Sabunçu rayonunda məişət tullantıları qutusunda tapılan yeni doğulmuş körpə 1 saylı Körpələr Evinin göndərişi əsasında TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Bu barədə TƏBİB-dən Yeniavaz.com-a məlumat verilib.
Bildirilib ki, körpəyə mərkəzi sinir sisteminin dəqiqləşdirilməmiş zədələnməsi, düşməmiş göbək diaqnozu qoyulub:
"Ona ilkin tibbi yardım göstərilib, lazımı müayinələrdən keçirilib. Hazırda körpənin vəziyyəti ağırdır".
***10:29
Körpəsini zibilliyə atan ana saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, uşağın anası S.Qasımova polis əməkdaşları tərəfindən müəyyən edilərək Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gətirilib:
"Hazırda həmin şəxs barəsində toplanmış materiallar baxılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Araşdırmalar davam edir".
***09:19
Bakıda 10-15 günlük körpə küçəyə atılıb.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Sabunçu rayonu, Tatarski küçəsində zibil yeşiklərinin birində təxminən 10-15 günlük, qadın cinsli, parçaya bükülmüş vəziyyətə uşaq aşkar edilib.
Uşaq hazırda Körpələr evinə yerləşdirilib.
Körpənin valideynlərinin aşkar edilərək müəyyən olunması istiqamətində araşdırma aparılır.