İntizam Komitəsi “Qəbələ”nin baş məşqçisini cəzalandırdı


AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Yeniavaz.com qurumun rəsmi saytına istinadla xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının V turunda qeydə alınan qayda pozuntuları müzakirə olunub və onlara hüquqi qiymət verilib.
“Sabah” – “Turan Tovuz” matçında Bakı təmsilçisinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 700 manat cərimə edilib.
Analoji cərimə “Zirə” ilə matçda 6 futbolçusu sarı vərəqə alan “Qəbələ” klubuna tətbiq olunub. Bundan başqa, həmin görüşdə “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu isə 800 manat cərimələnib.
Həmçinin, 4 futbolçusu sarı vərəqə ilə cəzalandırılan “Zirə” klubu 700 manat məbləğində cərimə edilib.
“Kəpəz” – “Araz-Naxçıvan” qarşılaşmasında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə gördüyü üçün Gəncə təmsilçisi 700 manat cərimə olunub.
“Səbail” – “Qarabağ” oyununda isə hakimin final fitindən sonra meydançaya kənar şəxslər daxil olduğu üçün “Səbail” klubu 800 manat cərimə ödəməli olacaqlar.

DİGƏR XƏBƏRLƏR

Top