Xəbər verdiyimiz kimi, Əməkdar artist Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü seçilib. Bu barədə birliyin katibi Çingiz Abdullayev sosial şəbəkə hesabında məlumat verib və bəstəkar-müğənniyə üzvlük vəsiqəsini təqdim etməsini əks etdirən fotolar paylaşıb.
Maraqlıdır ki, bu təqdimat izləyicilərin ürəyincə olmayıb və həm AYB-ni, həm də yazıçı ilə müğənnini tənqid atəşinə tutulublar. Bu səbəbdən Ç.Abdullayev paylaşımını sonradan çoxları üçün “görünməz” edib.
Yeniavaz.com xəbər verir ki, Konkret.az-a açıqlamasında yazıçı məsələyə belə aydınlıq gətirib:
“Mən paylaşımı yalnız dostlarım üçün açıq saxlamışam. Çünki bəziləri axmaq-axmaq fikirlər yazır. Paylaşımı axmaq adamlara bağlamışam. Amma oradakı 40 mindən çox izləyici o təqdimatı görə bilər”.
Ç.Abdullayev Elza Seyidcahan haqqında yazılan tənqidlərə birmənalı yanaşmadığını da bildirib:
“İnsanlar Elza Seyidcahanı xoşlamaya bilər. Amma mən Yazıçılar Birliyinin birinci katibiyəm və birliyin qərarına əməl etməliyəm. Və əgər biz onu birliyə qəbul etmişiksə, deməli, bunu məqsədəuyğun bilmişik. Digər tərəfdən, qadın haqqında axmaq fikirlər yazmaq düzgün deyil və bu, mənim xoşuma gəlmir”.