyinin Mühafizə Baş İdarəsi qarşısında törədilən terror aktını pislədiyini bildirən Tunç açıqlamasında bunları deyib:
"Xəyanətkar hücumla bağlı Ankara Respublika Baş Prokurorluğumuz tərəfindən dərhal məhkəmə istintaqı başladılıb. İstintaq hadisə ilə bağlı təyin olunmuş Respublika Baş Prokurorunun müavininin koordinasiyası ilə bütün istiqamətləri üzrə geniş şəkildə aparılacaq.
Bu hücumlar Türkiyənin terrorla mübarizəsinə heç bir şəkildə mane olmayacaq. Terrorla mübarizəmiz daha da qətiyyətlə davam edəcək. Buna heç kim şübhə etməməlidir”.
***11.45
Bu gün səhər saatlarında Daxili İşlər Nazirliyinin binası yaxınlığında partlayış, ardınca isə atəş səsləri eşidilib.
Yeniavaz.com TRT Haber-ə istinadla xəbər verir ki, hadisə yerinə çoxlu sayda polis qüvvələri cəlb edilib. Türkiyə Böyük Millət Məclisinin Çankaya darvazasına yaxın bir nöqtədə eşidilən partlayış səsi ilə bağlı Atatürk Bulvarına gedən yol bağlanıb.
Hadisə yerinə xüsusi əməliyyat polisi gəlib. Yanğınsöndürmə və tibb briqadaları da hadisə yerindədir.
Daxili işlər naziri Ali Yerlikaya da hadisə ilə bağlı açıqlama verib.
Nazir saat 10.30 radələrində Daxili İşlər Nazirliyinin Mühafizə Baş İdarəsinin giriş qapısının qarşısına yüngül ticari avtomobillə gələn iki terrorçunun bombalı hücuma cəhd etdiyini bildirib.
Terrorçulardan biri özünü partladıb, digər terrorçu isə zərərsizləşdirilib.
Açılan atəş nəticəsində 2 polis yüngül xəsarət alıb.