“Bu gün (26 avqust – red.) Qubad müəllimlə (Qubad İbadoğlu – red.) Kürdəxanı Təcridxanasında görüşdüm. “Görüşdüm” demək doğru olmaz, çünki aramızda şüşə baryer vardı və biz yalnız telefonla ünsiyyət qura bilirdik”.
Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədri Qubad İbadoğlunun qardaşı Qalib Toğrul sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, Q. İbadoğlunun səhhətində problemlər var:
“Görüşümüz 30 dəqiqə çəkdi və bu müddətdə Qubad müəllimin arxasından tez-tez sağa-sola keçən bir hərbçi diqqətimizi cəlb edirdi. 27-ci dəqiqədə həmin hərbçi Qubad müəllimdən danışığı yekunlaşdırmağı tələb etdi. Qubad müəllimin sərt reaksiyasından (“Mənim 4 saatadək görüş hüququm var”) sonra uzaqlaşsa da, 3 dəqiqə sonra yenə peyda oldu. Bu dəfə ürkək halda görüşü (daha doğrusu, telefon əlaqəsini) yekunlaşdırmağı xahiş etdi.
Qubad müəllimin gözlərinin altı tuluqlanıb, şişkinlik hələ də çəkilməyib.
Çox güman ki, bu böyrəklərindəki problemlərdən, havasızlıq və hərəkətsizlikdən qaynaqlanır.
Qalxanabənzər vəzdəki (zob) dəyişikliklər artıq gözlə müşahidə edilə bilən səviyyəyə çatıb. Düyünlər öz işini görür, qardaşımda sinir sisteminin pozulması əlamətləri müşahidə olunur.
Qan təzyiqi, şəkər və ürək döyüntüsü hələ də normallaşmayıb”.
Q. Toğrul bildirib ki, ADR sədrinin qaldığı kamerada gecələr işıqlar söndürülmür:
“Bu vəziyyət onsuz da əsəbləri pozulan qardaşımın normal yatmasına imkan vermir. Bu da gün ərzində xroniki yorğunluğa və başağrılarına səbəb olur. Bir daha əmin oldum ki, gecələr işıqların yanılı saxlanılması qardaşıma qarşı fiziki işgəncə vasitəsidir”.
Xatırladaq ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu iyulun 23-də həbs olunub. Onun barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.
Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.
Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandırıb.