Cəlilabad rayonunun Hacıismayıllı kəndi ərazisində tarixi qəbiristanlıq aşkar olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib. Məlumata görə, Orta əsrlər dövrünə aid qəbiristanlıq Xidmətinin Salyan Regional İdarəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb.
Ərazidə müxtəlif ölçülərdə və formada olan məzar daşlarının üzərində bir-birindən fərqli simvollar, işarələr mövcuddur. Bəzi məzar daşlarının üzərində ərəb qrafikalı əlifba ilə yazılan yazılara da rast gəlinir.
Tarixi əhəmiyyəti nəzərə alınaraq ərazinin daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil edilməsi üçün lazımi tədbirlər görüləcək.