Havanın temperaturu yüksəldikcə insan orqanizminə mənfi təsirləri artır. Dünya Birləşmiş Millətlər Təşkilatının (BMT) “qlobal qaynama” adlandırdığı bir dövrə qədəm qoyur. Bu dövrdə temperatur insan sağlamlığı üçün təhlükəli həddə çatır. Bəs, bu cür iqlim dəyişikliyi insan fiziologiyasına necə təsir edir?
Yeniavaz.com xəbər verir ki, İngiltərədə aparılan araşdırmalar 40 dərəcəni keçən temperaturların ürək ritmini sürətləndirdiyini və beyinə qan axınını yavaşlatdığını göstərir. Bu isə qısa müddət üçün belə olsa, yaddaşa mənfi təsir göstərir. Qan damarları genişləndikcə beynə gedən qanın miqdarı azalır. Nəticədə, beyində müvəqqəti perfuziya, yəni qan dövranı pozğunluğu meydana gəlir ki, bu halda ürəkgetmə dediyimiz senkop və ya presempob halları daha kəskin şəkildə özünü büruzə verir. Bundan başqa, isti hava infarkt və insult riskinin də artmasına səbəb olur.
Mütəxəssislər bu riski azaltmaq üçün su istehlakının artırılmasının vacibliyinə diqqət çəkirlər. Mütəxəssislər su itkisinin qarşısını almaq üçün gündə ən azı 2 litr su içməyi məsləhət görürlər. Bu halda sadə su içmək məsləhətdir. Çünki bəzi insanlar adi su əvəzinə qazlı və mineral su içməyə üstünlük verirlər. Ancaq onlar unudurlar ki, bu sular elektrolitlərlə zəngin olduğu üçün bədəndə su tutulmasına səbəb olur və xüsusilə də, ürək ritmi çatışmazlığı olan insanlarda ürək yükünü artırır.
Mütəxəssislər həmçinin isti havanın mənfi təsirlərindən qorunmaq üçün günün ən isti saatlarında kölgədə qalmağı, gen paltar geyinməyi və idmanla məşğul olmamağı məsləhət görürlər.