Təxminən dörd-beş il əvvəl ““Əyan-əşraf” və onların etdikləri” başlıqlı bir yazı qələmə almışdım. Həmin yazıda Allahın Elçilərinə (ə.s.) ən çox qarşı çıxanların, həmçinin Peyğəmbərlərin də (ə.s.) ən çox mübarizə apardığı zümrənin məhz bu aristokrat təbəqə (“mələ” və ya əyan-əşraf qrupu) olduğunu qeyd etmişdik. Bu yazıda isə bir ad üzərində duracaq, həmin əyan-əşraf zümrəsinin ən öndəkilərindən biri, Quranda adı anılaraq lənət oxunan şəxsdən, Əbu Ləhəbdən bəhs edəcəyik. Görəsən, həm Əbu Ləhəb, həm də Quranda məhz ondan və xanımı Ümmü Cəmildən bəhs edən “Təbbət” surəsi günümüz üçün hansı mesajları verir?
O, Peyğəmbərə (s.ə.s.) yaxın olduğu qədər uzaq idi
Həzrət Peyğəmbərimizə (s.ə.s.) ilk qarşı çıxanlardan biri Əbu Ləhəb idi və o bu israrına ömrünün sonuna qədər davam elədi. Əslində, Həzrət Peyğəmbərimizlə (s.ə.s.) Əbu Ləhəb arasında peyğəmbərlikdən əvvəlki dövrdə çox güclü əlaqələr var idi. Əbu Ləhəb Həzrət Peyğəmbərimizin (s.ə.s.) əmisi idi. Eyni şəhərdə, eyni səmtdə, hətta divar qonşusu olaraq yaşayırdılar. İllər əvvəl Əbu Ləhəbə təzəcə vəfat etmiş qardaşı Abdullahın yetim oğlu Həzrət Peyğəmbərimizin (s.ə.s.) dünyaya gəlmə xəbərini cariyəsi Suveybə xəbər vermişdi. O da məhz qəbilə təəssübkeşliyindən irəli gələrək qardaşı oğlunun dünyaya gəlmə xəbərinə sevinmiş və cariyəsi Suveybəni bu sevinclə azad etmişdi. Peyğəmbərimizin (s.ə.s.) iki qızı ilə Əbu Ləhəbin iki oğlu arasında söz kəsilmişdi. Onlar yaxın gələcəkdə evlənəcəkdilər. Ancaq peyğəmbərlik missiyasının başlaması ilə bu əlaqələr pozuldu və yerini düşmənçilik aldı.
Əbu Ləhəbin timsalında əcdada kor-koranə bağlılıq…
Əslində İslamdan əvvəl Məkkə şəhərində, ümumiyyətlə ərəb cəmiyyətində qəbilə təssübkeşliyi, eyni soydan olanların başqalarına qarşı birləşərək birgə hərəkət etmələri çox təbii, hətta gərəkli bir əməl idi. Bu minvalla Əbu Ləhəb də digər qohumları kimi qardaşı oğlunu, yəni Həzrət Peyğəmbərimizi (s.ə.s.) bu hiss və duyğu ilə məkkəlilərə qarşı qorumalı idi. Bu sadəcə İslamın tələbi deyil, aid olduğu ərəb cəmiyyətinin də onun üzərinə qoyduğu mənəvi bir tələb idi. Lakin Əbu Ləhəb qardaşı oğlunun rəhbərliyi ilə başlanmış bu yeni dini hərəkatın (İslamın) Məkkədə sosial, siyasi, dini və bir çox sahələrdə dərin dəyişikliklər gətirəcəyini çox yaxşı anlayırdı. Buna görə də o və qardaşı oğlu ilə çox şiddətli və bəzən də həddi aşan düşmənçiliyə başlamışdı. İslamdan əvvəlki Məkkə şəhərində çox güclü bir şəkildə əcdada kor-koranə bağlılıq var idi və bu anlayışı aşa bilmək hər adamın işi deyildi. Məkkənin dörd ən zəngin insanından biri hesab edilən Əbu Ləhəb əcdadlarından miras aldığı bu mövcud sosial-iqtisadi sistemi qoruyub saxlaya bilməyin şiddətli tərəfdarı idi.
O sahib olduğu imtiyazların əlindən alınacağından qorxurdu
Qardaşı oğlunun çatdırdığı yeni dini cərəyanın vəd etdiyi qaydalara görə əcdadlarının inancları şübhə altına alınacaq, insanlar arasında sosial ədalət, bərabərlik təmin ediləcək, heç kimə imtiyaz verilməyəcəkdi. Beləliklə, Əbu Ləhəb qardaşı oğlunun bu davası ilə (İslamın gətirdiyi ilahi buyuruqlarla) köhnə dini nizamın ona verdiyi siyasi və iqtisadi imtiyazları itirəcəyini gördü. Bu səbəbdən ona görə bu yeni dini cərəyan aradan qaldırılmalı idi. Bu işdə onun ən böyük köməkçisi həyat yoldaşı Ümmü Cəmil olmuşdur. İstər Əbu Ləhəb, istərsə də onun xanımı Ümmü Cəmil İslamın Məkkədə ayaq açıb yayılmaması üçün çox çalışdılar, səy göstərdirlər. Ancaq onlara qalan sadəcə məyusluq oldu.
Əbu Ləhəb və Ümmü Cəmilin məyusluğu
Əbu Ləhəb də məhz bu düşmənçiliyindən qaynaqlanaraq iki oğlunun Peyğəmbərimizin (s.ə.s.) iki qızı ilə (Ruqiyyə və Ümmü Gülsümlə) evlənməsinə mane oldu. Ancaq bu belə nəticədə Əbu Ləhəb ailəsinin məyusluğunu artırdı. Peyğəmbər (s.ə.s.) tərbiyəsində yetişmiş bu iki nur parçası ilə ayrı-ayrı vaxtlarda Həzrət Osman (r.a.) evlənəcək və “Zinnureyn” (iki nur sahibi) adını alacaqdı. Məkkə illərində Həzrət Xədicə (r.anhə) İslam yolunda malı və canı ilə necə çalışırdısa, eyni bu cəhdi Əbu Ləhəb və xanımı qarşı tərəfdə İslam aleyhinə edirdilər. Quranda Əbu Ləhəb və xanımının aqibətindən bəhs edilən “Təbbət” surəsi bu ər və arvadın qiyamətə qədər mənfi nümunə olaraq yaddaşlarda qalmalarına səbəb olmuşdur. Əbu Ləhəb ömrünü fəda etdiyi bu əməllərinin Bədrdə məğlub olduğunu gördü. Ancaq Əbu Ləhəb və xanımı Ümmü Cəmilin ən böyük məyusluğu ölümlərindən sonra olsa da, Uteybədən başqa bütün övladlarının onlar vəfat etdikdən sonra İslamı qəbul etmələri onlar adına ayrı bir məyusluq idi.
Qeyd: Yazının davamını buradan oxuya bilərsiniz.
Nazim Mustafayev