Abdullah ibn Cahş (r.a.) ömrünü şəhidlik sevdası ilə yaşayan, ömrünün sonuna kimi Allah Rəsulunun (s.ə.s.) yolundan ayrılmayan Peyğəmbər (s.ə.s.) dostlarındandır. Gəlin, bu yazıda onu tanımağa çalışaq...
Abdullah ibn Cahş (r.a.) Həzrət Peyğəmbərimizin (s.ə.s.) bibisi oğlu, eyni zamanda qaynıdır. Abdulmüttəlib Peyğəmbərimizin (r.a.) ata tərəfdən, Abdullah ibn Cahşın isə (r.a.) ana tərəfdən babasıdır. Abdullah ibn Cahşın (r.a.) anası Ümeyyə binti Abdulməttlib Həzrət Peyğəmbərimizin (s.ə.s.) bibisidir. Peyğəmbərimizin (s.ə.s.) xanımlarından Zeynəb binti Cahş (r.anhə) Abdullah ibn Cahşın bacısıdır. Onun digər bacısı Hamnə binti Cahş da (r.anhə) İslamda ilk səfir və ilk müəllim olan Musab ibn Umeyrin (r.a.) xanımıdır. Həm Abdullah ibn Cahş (r.a.), həm də Zeynəb binti Cahş (r.anhə) Həzrət Əbu Bəkr (r.a.) vasitəsilə Məkkə illərində müsəlman oldular.
Müşriklərin təzyiq və işgəncələri nəticəsində Məkkədən Həbəşistana hicrət edən ilk müsəlmanlar arasında Abdullah ibn Cahş (r.a.) və ailəsi də var idi. O (r.a.) Allah Rəsulu (s.ə.s.) Mədinəyə hicrət etməzdən əvvəl Həbəşistandan Məkkəyə qayıtmış, bir müddət Məkkədə qaldıqdan sonra ailəsi ilə birlikdə Mədinəyə hicrət etmişdir.
Dünya malı onları yolundan qoymadı...
Məkkəli müsəlmanlar Mədinəyə hicrət etdikdən sonra onların geridə qoyduğu evləri sahibsiz qalmış, Məkkədə bir çox küçə və məhəllə boşalmışdı. Səhabələrin Mədinəyə hicrət etdiyi ilk günlərdə müşrik liderlər Məkkə küçələrini təftiş etməyə çıxmışdılar. Bu vaxt Cahşoğullarının, yəni, Abdullah ibn Cahş (r.a.) və qohumlarının yaşadığı bölgəyə gələndə tamamilə kimsəsiz və tərk edilmş bir məhəllə ilə qarşılaşdılar. Utbə ibn Rabiə bu məhəllədəki hüzn dolu boş evləri görəndə dərin kədər hissi keçirdi və özünü saxlaya bilməyib belə dedi: "Cahşoğullarının kimsəsiz evləri sahiblərinin arxasınca göz yaşı tökür". Bu sözdən narahat olan Əbu Cəhl Utbə ibn Rabiəyə belə cavab verdi: "Onlar kimdir ki, evləri onların arxasınca göz yaşı töksün?" (İbn Hişam, əs-Sirə, II, 114-115).
Məkkənin müşrik liderləri möminlərin evlərini və əşyalarını qəsb etdilər. Abdullah ibn Cahşın (r.a.) evi isə digər evlərdən daha sadə və daha gözəl idi. Bu evi də Əbu Süfyan əşyaları ilə birgə ələ keçirdi. Ancaq nə göz qamaşdıran evlər, nə də iştaha qabardan nemətlər Peyğəmbərin (s.ə.s.) sevimli dostlarını - səhabələri yolundan qoymadı. Onlar qarşılarındakı bütün çətinlikləri aşaraq iman nurunun arxasınca getdilər.
O (r.a.) İslamda ilk səriyyənin komandiri idi...
Abdullah ibn Cahş (r.a.) Peyğəmbərimizin (s.ə.s.) göndərdiyi ilk səriyyədə, yəni, hərbi-kəşfiyat xarakterli ilk səfərdə komandir təyin edildi. Hicrətin 17-ci ayında Bədr döyüşündən əvvəl baş verən bu səriyyəyə başqa cür Abdullah ibn Cahş səriyyəsi də deyilir.
