ÜST-dən koronavirusla bağlı yeni açıqlama


İyulun 13-dən iyulun 30-dək dünyada 1 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 3 mindən çox insan dünyasını dəyişib.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Bildirib ki, əvvəlki 28 günlə müqayisədə yoluxma sayı 7% artıb, ölənlərin sayı isə 53% azalıb.ÜST COVID-19-un ciddi təhlükə yaratmağa davam etdiyini, ölkələri xəstəliklə mübarizə aparmaq üçün infrastrukturu saxlamağa çağırıb.
ÜST-nin məlumat cədvəlinə əsasən, dörd həftə ərzində dünyada 1 008 194 yoluxma və 3 132 ölüm halları qeydə alınıb. Təşkilat ÜST-nin mayın 5-də elan etdiyi fövqəladə vəziyyətin sona çatmasına baxmayaraq, COVID-19-un “əsas təhlükə olaraq qaldığını” bildirib.
Bununla bağlı qurum ölkələri xəstəliklə mübarizə üçün “yaradılmış infrastrukturu sökməyə deyil, saxlamağa” çağırıb.
"Yüksək riskli qruplarda müşahidə, hesabat, koronavirus variantlarının izlənilməsi, erkən kliniki yardım, gücləndirici peyvəndlərin dəstəklənməsi vacibdir", - deyə bülletendə qeyd edilib.
Qeyd edək ki, qlobal səhiyyədə koronavirusla əlaqədar fövqəladə vəziyyət 2020-ci ilin yanvar ayının sonundan 2023-cü il mayın 5-dək qüvvədə olub. 11 mart 2020-ci ildə ÜST COVID-19 epidemiyasını pandemiya kimi xarakterizə edib. Təşkilatın saytında dərc olunan 2 avqust 2023-cü il tarixə olan məlumata görə, dünyada ümumilikdə 768 milyon 983 min 95 nəfər koronavirusa yoluxub, 6 milyon 953 min 743 nəfər ölüb. ÜST-nin baş direktoru Tedros Adhanom Qabreyesus mayın 5-də Cenevrədə keçirdiyi brifinqdə bildirib ki, əsl ölənlərin sayı ən azı 20 milyondur.

DİGƏR XƏBƏRLƏR

Top