Dünyanı velosipedlə gəzən 74 yaşlı mingəçevirli... – Fotolar


Abid İsmayılov 10 ildən çoxdur velosipedi ilə dünyanı gəzib dolaşır.
Yeniavaz.com
xəbər verir ki, 94 günlük velosəyahətdən sonra öz doğma şəhərinə dönən səyahətçini yenə həmişəki kimi dostları böyük sevinclə Mingəçevir şəhərinin girəcəyində qarşılayıblar.

Mingəçevirdə yaşayan, hazırda 74 yaşı olan səyyah Abid İsmayılov təqaüdə çıxdıqdan sonra uşaqlıq arzularını gerçəkləşdirib.
İlk olaraq 62 yaşında velosipedlə ölkəmizin gəzməli-görməli yerlərini, şimal-qərb bölgəsini dolaşıb. Daha sonra Türkiyəyə yola düşərək velosipedlə ilk xarici səfərini reallaşdırıb.
Bizimlə söhbətindən aydın oldu ki, 94 gün ərzində o heç də yorulmayıb və daha da gümrahlaşıb, cavanlaşıb öz elinə, obasına dönüb. Səyahətçi qonşu ölkələrin hamısını – Rusiya, İran, Gürcüstan və Türkiyəni gəzdiyini deyir:
“Hər dəfə səfərdən qayıdanda dostlarım deyirdilər ki, gümrahlaşmısan, cavanlaşmısan. Həqiqətən də bir neçə xəstəliyim vardı, o xəstəliklərə qalib gəldim. Beləcə, 10 ildən artıqdır səyahətim davam edir. Avropaya getmək istəyirdim, pandemiya imkan vermədi. Gəzdiyim ölkələrdə, əsasən, gündüz vaxtı, gün ərzində 80-100 kilometr yol sürürəm”.

Məlumat üçün qeyd edək ki, Abid İsmayılov ixtisasca müəllimdir. 30 il pedoqoji sahədə çalışıb. Təqaüdə çıxdıqdan sonra ömrünün qalan hissəsini belə demək mümkünsə, idman həyatına sərf edib. İlk dəfə 64 yaşında velosipedlə, öz təbiri ilə desək, “dəmir atı” ilə ölkədaxili səyahətə çıxıb.


Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top