“Bilərək və bilməyərək karikaturaçı Gündüzü Azərbaycan siyasi müxalifəti ilə eyniləşdirmə çabaları müşahidə olunur”.
Yeniavaz.com xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli bildirib.
“Mən bilən, Gündüz müxalifət partiyalarından heç birinin rəhbərliyində təmsil olunmur və onların adından danışmaq səlahiyyətinə sahib deyil. Bəlkə nə vaxtsa hansısa müxalif partiyanın üzvü olub, onu bilmirəm.
Biz Azərbaycan müxalifətinin qüsurları, çatışmazlıqları haqqında uzun-uzadı danışa bilərik, xüsusən yaxın keçmişdə müxalifətin “mətbəx”inə müəyyən qədər yaxın olmuş, bir çox hadisələri şəxsən müşahidə etmiş biri olaraq mən bu barədə çox danışa və ya yaza bilərəm. Amma hazırkı müxalifət partiyalarını qeyri-milli mövqe tutmaqda ittiham etmək, ölkə xaricində məskunlaşmış müxalif mövqeli bir fərdin mövqeyini bütün müxalifətə şamil etmək, yanlış və əsassızdır. Bu, ya məlumatsızlıqdan və cahillikdən irəli gəlir, ya da məqsədli şəkildə edilir ki, ölkədə müxalifətçiliyi vətən xainliyi və satqınçılıqla bərabərləşdirib, tamamilə gözdən salaraq birdəfəlik dəfn etsinlər”.
Ş.Cəfərli qeyd edib ki, onsuz da Azərbaycanda müxalifətçilik (gerçək mənada) riskli və qeyri-populyar məşğuliyyətə çevrilib:
“Gerçək müxalifətçilik fəaliyyəti ən yaxşı halda bu cəmiyyətdə karyera quruculuğundan uzaq qalma, yoxsulluq və mənəvi-psixoloji iztirablar vəd edir. Müxalifətin hazırkı böhran vəziyyətinə düşməsinin başlıca səbəbi də (subyektiv səbəblərlə yanaşı) bu ağır obyektiv reallıqdır və məhz həmin reallıq imkan verməyib (indi də imkan vermir) ki, gənc nəsillər, ölkənin gedişatından narazı olan sağlam qüvvələr həvəslə, çəkinmədən siyasətə qoşulub, tədricən müxalifətin başına keçsinlər.
Nə isə... Mövzunun məğzinə qayıdaraq xatırlatmaq istərdim ki, tam əksinə, hazırkı müxalifət liderləri və sözçüləri bəzən Qarabağ və ümumən erməni məsələsində İlham Əliyevdən daha radikal mövqe ortaya qoymağa çalışırlar. Prezidentin ünvanına belə qınaqları da yəqin tez-tez görür və eşidirsiniz ki, 10 noyabr bəyanatı imzalanmamalı və ordumuz Xankəndinə girməliydi. Mən bəzi müxalifətçi dost-tanışlarla söhbətdə onlara irad da tutmuşam ki, bu mövqeyiniz doğru deyil, hətta kənardan gülüşlə də qarşılanır, sanki Xankəndini nəzarətə götürmək mümkün imiş, İlham Əliyev isə bunu etməyib. Həm də, fikrimcə, erməni məsələsində indiki rəsmi siyasətdən daha sərt mövqe ortaya qoymaq həm ölkə maraqlarına uyğun deyil, həm də müxalifətin öz siyasi maraqlarına.
Üzərində düşünülməli önəmli suallardan biri də budur ki, ümumiyyətlə, Gündüz Ağayevin sözləri, karikaturaları niyə ölkədə günlərlə 1 saylı mövzu olmalıdır? Mən burada Gündüzü aşağılamaq niyyətindən uzağam, demək istədiyim odur ki, milyonlarla azərbaycanlıdan sadəcə biri olan şəxsin mövqeyinə bu dərəcədə önəm verilməsi, bunun günlərlə davam etməsi, sizcə, normaldırmı? Məncə, normal deyil və bu kampaniyanın səbəbini, nədən qaynaqlandığını yuxarıda qeyd etdim”.
Qeyd edək ki, bu günlərdə karikaturaçı Gündüz Ağayev müshaibəsində səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.