Azərbaycan ədəbiyyatının çağdaş ədəbi prosesini yanaşdığı həssas mövzularla zənginləşdirən Alpay Azər müxtəlif hekayə və romanları ilə yetkin fərdi üslubunu ortaya qoymağı bacarıb. Onun müxtəlif illərdə çap olunmuş “Şax yeriyənlər”, “Yazıçı və arvadı”, “Həyat epikrizi” kitabları öz dövrünün vacib sosial təbəddülatlarını oxucu qarşısında canlandırır. Biz də Alpay Azərlə həmsöhbət olub, onun cəmiyyətə olan yazıçı reaksiyası və yaradıcılığının ümumi gedişi barəsində danışdıq.
Yazıçının Yeniavaz.com-a müsahibəsini təqdim edirik:
- Alpay bəy, necəsiniz, yaxud Azərbaycanın hazırkı ədəbi mühitində qələm əhli kimi özünüzü necə hiss edirsiniz?
- Çox sağ olun, yaxşıyam. Qələm adamı kimi təvazökarlıqdan uzaq da olsa, özümü 10 ən yaxşı hekayəçilərdən biri hesab edirəm. Nasir demirəm, amma hekayəçi olaraq məxsusi yerimin olduğunun fərqindəyəm. Ümumi olaraq, özümü yaxşı hiss edirəm, enerji var, mən də bu enerjini istifadə etməyə çalışıram, yaxşı hekayələr yazıram, intensiv şəkildə redaktələr edirəm. İkinci romanı yazmağa başlamışdım, amma nədənsə roman enerjisi sanki məni tərk edib, özümü toparlayıb yaza bilmirəm, hələ ki hekayələrlə məşğulam.
- Fikirləşirsiniz ki, artıq özünüzün şah əsərinizi qələmə almısınız, ya hələ almaqdasınız, yaxud ümumiyyətlə başlamamısınız?
- Yaxşı sualdır. Belə deyim, 10 yaxşı əsərim var, yaxşıdan bir az yuxarı deyək. Şah əsər deməzdim, belə hesab edirəm ki, hekayələrin pik nöqtəsi Lev Tolstoyun "İvan İliçin ölümü"dür, yaxud "Sergi ata"dır, Çexovda "Ayxiyerey", "Qara keşiş", Ernest Heminqueyin "Qoca və dəniz", Azərbaycan nəsrində "Qurbanəli bəy", "Danabaş kəndinin əhvalatları" məhz bu əsərlər mənim hekayə formatında istiqamətləndiyim şah əsərlərdir. Amma ikinci romanımı yazsam, bəlkə o, şah əsər ola bilər. Ümumiyyətlə, bu ifadəni dilə gətirmək üçün yaradıcı şəxsdə müəyyən məsuliyyət hissi də olmalıdır. Mənim birinci Qarabağ müharibəsinin canlı şahidi kimi "Ədəbiyyat qəzeti"ndə "Dağ tülküsü" adlı kiçik bir yazım da dərc olunmuşdu. Onu da qeyd etmək lazımdır ki, Vətən müharibəsindəki qələbəmiz beyinlərdə formalaşmış - "bizim xalq döyüşkən deyil" stereotipləri də məhv elədi. Bu çərçivədə ədəbiyyat bir neçə istiqamətdə inkişaf edə bilər; nəsrində, poeziyasında və s. Müxtəlif poemalar yazırlar bu mövzularda, amma mən düşünürəm ki, bu sahədə şedevr roman, yəni epopeya tipli roman həm birinci Qarabağ müharibəsini, həm də ikinci Qarabağ müharibəsini əks etdirə bilər. Tutaq ki, "Sakit don" səviyyəsində bir əsər. Əslində, Azərbaycanda da bu cür əsər yaza biləcək müəlliflər var.
- Azərbaycan cəmiyyəti ziyalılardan, xüsusilə yazıçılardan, şairlərdən, tanınmış ictimai şəxslərdən ölkədə baş verən proseslərlə bağlı mövqe sərgiləməsini tələb edirlər. Sizcə yazıçıların ölkədə baş verən proseslərlə bağlı mövqe sərgiləmək öhdəliyi var?
