Bu yazıda Blas İnfante haqqında danışmağa çalışacağıq. O, İspaniyanın cənubundakı Əndəlüs Muxtar Vilayətinin fikir memarı və banisi hesab olunur. Gəlin, əvvəla ümumi mənzərəyə nəzər yetirək. Sonra da əsas mövzuya, Blas İnfanteyə qayıdarıq.
İspaniya dedikdə ağla ilk nə gəlir?
Bu sualın cavabını vermək üçün gərək hansı İspaniyadan söhbət getdiyini də biləsən. Misal üçün İspan futbol klubları, xüsusən də, "Barselona" və "Real Madrid" kimi komandaları, burada oynayan "ulduz" oyunçuları çox adam tanıyır. İspaniya eyni zamanda məşhur rəssam və memarları ilə də tanınır. Pablo Pikasso, Salvador Dali və Joan Miro kimi rəssamlar İspaniyanın yetirmələridir. Bəzi bölgələrdə qadağan edilib məhdudlaşdırılsa da, İspaniya öküz döyüşləri, həmçinin, flamenko rəqsi ilə də tanınır. Bəs görəsən, İspaniya təkcə bunlardanmı ibarətdir? Əlbəttə, xeyr. Bütün bunlarla yanaşı, bugünkü İspaniya həm də tarixən səkkiz əsrlik bir Əndəlüs İslam mədəniyyətinə ev sahibliyi etmiş coğrafiyadır.
Açıq səma altında səkkiz əsrlik muzey...
Bəli, bu gün İspaniyada Əndəlüs İslam mədəniyyətini, onun memarlığını hər yanda görə, hiss edə bilərsiniz. İspaniyada hər hansı arxeoloji qazıntı aparılanda Əndəlüs İslam mədəniyyətinin izləri dərhal ortaya çıxır. Bugünkü İspaniyada İslam mədəniyyətinin çox ciddi təsirləri olsa da, bu canlı və yaşanan bir din, həmçinin sözügedən mədəniyyətin davam etməsi mənasına gəlmir. Burada tarixən var olan bir mədəniyyətin bir növ açıq səma altında muzeyə çevirilmiş, İspan mədəniyyəti içərisində ərimiş vəziyyəti ilə qarşılaşırıq.
Əndəlüslə bağlı araşdırmaları ilə tanınan Akif Əmrənin ifadəsi ilə: "Hər nə qədər bu gün İspaniya xristian katolik olsa da, gündəlik həyata nəzər yetirdikdə hələ də çox ciddi bir şəkildə Əndəlüs mədəniyyətinin təsirlərini görmək mümkündür". Həmçinin, bu gün İspaniya turist ziyarətinə görə dünyada üçüncü yerdədir. Bunun əsas səbəblərindən biri də bu torpaqlardakı 800 illik zəngin Əndəlüs mədəniyyətindən miras qalmış əl-Hamra sarayı, Kordova məscidi, Zəhra şəhəri (Mədinətuz-Zəhra) və digər tarixi tikililərin olmasıdır.
Səkkiz əsrlik tarix
Müsəlmanların miladi 711-ci ildə Preney yarımadasını (İspaniyanı) fəth etmələri ilə 1492-ci ildə buralardan sürgün edilmələri arasında təxminən 800 illik bir dövr var. Səkkiz əsr elə də az müddət deyil. Bugünkü İspaniya tarixinin 500 ildən çox olmadığını nəzərə alsaq, görərik ki, Preney yarımadasında İslamın varlığı ispanlardan daha uzun müddət davam etmişdir. Əlbəttə, səkkiz əsrlik zaman diliminə təkcə siyasi hakimiyyət demək olmaz.
Bəli, 1492-ci ildən etibarən müsəlmanlar hərbi və siyasi mənada geri çəkilmişdilər. Ancaq orada böyük bir müsəlman əhali, fəth etdikləri torpaqlarda əsrlər sonra dinlərini dəyişdirməyə məcbur edilən, bu da yetməzmiş kimi zorla köç etməyə məcbur qoyulan müsəlmanların hüznlü hekayəsi qalmışdı. Əslində, yaşanan bütün bu hadisələr ispanların öz tarixi kimliklərinin rəddi demək idi.
Yuxarıdakı şəkildə Sevilla şəhərində Əndəlüs muxtar icmasının parlementinin həyətində Blas İnfantenin heykəli göstərilmişdir.
Bir mədəniyyətin xiffətini çəkən adam - Blas İnfante
Sözün bu yerində ortaya bəzi suallar çıxır. Misal üçün bu zəngin maddi-mənəvi mədəniyyət mirasi sonralar heç bir fikri cərəyan ortaya çıxarmadımı? Ya da səkkiz əsrlik İslam mədəniyyətinin xiffətini çəkəcək, bu irsə orada, öz yerində sahib çıxacaq, əsrlər sonra bu mirası yad edib xatırladacaq kimlər var? Bu sualları ortaya qoyanda qarşımıza Əndəlüs Muxtar Vilayətinin himnini yazan, bayraq və gerbinin müəllifi olan Blans İnfante çıxır.
Yuxarıdakı şəkildə Əndəlüs parlamentinin önündə dalğalanan Avropa İttifaqının, İspaniyanın və Əndəlüs Muxtar Vilayətinin bayraqları göstərilmişdir.
