Məkkə illərində demək olar ki tək başına (yanında Həzrət Əbu Bəkr, Həzrət Xədicə, Həzrət Əli kimi insanlarla) Peyğəmbərlik missiyisanı insanlara çatdırarkən Əbu Ləhəb də elə tək başına (xanımı ilə bərabər) bu doğan İslam günəşinə qarşı çıxmışdı. Quranda Əbu Ləhəb və xanımı Ümmü Cəmilin o acı aqibətlərindən bəhs edilən Məsəd surəsinin yerləşdiyi yer, yəni surə sıralaması da çox mənalıdır. Əbu Ləhəbin faciəvi aqibətindən bəhs edilən surədən (Məsəd surəsindən) əvvəl, nəfəsi yetdiyi qədər mane olmağa çalışdığı dinin buyuruqlarına günün birində fövc-fövc, axın-axın insanların gələrək iman etdiyi anladılan Nəsr (Allahın yardımı deməkdir) surəsi yer alır. Deməli Əbu Ləhəbin bütün cəhdləri, əməlləri həqiqətən də boşa çıxdı. Məkkədə boğmağa, səsini kəsməyə çalışdığı dinə çox keçmədən insanlar fövc-fövc axın edəcək, insanlar, böyük kütlələr hüzuru, səadəti bu dində tapacaqdılar. Əbu Ləhəbin qarşı çıxdığı əsas məqam elə Allaha (c.c.) iman, tək Allaha (c.c.) ibadət və qulluq etmək idi. Əbu Ləhəbin aqibətindən bəhs edilən surədən (Məsəd surəsindən) həmən sonra isə İxlas surəsi gəlir. Bu surə məhz Allahın (c.c.) birliyindən, İslamın tövhid əqidəsindən bəhs edir. Bu gün müsəlmanlar həm Nəsr, həm Məsəd, həm də İxlas surələrini elə ard-arda oxuyurlar. Necə də düşünməyə dəyə məsələdir.
Özümüzü kənarda görməyək…
Quranda verilən mesajlar qiyamətə qədər gələcək bütün insanlar üçündür. Bu mənada “Məsəd” surəsində anladılanları əməllərinə görə hansısa iki insanın (Əbu Ləhəb və xanımı Ümmü Cəmilin) sadəcə olaraq lənətə düçar olmaları kimi anlamaq yanlışdır. Mühüm olan “Məsəd” surəsini oxuyarkən Allaha qarşı çıxanların Onun (c.c.) qəzəbinə necə düçar olduqlarını anlamaq və daha çox Allaha (c.c.) sığınaraq Ona (c.c.) pənah gətirməkdir. Qiyamətə qədər hər bir dövr və əsrdə mütləq başqa-başqa Əbu Ləhəblər, Ümmü Cəmillər gələcəkdir. Mühüm olan, onlardan biri olmamaq üçün Allaha (c.c.) yalvarmaq, Ona (c.c.) dua etməkdir.
İslamda üstünlük meyarı…
İslama görə bu və ya digər hansısa bir millətə mənsub olmanın insana heç bir üstünlük qazandırmayacağını bu surədə açıq bir şəkildə görmək olar. Bu surədə haqqında lənətlə danışılan, cəhənnəmlik olacağı bildirilən şəxs Allah Rəsulunun (s.ə.s.) öz əmisidir. Deməli İslama görə iman və inanc olmadıqda Peyğəmbərin (s.ə.s) əmisi olmaq heç bir dada çatmır. İslamda məhz sahib olduqları iman nemətinə görə həbəşli bir kölə olan Həzrət Bilal, Nişaburdan gələn Salman Farisi, yada Rum diyarlarından gələn Suheyb Rumi başlarda tac olarkən, Peyğəmbərimizlə (s.ə.s.) eyni soydan gələn Əbu Ləhəb isə lənətlə anılan şəxs olmuşdur.
Gəlin bu şəxs haqqında enən ayələrə nəzərə salaq: “Əbu Ləhəbin əlləri qurusun, qurudu da! Nə mal-mülkü, nə də övladları ona bir fayda verdi. O, alovlu bir oda girəcəkdir. Arvadı da odun daşıyan olaraq (oda girəcəkdir). Arvadının boynunda xurma lifindən ip olacaqdır” (Məsəd, 111/1-5).
Nə üçün məhz Əbulu Ləhəbin adı ayədə keçir?
Əslində Həzrət Peyğəmbərimizə (s.ə.s.) və Onun gətirdiyi İslama qarşı çıxmaqda Əbu Ləhəbdən də daha öndə olanlar var idi. Ancaq Quranın heç bir yerində Əbu Ləhəbdən başqa adı anılaraq lənətlənən hansısa kafir və ya inkarçıya rast gəlmirik. Maraqlıdır, niyə başqaları yox, yalnız Əbu Ləhəb? Bunun səbəbini aşağıdakı formada açıqlamaq olar.
