Əli Şükürlü Avropa birinciliyində 1 qızıl və 2 gümüş medal qazanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Ağır Atletika Federasiyası məlumat yayıb. İdmançımız bu uğuru Rumıniyanın paytaxtı Buxarestdə keçirilən və yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyində əldə edib. O, yaşı 20-yə qədər olan atletlər arasında 109 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz birdən qaldırma hərəkətində 160 kq-ı ram edib və bu hərəkətdə Avropa birincilyinin gümüş medalını qazanıb. Əli Şükürlü təkanla qaldırma hərəkətində daha uğurlu çıxış edib. O, 195 kq-ı qaldırıb və bu hərəkətdə Avropa birinciliyinin qızıl medalına sahib çıxıb. Ümumilikdə, 355 kq (160+195) nəticə göstərən Əli yekun sıralamada 2-ci yeri tutaraq gümüş medala layiq görülüb.
Yeri gəlmişkən deyək ki, 26 iyul-3 avqust tarixlərində keçirilən yarışda 34 ölkədən 394 atlet (187 qadın və 207 kişi) iştirak edir.