- Maraqlı sualdır. Bu məsələdə arzuolunandır ki, mövqe sərgiləsinlər, amma tutaq ki, mövqe bildirmədiklərinə görə onlara hər hansı irad bildirmək nə dərəcədə uyğundur, onu demək çətindir. Bu mövzular ətrafında AYB-də müzakirələr yaranır. Belə olduqda deyirlər ki, niyə məhz bu cür məsuliyyəti yazıçıların üzərinə qoyursunuz, məsələn, bəstəkarlardan soruşmursunuz? Buna belə yöndə yanaşmaq olar ki, yazıçı söz istehsal edir, müxtəliftərəfli mühüm fikir yürüdə bilir, bəstəkar isə səsin estetikasını dinləyiciyə çatdırır. Söz isə fikirdir, fikir sözdə öz əksini tapır. Buna görə də, bu mənada yazıçılardan daha çox gözlənti olur. Öhdəlik məsələsində isə 50/50 nisbətində dayanıram. Azərbaycan ədəbiyyatında bir sıra yazıçılar var ki onlar, ümumiyyətlə, bu məsələlərdə fikir bildirmirlər, ancaq nəsrdə yetəri qədər bu tip mövzulara toxunublar.
- Bugünkü gənclərin ədəbi ruhunu necə qiymətləndirirsiniz? Necə düşünürsünüz, 10-20 il sonra geriyə dönüb baxsaq, ədəbiyyatımızın indiki halı bizi qane edəcək?
- Mən pessimist insan deyiləm, gənclər arasında istedadlıları, öz üzərlərində çalışanları var. Ədəbi prosesdə yetəri qədər canlılıq gözə çarpır, eyni zamanda mütəmadi hekayə müsabiqələri təşkil olunur. Mən düşünmürəm ki, ədəbi proses yoxdur və bu cəhətdən gənclər çalışıb davamlı bu aktivliyi qoruyub saxlamağı bacarmalıdırlar. Ancaq bir az tənqiddə problemlərimiz var, sanki tənqid etməkdə çəkinirlər. Mənim yaxında qarşıma çıxmayıb ki, hansısa əsəri əsaslı tənqid etsinlər, ancaq tənqid belədir ki, onunla razılaşmaq da olar, razılaşmamaq da. Tənqidə tolerant olmaması yazıçının hüququdur. Qeyri-tolerantlıq isə tənqidə təhqir reaksiyası ilə yanaşmaqdır. İstər yazıçı sözü, istərsə də tənqidçi fikri mütləq həqiqət deyil axı.
- Şərq insanlarının Qərb dəyərləri ilə yaşamaq arzusu daha çoxdur, nəinki qərbdəkilərin Şərq dəyərləri ilə. Hətta ikinci versiya yox deyiləcək qədər cüzidir. Sizcə, buna səbəb nədir?
- Əslində səbəblər çoxdur. Qərbin inkişafı bu gün göz qabağındadır. Onların texnologiyasından istifadə etməyimiz uğurlu inkişaf modeli ortaya qoymalarından irəli gəlir. Fakt olaraq, əfqanıstanlı Danimarkaya köçmək arzusundadır, danimarkalı Əfqanıstana köçmək arzusunda deyil. Mən özümü şərqli hesab edirəm, milli, identik kimliyimdə Şərq, İslam faktorları dayanır. Bu gün müsəlmanların kütləvi şəkildə axın etdikləri yer Qərbdir. Çünki Qərb insanların yaşaması üçün tolerant mühit yaradılıb. Məlum həqiqətdir ki, poeziya Şərqdə yaranıb və bu və ya digər istiqamətdə yaranaraq da inkişaf edir, amma nəsr Qərb məhsuludur. Dominantlıq təşkil edən nəsr təfəkkürü Qərb təfəkkürünün mayasını təşkil edir. Mən sintezin tərəfdarıyam, tələbə olanda da yadıma gəlir ki, o dövrdə müzakirə edirdik ki, haraya istiqamətlənməliyik? Sözsüz, sosial dövlət yaratmaq baxımından özünü doğrultmuş Qərb modelini seçməliyik, təbii ki, Şərq dəyərləri təməl prinsip olmaq şərti ilə. Məsələn, Qərb dəyərlərindən gələn homoseksuallıq nəyin bahasına olursa-olsun, burda təbliğ olunmamalıdır. Amma söz azadlığı, mətbuat azadlığı, sosial dövlət formalarını niyə onlardan öyrənməməliyik? Bu mənada Şərq mental dəyərlərinə söykənməklə Qərb üstünlüklərindən faydalanmaq lazımdır. Biz Türkiyəni misal gətirə bilərik, Türkiyə Avropaya tərəf meyillidir, baxmayaraq ki, bugünkü hakimiyyəti molla rejimi kimi qələmə verməyə çalışırlar. Daha sonra iqtisadi inkişafın yüksək pilləsinə qalxmış uzaq Şərq ölkəsi - Yaponiyanı misal gətirmək olar ki, Qərb istiqamətinə yönəlməklə ciddi yüksəlişə nail olub.