Allah Rəsulu (s.ə.s.) səriyyə üzvlərinə Mədinədən çıxarkən vəzifələrini açıqlamamış, ancaq Abdullah ibn Cahşa (r.a.) Mədinəni tərk etdikdən iki gün sonra açıb oxuması üçün bir məktub vermişdi. Bu məktubda səriyyənin missiyasının nə olduğu və hara gedəcəyi yazılmışdı. Abdullah ibn Cahş Mədinədən ayrıldıqdan iki gün sonra məktubu açanda onun vəzifəsinin Məkkə və Taif arasındakı Nəhlə deyilən məkana getmək, oradakı Qureyş karvanını izləmək və əldə etdiyi məlumatları Həzrət Peyğəmbərə (s.ə.s.) xəbər vermək olduğunu öyrəndi.
Bətni-Nəhlədə qarşılaşma...
Səriyyə Nəhlə deyilən məkana çatanda Məkkə karvanı ilə qarşılaşdı. Müsəlmanlar müşriklər onları gördükləri üçün karvanı ələ keçirməyi qərara aldılar. Onlar karvan rəisi Əmr ibn Hədrəmini öldürdülər, iki əsiri və karvanı qənimət götürdükdən sonra Mədinəyə qayıtdılar. Qənimətlərin bölünməsinə dair ayə hələ nazil olmasa da, Abdullah ibn Cahş (r.a.) bölgünü elə apardı ki, daha sonra nazil olan Ənfal surəsinin 41-ci ayəsi də bu bölgünü təsdiqlədi.
Bu səriyyənin İslam tarixində də çox mühüm yeri var. Abdullah ibn Cahşın bu səriyyəsi İslam tarixində düşmən qanının töküldüyü, əsir və qənimətin əldə edildiyi ilk səriyyədir. Bu səriyyəyə başqa cür Bətni-Nəhlə səriyyəsi də deyilir. Bu hadisə haram aylardan Rəcəb ayında baş verdiyi üçün müşriklər şayiələr yayır və Həzrət Peyğəmbərin (s.ə.s.) haram aylarda müharibəni halal hesab etdiyini və qənimət əldə etdiyini deyirdilər.
Quran ayəsinin Abdullah ibn Cahşı (r.a.) təsdiq etməsi...
Halbuki Allah Rəsulu (s.ə.s.) karvana hücum etmək əmri verməmişdi. Buna görə də, görülən işi bəyənməmiş, Onun (s.ə.s.) üçün ayrılmış qənimətə toxunmamışdı. Bu hadisə ilə bağlı Allah (c.c.) ayə nazil etdi və görülən işin doğru olduğunu xəbər verdi: "Səndən haram ayda döyüşmək haqqında soruşurlar. De ki: "O ayda döyüşmək böyük günahdır. Ancaq Allahın yolundan döndərmək, Onu inkar etmək, Məscidi-harama girməyə mane olmaq və əhalisini oradan çıxarmaq Allah dərgahında daha böyük günahdır. Fitnə isə öldürməkdən daha böyük günahdır. Onlar bacarsalar, sizi dininizdən döndərənə qədər sizinlə vuruşmağa davam edəcəklər. Sizdən kim öz dinindən dönüb kafir olaraq ölsə, onların əməlləri dünya və axirətdə puça çıxar və onlar cəhənnəm əhlidirlər. Onlar orada əbədi qalacaqlar" (Bəqərə, 2/217).
Günümüz üçün mesajlar...
Allah Rəsulunun (s.ə.s.) təhlükəli vəzifələri ən yaxın qohumlarına həvalə etməsi bu gün bizə çox mühüm mesajlar verir. Peyğəmbərimiz (s.ə.s.) digər səriyyələrə də əmisi Həzrət Həmzə (r.a.) və onun yaxın qohumu Ubeydə ibn Harisi (r.a.) komandir təyin etmiş, haqqında danışdığımız Bətni-Nəhlə səriyyəsində isə bibisi oğlu Abdullah ibn Cahşa (r.a.) bu vəzifəni vermişdi. Həmçinin, səkkiz nəfərdən ibarət bu səriyyədə bütün səhabələr məkkəli mühacirlər arasından seçilmişdi. Tutduğu vəzifə və rütbə sayəsində yaxınlarına və qohumlarına vəzifə paylayanlar, digərlərini isə ancaq fədakarlıq lazım olanda xatırlayanlar Peyğəmbərimizin (s.ə.s.) bu münasibətinə xüsusi diqqət yetirməlidirlər.
