"Ukraynanın "Georgian Airways"ə qarşı sanksiya tətbiq etməsi siyasi motivlidir" - Davitaşvili


"Ukrayna hakimiyyətinin Gürcüstanın "Georgian Airways" aviaşirkətinə və onun təsisçisi Tamaz Qayaşviliyə qarşı sanksiyalar tətbiq etməsi siyasi motivli qərardır".
Yeniavaz.com
"Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat naziri, baş nazirin müavini Levan Davitaşvili danışıb.
"Birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu, həqiqətən də siyasi motivli qərar idi, çünki biz görürük ki, bir çox ölkədən bir çox aviaşirkət Rusiyaya uçur və başqa heç bir halda Ukrayna hakimiyyətindən belə reaksiya və ya qərar almayıb", - Davitaşvili bildirib.
Müavin qeyd edib ki, Ukrayna tərəfi əvvəllər də oxşar qeyri-dost addımlar atıb:
"Reaksiyaya gəlincə, əvvəlki hallarda olduğu kimi, Xarici İşlər Nazirliyi buna da müvafiq reaksiya verəcək".
Baş nazirin müavini vurğulayıb ki, Ukrayna hakimiyyətinin qərarında Gürcüstan müxalifəti də iştirak edir:
"Bəzi müxalifət qruplarının Ukrayna hakimiyyəti ilə nə qədər sıx əlaqədə olduğunu bilirik və yəqin ki, bu qərarın əsasını məhz bu təşkil edib".
Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin "Georgian Airways" və Qayaşviliyə qarşı sanksiyaların tətbiqi haqqında fərmanı iyulun 1-i şənbə günü qüvvəyə minib.

DİGƏR XƏBƏRLƏR

Top