- Var azadlıq, var qadın azadlığı. Sizcə bu ikisinin arasındakı fərq nədir?
- Burada məsələ gəlib dayanır qadın azadlığının kriteriyalarına, məsələn, 1991-ci illərdə təhsil aldığım illərdəki durumla indiki arasında çox fərq var. Belə ki, o vaxt qadınların təhsil alması bugünkü qədər geniş yayılmamışdı. Amma hazırda qızlar, hicablılar belə gedib müxtəlif xarici ölkələrdə sərbəst formada təhsil alırlar. Mən belə düşünürəm ki, bu gün qadınların azadlıqları o qədər genişlənib ki, onlar artıq öz iradələri hesabına mentalitetin çərçivələrini sındırıb gedib xaricdə təhsil almaqla yanaşı işləyə də bilirlər. Belə hesab edirəm ki, qadın azadlığı ailə tərəfindən boğula bilər, mentalitetə zidd olan tərəflərlə bağlı, burada ailə müdaxiləsinin olması normal bir şeydir. Ailədə patriarxal sistemin qorunması, kişinin dominantlığı vacib məsələdir. Amma bu o demək deyil ki, qadının hüquqları tapdanmalıdır. Əgər qadın təhsil alıbsa, onun işləməsi normal qarşılanmalıdır. Amma əgər 18 yaşında bir qadın oxumağa meyilli deyilsə, onun ailə qurmasında mənfi heçnə yoxdur.
- Bir yazıçı kimi sosial həyata hansı mövzularla daha çox təsir edəcəyinizi düşünürsünüz?
- Mən ədəbiyyatın cəmiyyətə təsiri məsələsinə skeptik yanaşıram. Bizdə bu gün, ən üzdə olan sosial fiqur Kəramətdir (Kəramət Böyükçöl – red.). O, bu gün əsərləri ilə deyil, publisistik statusları ilə diqqət çəkir. Ola bilər ki, müəyyən fərdlərə təsir etmək mümkündür, əslində mən özüm bu iddiada deyiləm, ədəbiyyatın cəmiyyətə dominant təsirini də düşünmürəm. Cəmiyyəti islahatlar dəyişdirə bilər, ancaq baxır ki, həmin islahatlar hansı istiqamətdə keçirilir. Avropanı da məhz inqilabçıların, filosofların həyata keçirdiyi aktiv islahatlar müsbət yöndə dəyişdirdi. Buna görə də avropalılar Rene Plemenə, Monteşkyoya, Lokka və s. borcludur.
- Elza Seyidcahanın AYB-ə üzv olması xeyli müzakirələrə səbəb oldu, siz nə düşünürsünüz bu barədə? Sizcə onun qələmə aldıqları ədəbiyyət nümunəsi hesab oluna bilər?
- Elza xanımın bir-iki şeirinə rast gəlmişəm, onun ciddi sənətə heç bir aidiyyəti yoxdur. Mənə orası maraqlı gəldi ki, Elza Seyidcahan hansı kriteriyalara əsasən AYB-yə üzv götürüldü. Hərçənd ki, orası da qəribədir ki, mənim ciddi ədəbiyyat adamı olaraq qəbul etdiyim yaradıcı şəxslərin fikri bu məsələdə fərqlidir. Açığı, mən özüm də gedib ora üzv olmaq istəməzdim, kimsə təşəbbüs göstərsəydi, deyərdim ki, ehtiyac yoxdur. Ancaq üzv olmasam da, ora mənim üçün doğma yerdir, yazılarım AYB orqanlarında mütəmadi şəkildə dərc olunur.
- Anarın AYB-ə yenidən sədr seçilməsi ədəbiyyatımızda nəyi dəyişdi, bizə hansı yeniliyi qazandırdı? Yox əgər heç nə dəyişmədisə, onillərdir eyni kresloda olan adamın bu fəaliyyətinin bir az da uzadılması nəyə xidmət edir?
