ABŞ Ticarət Nazirliyi qabaqcıl monitorinq alətləri vasitəsilə ABŞ-ın milli təhlükəsizliyini təhdid etdiyini əsas gətirərək casus proqram xidmətləri göstərən iki Avropa şirkətini qara siyahıya salıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bunlar “Intellexa” və “Cytrox” şirkətləridir.
Məlumata görə, ABŞ Ticarət Nazirliyi mərkəzi Yunanıstanda olan “Intellexa” və İrlandiya ilə Makedoniyada da aktivləri olan “Cytrox” şirkətlərini qara siyahıya salıb.
Bildirilib ki, “Intellexa” və “Cytrox” şirkətləri qabaqcıl müşahidə və izləmə vasitələri ilə təşkilatların bütövlüyünə zərər vurduqları və ABŞ-ın milli təhlükəsizliyi başda olmaqla bütün dünyada istifadəçilərin məxfiliyini təhlükə altına alırlar.
Eyni zamanda bu proqramların 2022-ci ildə Yunanıstanın milli kəşfiyyat direktoru və digər yüksək vəzifəli bürokratın istefasına səbəb olan “Predator” casus proqramı ilə əlaqəli olduğu bildirilir.
Bundan əlavə bildirilib ki, “Cytrox” şirkəti 2019-cu ildə İsrailin NSO Qrupu ilə rəqabət aparmaq üçün yaradılmış “Intellexa” şirkətinin bir hissəsidir.
Xatırladaq ki, bir müddətdir “Pegasus” casus proqramlarının istehsalçısı olan İsrail NSO Qrupu da ABŞ Ticarət Nazirliyinin qara siyahısına daxil edilib.