
“Müsəlman Birliyi Hərəkatının (MBH) İdarə Heyətinin üzvü Ağaəli Yahyayev Cinayət Məcəlləsinin 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham edilib, barəsində həbs seçilib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə vəkil Zibeydə Sadıqova social şəbəkə məlumat paylaşıb.
Vəkil qeyd edib ki, o, dünəndən bu günə kimi Abşeron Rayon Polis İdarəsinə ən azı 5 dəfə zəng edib və Ağaəli Yahyayevi axtarıb:
“Hər dəfə mənə deyiblər ki, bu adam bizdə saxlanılmır. Heç demə dünəndən, Abşeron rayon Polis İdarəsində saxlanılıb. Ombudsman Aparatına və 102 Xidmətinə zəng edəndə isə deyirlər ki, araşdırılır”.
***19:52
Müsəlman Birliyi Hərəkatının (MBH) İdarə Heyətinin üzvü Ağaəli Yahyayevin yerinin bilinmədiyi deyilir.
Yeniavaz.com Azadlıq Radiosuna istinadən xəbər verir ki, A.Yahyayevin həyat yoldaşı Şahanə Yahyayeva bildirilib ki, avqustun 31-i axşamdan ondan xəbər tuta bilmirlər:
“Yoldaşım dünən saat 19:30-da evdən ev paltarı ilə maşınla anasını bağdan götürməyə çıxdı və dedi ki, başqa heç bir yerə getməyəcək. Uşaqları da götürmədi ki, bacısının uşaqlarını da gətirəcək deyə, maşında darısqallıq olacaq. Bağa qədər maksimum bir saatlıq yol var. Bir saat keçəndən sonra telefonla onu yığdım. Telefonu, interneti açıq olsa da, cavab vermədi. Anasına zəng vurdum, bağa gəlmədiyini dedi”.
A.Yahyayevin yoldaşı qeyd edib ki, onun polisə etdiyi zənglər də nəticə verməyib. Ş.Yahyayevanın fikrincə, yoldaşı saxlanıb:
“Bundan əvvəl biz Bakı Ağır Cinayətlər Məhkəməsinə inanclı şəxslərin prosesinə gedəndə bizi maşınla izləyirdilər. Ağaəli bəy siyasi məhbus həyatını yaşayıb, uzun müddət həbsdə qalıb deyə, ailə ilə çoxlu vaxt keçirməyə çalışır. Dünən yeganə haldır ki, bizsiz evdən çıxdı və dərhal onu apardılar. Deməli, onu əvvəlcədən izləyirdilər”.
Bu deyilənlərə Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.
A.Yahyayev bundan əvvəl 2015-ci ildə həbs edilərək "Nardaran-2" işi üzrə mühakimə olunub. Bakı Ağır Cinayətlərin Məhkəməsinin qərarı ilə ona 15 il həbs cəzası verilib. A.Yahyayev 2021-ci ildə prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb.
MBH-nin A.Yahyayev ilə təxminən eyni vaxt və eyni ittihamlarla mühakimə edilən bəzi rəhbər şəxsləri isə hazırda da həbsdədirlər. Onlar 2015-ci ildə ikisi polis olmaqla altı nəfərin öldüyü Nardaran və onun ətrafında baş verən hadisələr ilə bağlı həbs ediliblər. Həmin şəxslərə terrorçuluq, qanunsuz silah saxlama və başqa ittihamlar irəli sürülüb. Lakin onlar ittihamları qəbul etmir, hökumətin siyasətini tənqid etdiklərinə görə cəzalandırıldıqlarını bildirirlər. Üstəlik, polislərin ölümündə də əllərinin olmadığını deyirlər.
Təşkilatın bir çox üzvləri də narkotik ittihamı ilə həbs olunub. Onlar da bu ittihamı qəbul etmir, sifarişlə həbs olunduqlarını bildirirlər. Rəsmilər isə Azərbaycanda heç kimin siyasi və ya dini baxışlarına görə təqib olunmadığını vurğulayırlar.