Argentinalı superulduz Lionel Messi "İnter Mayami"nin heyətində ardıcıl üçüncü matçda iki qol vurub.
Yeniavaz.com xəbər verir ki, "İnter Mayami" səfərdə MLS və Meksika çempionatının komandalarının iştirak etdiyi Liqa Kubokunun 1/8 finalında "Dallas"ı penaltilər seriyasında məğlub edib.
Görüş ABŞ-nin Texas ştatında, Frisko şəhərində keçirilib.
Matçın əsas vaxtı müddətində heç bir tərəf üstünlük qazana bilməyib – 4:4. Penaltilər seriyasında qonaqlar daha dəqiq çıxıblar - 5:4.
Görüşün 6-cı dəqiqəsində Messi Xordi Albanın ötürməsi ilə hesabı açıb, 85-ci dəqiqədə isə əsas vaxtdakı yekun qolu vurub. Beləliklə, o, klubda keçirdiyi dörd oyunda yeddi qol vuraraq, ardıcıl üçüncü dubla imza atıb.
Qeyd edək ki, L. Messi iyulda ABŞ-nin "İnter Mayami" klubuna keçib. Əvvəlki iki ildə o, Fransanın "Paris Sen-Jermen" klubunda çıxış edib.