Güllələndiyi yerdə heykəli qoyulan mütəfəkkir – Blas İnfante


Zülmün tarixinin yazıldığı məkanlar - Kilsə arxivləri

İspaniyada kilsə divarlarına həkk olunan barelyeflərdə, ölkənin bir sıra məşhur rəssamlarının əsərlərində anladılan bir tarix var idi. "II Boabdilin sonuncu dəfə Qranadaya baxışı", "Qranadanın açarlarının təslim edilməsi", "Moriskoların məcburi vaftiz edilmələri", "Morisko sürgünləri" və s. kimi hansısa tarixi anı əks etdirən onlarla rəsm əsəri var. İspanlar (Xristian krallıqlar) demək olar ki, bütün tarixi dönüş nöqtələri, tarixdə yadda qalan hadisələrlə bağlı bir tablo, bir rəsm əsəri ortaya qoya biliblər. Bəli, bu bir tarix idi. Göstərilən və təqdim olunan tarix. Bir də görmək istəyənlər üçün o rəsmlərdə moriskoların ürkək halları, qorxudularaq zorla din dəyişdirməyə məcbur edilmələri, zorla sürgünə göndərilmələri, ümumiyyətlə, bir mədəniyyət soyqırımı rəsm edilmişdir. Burada baş verənlər ispanların müsəlmanlara qarşı milliyətçilikdən doğan bir kin və qəzəbi deyil, əsasən, başqa bir mədəniyyətə qarşı olan kin və qəzəbi idi.


"Qılınc müsəlmanı", yoxsa "qılınc xristianı"?
Haşiyə çıxaraq onu da qeyd edim ki, bəzən "qılınc müsəlmanı" ifadəsinə rast gəlirik. Amma nədənsə, bunun, yəni qılınc zoru ilə kimi və ya kimlərisə müsəlman etməyin nə tarixi, nə də xüsusən dini dəlilini tapıb ortaya çıxara bilirik. Blas İnfanteni isə başda özü və ailəsi olmaqla, zorla katolikləşdirilən milyonlarla moriskonun (müsəlmanın) taleyi maraqlandırırdı. Təsadüfi deyildi ki, Blas İnfante özü də morisko mənşəli katolik bir ailənin övladı kimi dünyaya gəlib. Bəlkə də, "Morisko mənşəli katolik bir ailə" ifadəsini düz bir şəkildə oxuyub keçə bilərik. Ancaq bu ifadədə bizdən çox uzaqlarda, Preney yarımadasında əsrlər boyu davam etmiş bir mədəniyyət soyqırımının, böyük bir ağrı və travmanın izləri var.


Güllələndiyi yerdə adına ucaldılan abidə
Düzdür, Blas İnfantenin nəşi İspaniyada vətəndaş müharibəsi zamanı öldürülən digər minlərlə insanla birgə kütləvi məzarlıqda dəfn olunmuşdur. Güllələnməzdən əvvəl onun son sözləri "Yaşasın, azad Əndəlüs" olmuşdur. Onun cəsədi San Fernando bələdiyyə qəbiristanlığında səkkiz kütləvi məzarlıqdan birindədir. Bilmirəm, onun qəbrinin kütləvi məzarlıqdan tapılaraq ayrıca qəbirdə dəfn olunması İspan rəsmilərinin planında var, ya yox, amma bu gün onun 1936-cı ildə 51 yaşında güllələndiyi məkanda xatirəsinin, ideya və arzularının yad edilməsi üçün ölümündən 44 il sonra, 1980-cı ildə abidə kompleksi tikilmişdir. Əslində, burada çox maraqlı bir nüans var. Blas İnfante nümunəsindən də gördüyümüz kimi qəhrəmanlar öldükləri (və yaxud öldürüldükləri), adlarının yaddaşlardan silindikləri, həyatda heç yaşamamış kimi rəftar gördükləri yerlərdə çox keçmədən yenidən doğurlar. Buna biz qədərin bir cilvəsi də deyə bilərik.

Əndəlüs Muxtar Vilayətinin paytaxtı Sevilya şəhərində Blas İnfantenin güllələndiyi yerdə ucaldılan heykəl və abidə kompleksi.
1936-cı ildə güllələnərək, susdurulan Blas İnfante İspaniyada demokratiyaya qayıdışla birgə yenidən xatırlanmağa başlanır. 1978-ci ildə Sevilyada keçirilən mitinqdə "Əndəlüsün qurucu lideri" (Padre de la Patria) olaraq qəbul edilir. 1979-cu ildən etibarən isə əsərləri yenidən nəşr olunmağa başlayır. Beləcə, Frankonun diktatorluğu illərində məcburi olaraq unudulan Əndəlüs milliyətçiliyi Blas İnfantenin əsərləri ilə yenidən üzə çıxarılır. Əndəlüs Muxtar Vilayətində hər il 11 avqustda Blas İnfanteni anım günü keçirilir. 2010-cu il isə anadan olmasının 125 illiyi münasibəti ilə Əndəlüs Parlamenti tərəfindən "Blas İnfante ili" olaraq elan edildi.

Frankonun aqibəti və ona olan münasibət
Gəlin, burada qədərin başqa bir cilvəsinə, Avropanın sonuncu diktaroru kimi tanınan, minlərlə insanla yanaşı, Blas İnfantenin də güllələnməsində birbaşa əli olan diktator Frankonun aqibətinə, ölkədə ölümündən sonra ona olan münasibətə az da olsa, nəzər yetirək. Franko 20 min məhkunun əməyindən istifadə edərək inşa etdirdiyi böyük bir abidə kompleksində həm tərəfdaşlarının, həm də öldürdüyü digər insanların olduğu bir məzarlıqda təmtəraqlı bir abidə kompleksində dəfn edilmişdi. Ancaq ölümündən sonra əli minlərlə məsumun qanına bulaşmış diktatorun nəşinin o təmtəraqlı abidə kompleksində olması etirazlara səbəb olmuş, nəhayət, Frankonun nəşi oradan çıxarılaraq, başqa bir yerdə, ailə məzarlığında dəfn edilmişdir.

