Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin qurucusu Yevgeni Priqojinin Rusiya hökumətinə qarşı üsyanından sonra ilk dəfə görüntüləri yayılıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, "Telegram" kanalında yayılan “Vaqnerin təxliyəsi“ adlı görüntülərdə Priqojin Rusiyanın bütün qitələrdə, o cümlədən Afrikada “nüfuzunu daha da artırdıqlarını“ bildirib.
Görüntülərdə 50 dərəcədən yuxarı istidə yaşadıqlarını bildirən Priqojin, “Ədalət və səadət! Biz İŞİD, Əl-Qaidə və digər quldurların həyatını Afrika xalqı naminə kabusa çeviririk”, - ifadəsini işlədib.
Qeyd edək ki, Priqojin öz döyüşçü yoldaşları ilə iyun ayında Rusiya hökumətinə qarşı silahlı üsyana başlamışdı. Üsyan Belarus prezidenti Aleksandr Lukaşenkonun müdaxiləsi ilə başa çatmışdı.
İyulun 27-də Sankt-Peterburqda keçirilən Rusiya-Afrika Sammitində Afrika rəsmiləri ilə görüşən Priqojin iyulun 29-da “Afrique Media“ telekanalına açıqlamasında Afrika ölkələrində “Vaqner” döyüşçülərinin sayını artırmağa hazır olduqlarını bildirmişdi.