"Beynəlxalq hüquqa və beynəlxalq humanitar hüquqa istinad edən Ermənistan XİN-in sözçüsü Laçın keçid məntəqəsinin Azərbaycan tərəfindən öz suveren ərazilərində yaradıldığından xəbərsizdir və onun legitimliyini heç kim sorğulaya bilməz. Beynəlxalq Ədalət Məhkəməsi də Ermənistanın bu iddiasını rədd edib".
Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə ermənistanlı həmkarı Ani Badalyanın paylaşımına cavab olaraq yazıb.
Hacızadə bildirib ki, Ermənistan dezinformasiya yayır:
"Ermənistan XİN yenə dezinformasiya yayır. Adıçəkilən 68 yaşlı Vaqif Çerkezoviç Xaçaturyan Xocalıda Meşəli soyqırımı ilə əlaqədar beynəlxalq axtarışdadır. Təəssüf ki, Ermənistan rəsmiləri üzr istəmək və hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsinə kömək etmək əvəzinə, hələ də qanunsuz hərəkətlərə, o cümlədən məhkəmədən yayınmaq üçün BQXK-nin fəaliyyətindən sui-istifadəyə haqq qazandırmağa çalışırlar".