Blas İnfantenin həyatı, mübarizəsi, düşüncələri, qələmə aldığı əsərləri İspaniyada öz gerbi, himni, bayrağı, parlamenti olan Əndəlüs Muxtar Vilayətini doğurmuşdur. Əndəlüs Muxtar Vilayətinin bayrağı, gerbi və himni Blas İnfante tərəfindən hazırlanıb təqdim edilmişdir ki, bu gün də eyni simvollar muxtar vilayətin rəsmi simvollarıdır. Ancaq Blas İnfantenin həyatı bundan ibarət deyil. O, eyni zamanda buradakı səkkiz əsrlik Əndəlus İslam mədəniyyətinə açılan qapıdır. Blas İnfantenin həyatı, özə, kökə, Əndəlus İslam kimliyinə qayıdışın, o mirasa yiyə durmağın simvolu halına gəlmişdir.
Oxudulan, təqdim edilən tarix...
Əslində, yaşanan zülmün tarixi ən incə detallarına qədər və çox dəqiqliklə kilsə arxivlərində həm yazılmış, həm də qorunub saxlanmışdır. Blas İnfante ona təqdim edilən tarixlə kifayətlənsəydi, bu yazıda ondan danışmayacaq, bəlkə də, ümumiyyətlə belə bir tarixi şəxsiyyət olmayacaqdı. Blas İnfanteyə təkcə baxış açısını dəyişmək kifayət etdi ki, o, göstərilən, ona təqdim olunan tarixlə kifayətlənmədi, bir də tarixin göstərilməyən digər üzü ilə də tanış olmaq, o tarixlə də üzləşmək qərarına gəldi. Haqqında danışdığımız Blas İnfante məhz bu axtarış, kimlik arayışı və özə qayıdışın simvolu halına gələn tarixi şəxsiyyət, əndəlüsçülüyün ideoloqu, siyasətçi, yazıçı və düşüncə adamıdır.
Blas İnfanteyə görə İspaniyanın Əndəlüs bölgəsi keçmişindən təcrid olunmuş və tarixi kimliyi yox edilmiş vəziyyətdə davam edə bilməzdi. İnfante məsələyə İspaniyanın rəsmi tarixi mövqeyi ilə deyil, əsrlər boyu burada yaşayan və haqsız yerə köçürülən moriskoların gözü ilə baxmağa çağırırdı. Çünki Əndəlüsün zəngin keçmişi "bu gün"ə dəyər qata biləcək mədəni potensiala malik idi.
Müasir dövrdə Əndəlüs kimliyi bölgədə yaşayan katolik Əndəlüs xalqının və morisko yerlilərinin hamısını ehtiva etsə də, şübhəsiz ki, bu kimlik İslamdan ayrı bir kimlik olaraq düşünülə bilməz. Əksinə, səkkiz əsrlik Əndəlüs İslam mədəniyyəti irsinin rəsmi diskurs tərəfindən rədd edilməsi Əndəlüs kimliyini ortaya çıxaran əsas motivlərdən biri idi.
Blans İnfantenin ev muzeyindən bir rəsm...
Müsəlman olması və müasir Əndəlüs kimliyinin inşası
Blas İnfantenin çətin həyat yolçuluğunda 400 il əvvəl qırğınlar və sürgünlərlə vəhşicəsinə sona çatmış travmatik bir hekayənin ardına düşən, yaşadığı coğrafiyanı ittiham edən bir düşüncə adamının portretini görürük. İnfantenin bu axtarışı onu əvvəlcə ailəsinin keçmişinə və morisko köklərinə, sonra isə Mərakeş səfəri zamanı İslamı qəbul edərək, Əhməd adını almağa qədər aparacaqdı. Belə ki, Blas İnfante 1920-ci illərdə Mərakeşdə olarkən bir İslam alimi ilə görüşərək, İslamı qəbul edir və "Əhməd" adını alır.
Mərakeşə səyahəti və Cənubi Afrika torpaqlarında yaşayan Əndəlüs ruhu ona çox təsir edir. O dövrlərdə onsuz da düşüncə dünyasında Əndəlüs kimliyini inşa edən Blas İnfante üçün pazlın əskik parçaları tamamlanır. Ona görə, müasir dövrün əndəlüslüsü olmaq üçün tarixi Əndəlüs mirası, tarixi Əndəlüs kimliyi qəbul edilməli idi. Beləcə, Blas İnfante İspaniyanın o günə qədər Əndəlüs İslam mədəniyyəti ilə olan keçmişini rədd etməsini tənqid edir, Əndəlüs İslam mədəniyyətinin müasir Əndəlüsün əsl kökü və parçası olduğunu müdafiə edir. O həm də qeyd edirdi ki, təkcə İspan tarixindəki rekonkistanı (xristian ispan krallıqları tərəfindən Əndəlüs torpaqlarının müsəlmanların əlindən geri alınması) qəbul edib Əndəlüs İslam mədəniyyətini yox saymaqla müasir Əndəlüs kimliyini inşa etmək olmaz.
Qeyd: Yazının davamını buradan oxuya bilərsiniz.
Nazim Mustafayev