Allah Rəsulu (s.ə.s.) onunla məsləhətləşir, onun da fikrini öyrənirdi...
Müsəlmanlar Bətni-Nəhlə səriyyəsi ilə məkkəli müşriklərə heç də o qədər gücsüz olmadıqlarını sübut etdilər. Təkcə yüz illər boyu istifadə etdikləri Mədinəyə yaxın olan şimal ticarət yoluna deyil, Mədinəyə əks istiqamətdə yerləşən cənub ticarət yoluna da müdaxilə edə biləcəklərini göstərdilər. Bu səriyyədən iki ay sonra isə Bədr döyüşü baş verdi. Bədr döyüşündə müşriklərdən yetmiş nəfər əsir düşdü. Bu əsirlərin vəziyyəti ilə bağlı Peyğəmbərimiz (s.ə.s.) Həzrət Əbu Bəkr (r.a.) və Həzrət Ömərlə (r.a.) yanaşı, Abdullah ibn Cahşla (r.a.) da məsləhətləşdi ki, bu da bizə bir daha Abdullah ibn Cahşın (r.a.) Rəsulullahın (s.ə.s.) yanındakı dəyərini göstərir.
Uhud döyüşündəki duası...
Abdullah ibn Cahşın (r.a.) Uhud döyüşündəki fədakarlığı isə tamam başqadır. Sad ibn Əbi Vəqqas (r.a.) rəvayət edir: "Uhud döyüşü başlamazdan əvvəl Abdullah ibn Cahş (r.a.) mənim yanıma gəldi və belə dedi: "Gəl, bir küncə gedib Allaha (c.c.) dua edək. Sən mənim duama "Amin" de, mən də sənin duana "Amin" deyim. Mən "Olar" dedikdən sonra bir qayanın arxasında dua etməyə başladıq. Mən belə dua etdim: "Allahım! Döyüş zamanı qarşıma güclü bir düşmən çıxar. Mən onu öldürüm və üzərindəki qiymətli əşyaları qənimət götürüm". Mən duamı bitirəndə Abdullah ibn Cahş "Amin" dedi və öz duasına başladı: "Ey Rəbbim! Döyüş meydanında qarşıma güclü bir düşmən çıxar. Onunla döyüşüm. O məni öldürsün. Burnumu, qulağımı kəssin. Sənin hüzuruna gələndə, sən mənə: "Ey bəndəm, burnun-qulağın haradadır?" - deyə soruşanda, mən də: "Sənin və Rəsulunun yolunda kəsildi", - deyim. Abdullahın duası bitdikdən sonra söz verdiyim üçün mən də "Amin" demək məcburiyyətində qaldım".
Ayneyn təpəsindən çəkilən yuxarıdakı şəkildə içərisində Abdullah ibn Cahşın da (r.a.) məzarının olduğu Uhud şəhidlərinin məzarlarının olduğu yer göstərilmişdir.
Uhudun yamacındakı məzar...
Peyğəmdər şəhəri Mədinədə Uhud dağının yamacında şəhid olan qəhrəman mücahidlərin məzarları var. Dəmir barmaqlıqlar arxasındakı şəhid məzarlarına baxanda Həzrət Həmzənin təvazökar məzarını çətinliklə görmək olar. Həmin məzarda Həzrət Həmzə (r.a.) və bacısı oğlu Abdullah ibn Cahş (r.a.) dəfn olunub. Allah (c.c.) və Onun Rəsulu (s.ə.s.) yolunda döyüşərək şəhid olan, döyüş qurtarandan sonra da dayısı Həzrət Həmzə (r.a.) kimi düşmənləri tərəfindən cəsədi tikə-tikə edilən, burnu-qulağı kəsilərək ipə düzülən bu böyük səhabəni və sədaqətli dostlarını ehtiramla yad edirik.
Yuxarıdakı şəklin ümumi mənzərəsində Uhud döyüşünün baş verdiyi məkan göstərilir. Yaşıl dairənin içərisindəki Ayneyn təpəsi, yəni, oxçuların yerləşdiyi məkan, mavi dairənin içərisindəki isə Həzrət Həmzə (r.a.), Abdullah ibn Cahş (r.a.) və digər Uhud şəhidlərinin qəbirləridir.
Fraza jurnalı,
Nazim Mustafayev