İslamdan əvvəlki ümmətlərin, digər peyğəmbərlərin qarşısında duran, ona düşmənlik edən şəxslərin simvolu Firon, Nəmrud, Karun, Haman və başqaları olduğu kimi Əbu Ləhəb də bu mənada bir simvoldur. O qiyamətə qədər gələcək kafirlərin simvoludur. Əbu Ləhəb Həzrət Peyğəmbərimizin (s.ə.s.) qarşısında dayanaraq: “Sənə bu fürsəti verməyəcəyəm, mən var ikən sən peyğəmbərliyini yaya, insanları tək Allaha (c.c.) iman və itaətə çağıra bilməyəcəksən deyir, Məkkəni həm Peyğəmbər (s.ə.s.) həm müsəlmanlar üçün yaşanmaz hala gətirirdi.
Əbu Ləhəbin ən bariz xüsusiyyəti
Əbu Ləhəbin ən bariz xüsusiyyəti hər yerdə və hər fürsətdə İslama və Rəsulullaha (s.ə.s.) qarşı çıxması idi. Bu mənada o qiyamətə qədər vəzifə, məqam, nüfuz, mal-mülk və s. nə varsa hər şeyini dinin insanlara çatdırılmasına, izah edilməsinə mane olmaq üçün sərf edən insanların simvoludur.
Məkkədə Şibi Əbu Talib deyilən məhəllədə 3 il boyunca təcrid edilmiş halda, boykot altında ac-susuz qalarkən Allah Rəsuluna (s.ə.s.) və müsəlmanlara qarşı ən amansız davranan Əbu Ləhəb idi. O, Məkkəyə mallarını satmaq üçün gələn satıcılara çox yüksək qiymətlər ödəyir, mallarının qarşısını kəsərək Şibi Əbu Talib məhəlləsinə getməsinə mane olur, müsəlmanların aclıqdan ölməsini və ya belə bir iqtisadi embarqo qarşısında Peyğəmbərin (s.ə.s.) ətrafından dağılıb getmələrinə çalışırdı.
Peyğəmbər (s.ə.s.) hara getsə, kölgə kimi onu təqib edirdi…
Əbu Ləhəb Məkkədə Həzrət Peyğəmbərimizi (s.ə.s.) addım-addım kölgə kimi izləyir və onun risalətinə mane olmağa, insanlar üzərindəki təsirini yox etməyə, fəaliyyətini boşa çıxarmağa çalışırdı. Allah Rəsulu (s.ə.s.) haqq dəvətini çatdırmaq üçün hara gedirdisə, kölgə kimi onun ardınca gedir, Allah Rəsulunu (s.ə.s.) dinləmək üçün ətrafına toplaşanlara belə deyirdi: “Bu adama qulaq asmayın! Bu mənim qardaşım oğludur! Onun özünə xeyri yoxdur, qaldı ki, sizə də xeyri dəysin! Ona inanmayın! O ata ilə oğlunu bir-birindən ayırır, ərlə arvadını bir-birinə düşmən edir!” Bütün bu əməlləri ilə Əbu Ləhəb Allah Rəsulunun (s.ə.s.) risalətinin qarşısını almağa və onun insanlar üzərindəki təsirini yox etmək istəyirdi.
“Bizi buna görəmi çağırmısan?”
“Ən yaxın qohumlarını xəbərdar et!” (Şuəra, 26/214) ayəti nazil olduqdan sonra Allah Rəsulu (s.ə.s.) əmilərini, yaxın qohumlarını evinə dəvət edərək yemək ikram etmiş, sonra da onlara Peyğəmbərlik missiyasından danışmış, özünün Allahın Rəsulu (s.ə.s.) olduğunu bildirmişdi. Bu xəbərə elə oradaca ilk qarşı çıxan yenə Əbu Ləhəb oldu. O həm qarşı çıxmış, həm də oradakı insanların dağılıb getməsinə səbəb olmuşdu. Əslində bu məqam çox həssas bir məqamdır. Əbu Ləhəbin bu xisləti, Allah (c.c.) qorusun, bulaşıcı ola bilər. Bilərək və ya bilməyərək müsəlmanlar da bu xətaya düşə bilərlər. Bu xəta nədir? Kimsə dindən, ayələrdən, hədislərdən danışarkən onun sözünü kəsmək, ona mane olmaq, onu susdurmağa, fikrini yayındırmağa çalışmaq Əbu Ləhəbin xislətidir. Çünki bu rəftar Əbu Ləhəbin xasiyyətidir və Allah (c.c.) eləməsin, insanın məhvinə səbəb ola bilər. Dinin buyuruqlarından, gözəl əxlaqdan danışan adamın qarşısını almaq, gərəksiz sözlərlə ondan qabağa keçmək bir yana dursun, əksinə burada doğru olan lazımsız sözləri kənara qoyaraq insanların o adamı dinləmələrini təmin etməkdir.