- Mən demokratik şəkildə səsvermənin gizli keçirilməsininə tərəfdaram, yəqin ki, o zaman da Anar müəllim sədr seçiləcəkdi. Avtoritetinə, birləşdirici faktor olduğuna görə. Ümumiyyətlə istənilən səsvermə gizli həyata keçirilməlidir. Mən plüralizmin tərəfdarıyam, gərək açıq debatlar olaydı. Amma müəyyən işlərin görülməsinə cəhdlər edilir. Gənclərin AYB orqanlarında təmsil olunması ilə bağlı Anarın bu prosesdə maraqlı olması göstərir ki, müəyyən dəyişikliklər etmək istəyirlər. Nə dərəcədə uğurlu alınır, bu, başqa məsələdir. Ancaq Yazıçılar Birliyi dövlət qurumu olduğu üçün elə bir senzuraya rast gəlirsən ki, çox təəssüf edirsən. Alternativ olaraq isə Səlim Babullaoğlunun yaxşı təşkilatçılıq qabiliyyəti var, sonra gənclər içərisində Fərid Hüseyn bacara bilər idarə etməyi, çünki şair, yazıçılıq istedadı olmaqla yanaşı, onda həm də yüksək entuziazm da var.
- Müstəqillik dövrünü götürsək, 1500-dən artıq üzvü olan AYB-nin ən böyük ədəbi uğuru nədir? İstər fərdi, istərsə də kollektiv olaraq…
- Böyük uğur deyə bilmərəm, amma sevindirici haldır ki, bəzi dərgilər çıxır yenə, çünki 90-cı illərdə jurnalların bağlanmaq təhlükəsi var idi, yaxud məhdud sayda çıxması, yenə, nə yaxşı, həmin jurnallar çıxır. "Ədəbiyyat qəzeti"ndə gənclər davamlı olaraq çap olunur, müxtəlif layihələrlə qəzetlərdə çıxış edirlər. Bunların da, sözsüz, ədəbi prosesə müəyyən qatqısı var. Yeganə çatışmayan cəhət isə dünya ədəbiyyatına çıxa bilməməyimizdir. Məsələn, qonşu Gürcüstanda yaxınlarda bir yazıçı Avropada bukerdə finalçılar siyahısına düşüb. Bu, artıq böyük uğurdur. Doğru, Tərcümə Mərkəzi tərəfindən yazıçılarımızın əsərləri antologiya halında dərc olunur, amma kənara heç cür səs sala bilmir. Bizdə olur ki, fərdi qaydada müəyyən uğurlar qazanılır, məsələn, Rusiyanın məşhur “Russkiya premya” məcmuəsində Nicat Məmmədov 36 ölkə içərisində 3-cü yeri tutub, Şirin Şəfiyeva roman üzrə və s. Bunlar hər biri fərdi təşəbbüsdür.
- Əsasən hansı gənclərin əsərlərini oxuyursunuz, bəyənirsiniz?
-Müasirlərdən Orxan Həsəni, Orxan Cuvarlı, Təvəkkül Boysunar, Əli Zərbəliyev və Fəridənin adlarını çəkə bilərəm.
- Əsərlərdə mənfi, müsbət obraz anlayışı var, bir də var ki, ziddiyyətli obraz, yəni nə mənfi, nə müsbət, ümumiyətlə, ədəbiyyatda belə bir obraz var?
- Əlbəttə var. Zatən biz dünya ədəbiyyatının şedevr əsərlərinə nəzər saldıqda, həmin əsərlərdəki obrazların başdan-başa ziddiyyətlərdən ibarət olduğunu görürük. Hər şeydən əvvəl insan özü ziddiyyətlidir, çünki biz mələk deyilik axı müsbət olaq. Ortaya sual çıxır ki, yaxşı insan nədir? Yaxşı insan pis əməllərini cilovlayıb, yaxşı işlər görən, gözəl şeylər arzu edən insandır. Pis insanın biz əməllərinin sayəsində pis olduğunu görürük. 37-ci ildə donos yazırdılar, o vaxt onlara haqq qazandırmaq üçün onların buna məcbur olduqlarını deyirlər, amma bəziləri bunu xislətinin pisliyindən edirdilər. Ziddiyətli insan mənim üçün kimdir, məsələn, Fyodor Dostoyevskinin “Karamazov qardaşları” romanında ziddiyyətli insan özünün pik səviyyəsinə çatır. Bunu dindar Aleksey Karamazovun Allahla bağlı keçirdiyi tərəddüdlərdə görmək olur. Daha sonra Lev Tolstoyun “İvan İliçin ölümü” əsərində həyat öz axarında gedir və birdən xəstəliyi onu tamam dəyişikliyə uğradır.
Elmir Həsən