Yuxarıdakı şəkildə Frankonun nəşinin böyük abidə kompleksindən ailə məzarlığına köçürülmə anları göstərilmişdir.

"Əndəlüs Millətinin Atası"
Bu yaşananlar, əslində, yaxın İspaniya tarixində qismən də olsa, Blas İnfante naminə ədalətin bərpa edilməsi, vicdanlara qismən də olsa, su çilənmisı mənasına gəlirdi. İspaniyada Əndəlüs Muxtar Vilayətinin parlamenti 1983-cü ildən etibarən Blas İnfanteni simvolık olaraq "Əndəlüs Millətinin Atası" adlandırdı. Bu gün Blas İnfantenin adı Əndəlüsdə parklara, küçələrə və məktəblərə verilir və onun ideyalarını və irsini yaşatmaq üçün müxtəlif anım tədbirləri keçirilir.


Əndəlüs Muxtar Vilayəti
İnfanteyə görə, "Əndəlüs" təkcə günümüzdə İspaniyanın cənubundakı bölgənin, o cümlədən tarixi Əndəlüsün adı deyil, həm də səkkiz əsrlik tarixə malik müsəlman sivilizasiyasının və təbii olaraq, bu bölgəyə aid ortaq mədəniyyətin adıdır. Necə ki, hazırda İslam dünyasında Əndəlüs dedikdə bütün İspaniya, müsəlmanların hakim olduğu bütün bölgə nəzərdə tutulur. Bu tarixən də belədir. Ancaq günümüzdə Əndəlüs deyiləndə inzibati ərazisinə Qranada, Kordova, Malaqa, Sevilya və digər səkkiz əyalətin daxil olduğu İspaniyanın cənubundakı Əndəlüs Muxtar Vilayəti nəzərdə tutulur. Paytaxtı və əsas şəhəri Sevilya olan Əndəlüs Muxtar Vilayətinin öz parlamenti, gerbi, himni və bayrağı var.

Blas İnfante Əndəlüsün İspaniyanın tərkibində muxtar bölgə olmasının və bu bölgənin öz kimliyini qoruyub saxlamasının vacib olduğunu qeyd edirdi. İnfante tarix boyu Əndəlüs xalqının ana dilinin ərəb dili olması arqumentinə əsaslanaraq, rəsmi dilin ərəb dili olmasını təklif edirdi. Bu zaman o hələ müsəlman yox, katolik dininə mənsub sosialist inqilabçı idi. Bu zaman o, ehtimal ki, özünün də morisko mənşəli olduğundan xəbərdar idi.

İslam ispanların tarixi kimliyidir
İspaniyada müsəlman olmuş əndəlüslülər özlərini təbii olaraq morisko kimi qəbul edirlər. Yəni, morisko mənşəli olduqlarını şəcərə olaraq sübut etməsələr də, müsəlman kimliyinin buranın əsl sahibləri olduqlarına dair tarixi bir anlayış var. Həmçinin, kilsə arxivlərinə müraciət edərək özlərinin morisko mənşəli olduğunu tapan kifayət qədər insan var. Bu gün İspaniyada, xüsusən Əndəlüs Muxtar Vilayətinə aid olan əyalətlərdə Avropa İttifaqının, İspaniyanın və Əndəlüs Muxtar Vilayətinin bayraqları birgə dalğalanır. Blas İnfantenin müəllifi olduğu Əndəlüs Muxtar Vilayətinin bayrağındakı ağ rəng avropalılığı, yaşıl rəng isə Əndəlüsün İslami keçmişini təmsil edir.

Blas İnfantenin ev muzeyi
Blas İnfante 1931-1933-cü illərdə ailə iqamətgahı kimi bir ev inşa etmiş, buranın memarlığından ən incə dekoruna qədər Əndəlüs İslam memarlığının motivləri əsasında işlənməsinə xüsusi əhəmiyyət vermişdir. Doğulduğu kənddə inşa edilən həmin ev günümüzdə muzeyə çevrilmişdir. Blas İnfantenin hazırkı bu ev-muzeyini ziyarət edən hər kəs bir yandan onun yazdığı əsərləri, onun şəxsi əşyalarını və iş masasını, bır yandan da, 1614-cü ildə moriskoların yaşadığı böyük sürgündən bu günə qədər Əndəlus kimliyinin formalaşmasındakı mərhələləri, məhv edilmiş bir xalqın yenidən özə qayıdış hekayəsini görə bilər.

Yuxarıdakı şəkildə önündə müəllifi olduğu Əndəlüs muxtariyyətinin bayrağı, qapısının üzərində də yenə müəllifi olduğu Əndəlüs muxtariyyətinin gerbinin olduğu Blans İnfantenin ev muzeyi göstərilmişdir.
Bu gün İspaniyada siyasi hərəkata çevrilən "Əndəlüs millətçiliyi" etnik kimlikdən çox coğrafi və mədəni fərqliliyi/orijinallığı önə çəkir. Onu da qeyd edək ki, Blas İnfantenin digər əsərləri ilə yanaşı, xüsusən "Əndəlüs idealı" və "Mötəmid - Sevilyanın son kralı" əsərləri İspan dilindən Azərbaycan dilinə tərcümə edilsə, yəqin ki, bu özünəməxsus kimlik arayışının siyasi və intellektual əsasları daha yaxşı başa düşülər.

Qeyd: Yazının əvvəlini buradan oxuya bilərsiniz.

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top