“Mənimlə bu baldırı çılpaqları eyni tutursan?”
Rəvayətə görə, bir dəfə Əbu Ləhəb Həzrət Peyğəmbərimizin (s.ə.s.) yanına gələrək soruşdu: “Ya Məhəmməd, sənin gətirdiyin bu dinə iman gətirsəm, bunun müqabilində mənə nə vəd olunur?” Allah Rəsulu (s.ə.s.) da belə dedi: “Bu dinə iman gətirən müsəlmanlara nə vəd olunursa, sənə də onlar vəd olunur”. Əbu Ləhəb: “Mənim kimi alicənab bir insan üçün bundan artığı yoxdurmu? Bəs mənim bu insanlardan üstünlüyüm harda qaldı?” dedi. Bu zaman Rəsulullah belə buyurdu: “Xeyr, üstünlük ancaq təqva (dinin əmr və tövsiyələrinə əməl etmək, haram və günahlardan çəkinməkdə diqqətli olmaq) ilədir”. Bu zaman Əbu Ləhəb qəzəblənərək belə dedi: "Mənimlə bu baldırı çılpaqları eyni tutan bu dinə yuh (təbbən) olsun”.
Düşmənlikdə belə hədd tanımayan insan…
Bütün bu hadisələrin, düşmənlikdə belə hədd tanımaz əməllərinin nəticəsində Əbu Ləhəbə Quran ayəsində aqibəti xəbər verildi: “Əbu Ləhəbin əlləri qurusun, qurudu da! Nə mal-mülkü, nə də övladları ona bir fayda verdi. O, alovlu bir oda girəcəkdir. Arvadı da odun daşıyan olaraq (oda girəcəkdir). Arvadının boynunda xurma lifindən ip olacaqdır” (Məsəd, 111/1-5).
Təfsir alimləri, “Əbu Ləhəbin əlləri qurusun, qurudu da!” (Məsəd, 111/1) ayəsindəki əsas mənanın məhz əllər olmadığını qeyd edirlər. Çünki ayə nazil olandan sonra Əbu Ləhəbin əlləri qurumayıb, həmçinin iflic də olmayıb. Deməli, başa düşürük ki, “əlləri qurusun, qurudu da!” ifadəsində nəzərdə tutulan, bədəndəki əllər deyil. Bu o deməkdir ki: “Onun əli ilə gördüyü bütün işlər qurusun, əl atdığı hər şey boşa çıxsın, əlləri ilə etdiklərinə görə heç bir fayda görməsin!” Həmçinin o da məlumdur ki, bu ayə nazil olduqdan sonra Əbu Ləhəbin əlləri ilə etdiklərinin hamısı onun əleyhinə çıxdı və heç biri ona xeyir gətirmədi. Həmçinin “Əbu Ləhəbin əlləri qurusun, qurudu da!” (Məsəd, 111/1) ayəsindəki “əl” maddi gücü təmsil edir. Burada bütün planlarını ağılı ilə düşünüb ortaya qoyan insanın əli qeyd olunub. Beyin insanın bütün qabiliyyət və bacarıqlarını, düşüncə və təfəkkürünü özündə cəmləşdirən bir güc mərkəzidir. Ancaq burada kafirlərin əlləri ilə düşündükləri öz əksini tapıb. Çünki inanmayanlar Həzrət Adəmdən (ə.s.) bu günə qədər heç vaxt beyin gücləri ilə Peyğəmbərlərin qarşısına çıxa bilməyiblər.
Məsəd surəsində həm də bir istehza və ironiya var
Surənin üslubuna diqqətlə baxsaq, hər bir ifadənin Əbu Ləhəb və həyat yoldaşının Həzrət Peyğəmbərimizlə (s.ə.s.) bağlı gündəmə gətirdikləri bir məsələnin və ya ona olan münasibətin ironik formada onlara geri qayıtmasına şahid oluruq. Bir mənada “Cəza əməlin cinsinə görədir”, yaxud “nə əkərsən onu biçərsən” kimi zərb-məsəllərinin ətə-sümüyə bürünmüş formasını biz burada - Əbu Ləhəb və xanımının başına gələnlərdə görürük.
Qeyd: Mövzu ilə əlaqəli digər bir yazını buradan oxuya bilərsiniz.
Nazim Mustafayev