Avqustun 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan və Rusiya arasında mövcud əməkdaşlıq gündəliyi, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, habelə regionda cari vəziyyət müzakirə olunub.
C.Bayramov Ermənistanın beynəlxalq hüquq normaları və prinsiplərinə zidd olaraq, Azərbaycana qarşı hərbi-siyasi təxribatlarını intensivləşdirməsinin iki ölkə arasında mövcud normallaşma prosesinə ciddi zərbə vurduğunu diqqətə çatdırıb.
Bölgədə guya “gərgin humanitar vəziyyət”, “blokada”nın mövcudluğu ilə bağlı manipulyasiyalarını davam etdirən Ermənistanın, erməni sakinlərin təlabatlarının ödənməsi üçün Laçın yolu və digər alternativ yollardan istifadə ilə bağlı məsələlərin həll olunması üçün əldə olunmuş razılaşmalara əməl etmək əvəzinə, sülh prosesinə maneəçilik törətdiyi bildirilib.
S.Lavrov Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatla təsbit olunmuş öhdəliklərə sadiqliyin vacibliyini qeyd edib.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qarabağ ətrafında vəziyyətin tez bir zamanda deeskalasiyasına yönəlmiş əvvəlcədən razılaşdırılmış addımların praktiki icrasını müzakirə ediblər.
Yeniavaz.com TASS-a istinad xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bəyanat yayıb.
"Ən aktual beynəlxalq və regional gündəliyə dair fikir mübadiləsi aparılıb. Dağlıq Qarabağ ətrafında vəziyyətin mümkün qədər tez deeskalasiyasına, o cümlədən daha əvvəl prinsipcə razılaşdırılmış addımların praktiki həyata keçirilməsinin zəruriliyi xüsusi vurğulanıb. Bakı ilə İrəvan arasında münasibətlərin davamlı şəkildə normallaşmasına nail olmaq üçün Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlərin bütün kompleksinin həyata keçirilməsinə alternativ yox idi. Nazirlər bu sahədə konkret işin siyasi təbliğat hərəkətləri ilə əvəzlənməsi cəhdlərinin əks-məhsuldarlığı barədə ümumi rəy bildiriblər”, - bəyanatda deyilir.
Qeyd olunub ki, telefon danışığı Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutub.