Budəfəki müsahiblərimiz Hacı Hafiz Abbasov və Hacı Rüfət Qarayevdir. Hacı Hafiz Abbasov Heydər məscidinin sünni imamı, Hacı Rüfət Qarayev Heydər məscidinin şiə imamı olaraq məscid açıldığı gündən buraya təyin olunublar və fəaliyyətlərini burada davam etdirirlər. Müsahibə zamanı Heydər məscidinin ümumi fəaliyyətindən, burada ta ilk gündən sünni və şiə müsəlmanlarının bütün namazlarını birgə yerinə yetirmələrindən bəhs etdik. Ümid edirik ki, oxucularımız üçün də faydalı olacaq. Sizi iki dəyərli insan Hacı Hafiz və Hacı Rüfət bəylə baş-başa buraxırıq...
Əvvəla müsahibəni qəbul etdiyinizə görə yeniavaz.com kollektivi olaraq ayrı-ayrılıqda hər birinizə təşəkkür edirik. Hafiz bəy, əvvəla sizdən başlamaq istəyirəm. Məscidin sünni imamı olaraq vəhdət namazının dini təməli barədə nələr demək olar? Bu namazın hansısa fiqhi və dini dəlilindən bəhs edə bilərikmi? Bu haqda danışmağınızı istərdik...
Bismilləhir-Rahmənir-Rahim. Heydər məscidinin imamı Hacı Hafiz Abbasov. Minnətdaram ki, Heydər məscidinin ümum fəaliyyəti, burada görülən, nail olunan işlər barədə müsahibə hazırlayırsınız. Yeniavaz.com saytının kollektivinə uğurlar arzulayırıq.
2016-cı ildən etibarən Bakı şəhərində mərhum prezidentimizin adına olan bu böyük məsciddə müsəlmanların bir qismi sünni, bir qismi də şiə məzhəbindən olmasına baxmayaraq birgə namaz qılırlar. Namazlarını birgə qıldıqlarına görə, ayrı-ayrı məzhəblər olaraq namaz qılmadıqlarına görə bu namaza vəhdət namazı adı verildi. Əslində, vəhdət namazı deyilən namaz yoxdur. Vəhdət namazı deyildiyi zaman birmənalı anlaşılmalıdır ki, burada sünni və şiə müsəlmanlarının birgə qıldığı namazdan söhbət gedir. Namaz namazdır. Rüknlər, içində oxunan Fatihə surəsi, digər ayələr və s. dəyişmir. Amma birgə qılındığına görə, yəni, əhli-sünnə məzhəblərinə mənsub olanlarla şiə məzhəbinə (Cəfəri məzhəbinə) mənsub olanlar burada cümə, bayram, gündəlik vaxt namazlarını, Ramazan ayında qılınan təravih namazını birgə qıldıqlarına görə namaza vəhdət namazı adı verilib. Qeyd etdiyim kimi, namaz sadəcə olaraq belə adlandırılıb. Əks halda (haşa) yeni bir namaz növü icad edilməyib.
Hafiz bəy, bəs əvvəllər niyə vəhdət namazı deyilən məfhuma ehtiyac yox idi?
Çünki əvvəllər Peyğəmbərimiz (s.ə.s.) zamanında və yaxud da xilafət zamanında belə bir problem yox idi. Belə bir adda namaza da ehtiyac yox idi. Çünki insanlar onsuz da birgə namaz qılırdılar. Amma əsrlər keçdikdən sonra insanların xüsusilə də dini ibadət zəminində bir-birindən ayrılmaları, hətta bir məsciddə iki əzanın verilməyi, iki namazın qılınmağı, bir qrupun gözləyib, sonradan təkrar eyni namazı digər qrupun qılması yox idi. Yaşanan bu hadisələr ortaya bir sual çıxardı: Bu insanlar görəsən niyə əvvəlki kimi, ta Peyğəmbər (s.ə.s.) dövründəki kimi birgə namaz qılmırlar? Birgə namaz qılmağa başlanılandan sonra da buna bir ad verildi. Adı oldu vəhdət namazı. Niyə bu məsələnin üzərində dururam. Bəziləri deyirlər, vəhdət namazı deyilən bir namaz yoxdur. Əlbəttə, bu bəllidir ki, "vəhdət namazı" adı ilə xüsusi bir namaz yoxdur. Vəhdət namazı sünni və şiə müsəlmanlarının birgə, vəhdət şəklində qıldıqları namaz deməkdir.
Hafiz bəy, digər müsəlman ölkələrində bəzən ayrı-ayrı məscidlərdə ibadətlərini yerinə yetirən sünni və şiə müsəlmanlarının burada, Heydər məscidində, eyni məkanda bərabər şəkildə və birgə namazlarını qılma fikri necə formalaşdı? Bu, asan başa gəldimi?
Allaha (c.c.) həmd olsun ki, 2016-cı ildən etibarən biz buna burada, Heydər məscidində nail olmuşuq. Ancaq namazların vəhdət şəklində və birgə qılınmasına nail olmağımız o qədər də asan başa gəlmədi. Bu, böyük bir araşdırmadan sonra həyata keçdi. Mən tam əminliklə deyə bilərəm ki, əsası da Bakı İslam Universitetində verilən təlimdə öz əsasını tapır. Əsası oradan qoyulur. Bakı İslam Universiteti açıldığı vaxtdan, 1989-cu ildən etibarən məhz müsəlmanların vəhdətinə xidmət edir. Çünki Azərbaycanda fərqli kimi görünən iki məzhəbin nümayəndələri əhli sünnə və əhli şiə nümayəndələri bir universitetdə dərs görüblər. Hər biri digərinin fiqhini, şəriət məsələlərini öyrəniblər. Hər iki məzhəbin müəllimləri tələbələrə dərs deyiblər. Tələbələr də hər iki məzhəbdən olublar. Qardaş şəklində birgə tədris görüblər və onun da sayəsində Heydər məscidinin fəaliyyətə başladığı vaxtdan, 2016-ci ildən bu yana namazlarımızı birgə həyata keçirməyə başlamışıq. Bu da bizim nailiyyətimizdir. Rəbbim bizi bu yoldan ayırmasın.
Rüfət bəy, eyni sualı sizə ünvanlamaq istəyirəm. Vəhdət namazının dini təməlini siz harada görürsünüz? Heydər məscidinin şiə imamı olaraq bu barədə nələr deyə bilərsiniz?
Rəhman və rəhim olan Uca Allahın (c.c.) adı ilə. Mən də sizə öz təşəkkürümü bildirirəm. Bu kimi dəyərli mövzuları gündəmə gətirirsiniz, işıqlandırırsınız. Allah (c.c.) Hafiz bəydən razı olsun. Mühüm nöqtələrə toxundu. Sualdan da göründüyü kimi ortada bir iş var. Cəmiyyətimizi, insanları, elə məscid camaatını maraqlandıran bəzi suallar olur. Bunlardan biri də belədir: "Sünni və şiə müsəlmanlarının birgə və vəhdət halında namaz qılmaları hər iki tərəfin hansı fiqhi və şəri dəlilləri əsasında baş verir?" Allah Rəsulunun (s.ə.s.) dövrünə, Onun (s.ə.s.) qıldığı namaz formasına baxdığımız zaman bir namaz forması görürük. Bunun əsası təbii ki, Qurani-Kərimdəndir. Allah (c.c.) namaz qılın deyə əmr edirdi, müsəlmanlar da namaz qılırdı. Allah Rəsulu da (s.ə.s.) belə desək, öz ictihadı ilə namazın formasını tətbiq etmişdi. Səhabələr və əhli-beyt bu formada namaz qılırdı. Aradan bir dövr keçdi. Müəyyən tarixi, ictihadi məsələlərlə insanlar arasında müəyyən bölünmələr başladı. Hər iki tərəf özünü haqlı gördü. Haqlı görməyə də əsas olan, dəlil olan məsələlər oldu. Və bu əsrlərdən keçərək gəlib günümüzə çatdı. Bu, bir ilin, beş ilin, on ilin, bir əsrin məsələsi deyil, əsrlərin məsələsidir. Bir reallıqla barışmalıyıq ki, bu gün dünyada həm əhli-sünnə məzhəbi var, əhli-sünnə məzhəbində müəyyən qollar var. Eyni zamanda Cəfəri məzhəbi var ki, biz bunlara şiələr deyirik. Həmkarım Hacı Hafizin gözəl bir sözü var, deyir: "Bölünməyə gəlsək, bölünmək üçün kifayət qədər detallar var, dəlillər var. Onlara əsaslanaraq bölünə bilərik. Ancaq bu gün bizə bölünmək lazım deyil". Bəs bölünmək lazım deyilsə, bunu bizmi istəmirik? Yaxud öz ağlımızın məhsulunu ortaya qoyub deyirik ki, gəlin birləşək? Xeyr, bu belə deyil. Təbii ki, yenə kökə qayıdırıq. Allah Rəsulunun (s.ə.s.) dövründə qılınan namaza baxırıq. İslamın bizə buyurduğu namaza baxırıq. Əhli-beytin qıldığı namaz formasına baxırıq. Yaxud onların dövründə müəyyən ixtilaflar yaranıbsa, o ixtilafları hansı formada həll etmələrinə baxırıq. Görürük ki, məsələlər o qədər də bizim günümüzə çatdırıldığı kimi deyil. Müəyyən tarixi ixtilaflar ola bilər. Amma bunun olması müsəlmanların, ümmətin parçalanmasına dəlil deyil. Yaxud ümmət həminki dövrdə o ixtilaflardan bölünüb parçalanmayıb. Təbii ki, bu bölünüb parçalanmada belə desək, müxtəlif qüvvələrin, müxtəlif cərəyanların maraqları olub. Bu maraqlar əsasında bölünmələrdən, ictihadi məsələlərdəki ayrılmalardan sui-istifadə edib qarşı tərəfləri daha çox qızışdırıb bir-birinə düşmən etməyə çalışıblar. Həmin məsələlər elə bu gün də var. Məzhəblər arasında bir-birinə xoş baxan, bir-birinə qardaş deyən və yaxud da daha çox radikallaşıb, bir-birinə düşmən gözü ilə baxan firqələr, qruplar elə günümüzdə də var. Biz buradan yola çıxaraq kökə baxanda Qurani-Kərimin bizi birliyə çağırdığını, Allah Rəsulunun (s.ə.s.) hədislərinin bizi birliyə çağırdığını görərik. Həmçinin, Əhli-beyt imamlarının kəlamları bizi birliyə çağırır. Səhabənin həyatında birlik və vəhdət görürük.
Rüfət bəy, birgə qılınan namazlardan söhbət gedirsə, o zaman Cəfəri məzhəbinə görə, sünni imama tabe olaraq qılınan namazın hökmündən bəhs etmənizi istərdik...
Cəfəri məzhəbinin müctəhidlərinin görüşlərinə, fətvalarına baxanda görürük ki, elə bir görüş, elə bir fətva yoxdur ki, bizə desin, əhli-sünnə imamının arxasında dayanıb namaz qılmayın. Əhli-beyt imamlarını əsas gətiririksə, onların elə bir kəlamı, elə bir hədisi yoxdur ki, bizə əhli-sünnə imamının arxasında dayanıb namaz qılmağı qadağan etsin. Belə bir qadağa yoxdur, hətta həvəsləndirici, təşviqedici kəlamlar var. Məsələn, İmam Cəfər Sadiq əleyhissəlam buyurur ki: "Əhli-sünnə imamının arxasına dayanıb namaz qılmaq Peyğəmbərin (s.ə.s.) arxasında dayanaraq namaz qılmaq kimidir". Əhli-sünnə imamının arxasında dayanıb namaz qılmaqda heç bir qəbahət, heç bir qüsur olmadığı ilə bağlı Şiə məzhəbində, Cəfəri məzhəbinin qaynaqlarında 14 müctəhidin fətvası var.
Cəfəri məzhəbinin imamı dəstəmaz zamanı ayağını yuyurmu?
Əhli-sünnə imamı həmkarım Hacı Hafiz qardaşım da təbii ki, bu mövzuya toxunar. Xüsusən, bu sual tez-tez gündəmə gəlir: "Cəfəri məzhəbinin imamı ayağını yuyurmu?" Bu sualı xüsusilə soruşurlar. Əhli-sünnənin baxışı bundan ibarətdir ki, Cəfəri məzhəbində olan imamın öz məzhəbinə görə dəstəmazı kamildirsə, namazı kamildirsə, biz onun arxasında dayanıb namaz qıla bilərik. Amma bəzən bu məsələdə də müəyyən qüvvələr, müsəlmanların birliyini, vəhdətini istəməyən insanlar qızışdırıcı rol oynayır, yaxud "Harada, nəyi tapım ki, bunları bölüm" fikrinə düşürlər. Təbii ki, çirkli ayağa məsh çəkilməz. Biz ayağımızı yuyuruq, təmizləyirik pak olur. Pak olduğu zaman da dəstəmazın bir hissəsi məsh çəkməkdirsə, ayağımıza məsh çəkirik. Hacı Hafiz həmişə misal gətirir ki, əhli-sünnənin özündə belə Şafei məzhəbində qan çıxır dəstəmaz pozulmur, Hənəfi məzhəbində qan çıxır dəstəmaz pozulur. Ancaq Hənəfi və Şafei məzhəbinin mənsubları bir-birilərinin arxasında rahatlıqla namaza dururlar. Nə üçün qılırsan, nəyin əsasında qılırsan? Çünki onun öz məzhəbinə görə dəstəmazı doğrudur, kamildir. Onun öz məzhəbinə görə dəstəmazı doğru və kamil olduğuna görə sən də ona qoşulub qılırsan. Eyni zamanda, Cəfəri məzhəbində olan imam əgər öz məzhəbinə görə dəstəmazını kamil alırsa, namazını kamil qılırsa, burada da əhli-sünnənin onun arxasında durub namaz qılmağında heç bir qəbahət yoxdur.
Rüfət bəy, birgə namaz zamanı diqqət edilən başqa nə kimi detallar var?
Detallara getsək, kifayət qədər detallar var. Kimlərsə müəyyən bəhanələr gətirərək, "Bunu etmirsən", "Burada ara verirsən", "Burada filan edirsən" deyə bilər. Ancaq məlumdur ki, əsasda fərq yoxdur. Namazda fərqliliklərdən biri də kunutdur, namaz içərisində kunut duasının oxunma yeridir. Kunut müstəhəbdir, yəni dinən bəyənilən, sevilən, xoş görülən əməldir. Cümələrdə yəqin ki, iştirak edirsiniz. Hər dəfə cümələrdə Hacı Hafiz qardaşım imam olan zaman elan edir ki, sıralarımızda Cəfəri məzhəbindən olan qardaşlarımız olduğu üçün kunut tutmaq üçün onlara fasilə veriləcək, vaxt ayrılacaq. O ayrılan vaxtda onlar kunut tuta bilərlər. Bu ayrılan vaxt namazın rüknlərinə, yəni namaza başladıqdan sonra namaz içərisində olan fərzlərə heç bir müdaxilə etmir. Namazın rüknünü pozmur. Görürsən, bəzən burada da bəzi fürsətçi insanlar, insanları bölmək üçün, parçalamaq üçün deyir ki, ara məsafəsi oldusa, artıq bizim namazımızın tərtibatı pozulmuş olur. Elə olsa, Səudiyyədə və digər ölkələrdə insanlar rükudan qalxanda və yaxud da rükuya getməzdən əvvəl kifayət qədər ara məsafəsi verir ki, bizə kunut üçün o qədər belə vaxt lazım olmur. Cümələrdə mən özüm (Rüfət Qarayev - red.) imam olanda deyirəm ki, sıralarımızda əhli-sünnə qardaşlarımız olduğu üçün biz kunut tutacağıq, səssiz tutacağıq. Yəni, hiss etdirmədən tutacağıq. Yəni, biz orada kunut dualarını uzun oxusaq, səsli formada oxusaq, bir az namazın elə bil qabarıq şəkildə fərqliliyini ortaya qoymuş oluruq. Bu baxımdan bu məsələlərdə müəyyən güzəştlərə gedirik. Elə güzəştlərə ki, onlar bizim əqidəmizin, etiqadımızın əsasları deyil, elə güzəştlərə ki, onlar bizi dindən çıxarmır, İslamdan çıxarmır, Qurana müxalif deyil, sünnəyə müxalif deyil, əhli-beytin yoluna müxalif deyil.
Rüfət bəy, bu işin asan və zövqlü, yaxud çətin və məsuliyyətli tərəflərini nədə görürsünüz?
Kökdə, əsasda, Allah Rəsulunun (s.ə.s.) dövründə var olan, onların edib bu gün bizim etmədiyimiz, bizim kökdən qopub ayrı düşdüyümüz məsələlər, məqamlar var ki, biz yenidən həmin kökə, əsasa qayıdaraq, birləşdirici mövqe tutmağa çalışırıq. Təbii ki asandırmı, asan deyil. Bu işlər çətindir. Çünki qarşımızda oturan bütün insanlara biz bunun izahını vermək məcburiyyətindəyik. Verərkən yoruluruq. Ancaq eyni zamanda zövq alırıq, işimizdir. Həmçinin, biz insanlara bunun izahını etdikdən sonra qarşı tərəf də boş durmur. O da hər iki tərəfdən fikirlər təlqin edir. Yox, filan alim belə deyir, filan müctəhid belə deyir və s. Sünni və şiə müsəlmanlarının vəhdət halında və birgə şəkildə namaz qılma ənənəsini, bunun mümkünlüyünü cəmiyyətdə insanlara aşılayanda, müctəhidlərdən, xocalardan, əfəndilərdən, alimlərdən tam dəlillər gətirirsən, ancaq yenə də görürsən ki, bu dəlillərin olmasına baxmayaraq deyir ki, yox mənim ürəyimə yatmır, mənim ağılım bunu qəbul etmir. Çünki əsrlərdir bölünmüş, parçalanmış bir şeyi biz birləşdirməyə çalışırıq. Bəli, bu baxımdan işimiz zövqlü olsa da, asan deyil, həm də öz məsuliyyəti var.
- Allaha (c.c.) həmd olsun, bu işin ortada olan bir nümunəsi var ki, hər cümədə 3000-3500 insan gəlib bunu təsdiqləyirsə, demək ki, biz doğru yoldayıq. İşimiz doğrudur. O insanlar da ağıllı insanlardır. Ancaq əvvəllər insanlar bir az şübhə ilə yanaşırdılar. "Görəsən, bunlar hansısa tapşırıq və ya məqsədləmi bu işi həyata keçirir?" deyə düşünürdülər. Biz burada xütbələrimizdə mövzuları elə seçirik ki, seçilən mövzular tərəfləri incitməsin. Əsas əxlaqi, ədəbi, əqidəvi, iman artırma yönündə mövzular seçirik ki, sosial-ictimai məsələlərə toxunaq, tarixdəki bir çox məsələləri qabartmayaq. Çünki o məsələlərin qabarması heç kəsə fayda vermir. Bu gün onsuz da dünya parçalanır, müsəlmanlar parçalanır. Kifayət qədər qarşıdurmalar var. Bu qarşıdurmalardan istifadə edən kifayət qədər qüvvələr var. Və biz də çalışırıq ki, bu işdə əlimizdən gəldiyi qədər insanları birləşdirək, müsəlmanları birləşdirək.
Hafiz bəy, əhli-sünnə alimləri Cəfəri məzhəbinə mənsub bir müsəlmanın, imamın arxasında namaz qılmaqla bağlı nə kimi fətvalar verib, görüşlər söyləyib? Bu barədə danışmağınızı istərdik...
Əhli-sünnə məzhəbi olaraq bilinən məşhur dörd məzhəb var. Bu dörd məzhəbin alimlərinin yetkinliklə dediyi bir söz var ki, qiblə əhli kim olursa-olsun, onun arxasında namaz qılınar. Yalnız və yalnız o adamın arxasında namaz qılınmaz ki, onun əqidəsində problem var. Biz çox gözəl bilirik ki, istər əhli-sünnədə olsun, istər əhli-şiədə olsun, hər ikisində əqidəyə tərs, müxalif olan insanlar var, İslamın Allah (c.c.) inancına, Peyğəmbər (s.ə.s.) inancına tərs düşən insanlar var. Onlar da müəyyən qollardır və nə əhli-sünnədə, nə də əhli-şiədə qəbul edilmir. O insanların arxasında durub namaz qılmaq doğru deyil. Heç kimin dinin əsaslarını dəyişmək haqqı yoxdur. Alimlərin alimi olsan belə, əsas vacib əməlləri dəyişmək hüququna sahib deyilsən. Çünki haqqında Quran ayələri var, haqqında səhih olan hədislər var ki, bu ayələrdən, hədislərdən heç kim kənara çıxa bilməz. Mən həmişə demişəm, yenə də deyirəm ki, ayrılmaq üçün milyonlarla səbəb göstərmək olar. Amma birləşmək üçün gərək o səbəblərin hamısını kənara qoyasan. Çünki onları toplasan bir vacib, bir fərz eləmir ki, onun üzərində ayrılaq. Hətta elə bir həddə çataq ki, misal üçün günorta əzanı vaxtıdır. Bir qrup insan gözləyir, bir qrup insan namaz qılır. Sonra onlar çıxır, müəyyən zaman keçir ikinci bir qrup gəlir. Əslində, bu şəriətə görə doğru deyil. Bir namaz iki dəfə ard-arda arada gözləmə ilə qılınmaz. Hətta eyni anda, eyni məscid və ya eyni məkanda olsalar da, ayrı-ayrı camaat olaraq namazlarını qılanlar da var ki, bu da şəriətə görə doğru deyil.
Ancaq mən çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, elm tədris edilən mərkəzlərdə yalnız bir tərəf tədris olunur. Ya əhli-sünnə, ya əhli-şiə. Bakı İslam Universitetində hər iki tərəf tədris olunduğuna görə, orada oxuyan əksər din xadimləri vəhdət görüşlüdür. Amma onların əksəriyyəti üçün arena, yəni platforma yoxdur. İnanıram ki, platforma olduğu zaman qiyamətə qədər sünni, şiə qardaşı ilə, şiə də sünni qardaşı ilə çiyin-çiyinə, yan-yana bu gün burada, Heydər məscidində olduğu kimi növbəli bir şəkildə, bir dəfə biri, digər dəfə o biri önə keçib, ancaq bir camaat şəklində namazlarını, ibadətlərini həyata keçirəcəklər.
Rüfət bəy, biz belə deyə bilərikmi, vəhdət namazı deyilən namaz elə cümə namazıdır, gündəlik vaxt namazlarıdır, təravih və ya bayram namazlarıdır. Sadəcə olaraq, bu namazları sünni və şiə müsəlmanları burada, Heydər məscidində birgə yerinə yetirdiklərinə görə adına vəhdət deyilir?
Cəfəri məzhəbində olan imam öz məzhəbinə görə namazını qılır. Bunun zahiri görüntüsü möhür qoyub, qolu açıq qılmaqdırsa, buna riayət olunur. Əhli-sünnə məzhəbinə mənsub olan qardaşlarımız qolu bağlı namazını qılır. İnsanlar da elə bu halda bizi gördükdə, zahiri görkəmimizlə bizə şiə deyirlər, digərlərinə əhli-sünnə deyirlər. Yəni, bizim vəhdət şəklində qıldığımız namazda bir cümə Hacı Hafiz qardaşım keçib imamlıq edir, digər cümə mən (Rüfət Qarayev - red.) keçib imamlıq edirəm. Arxamızda duran 3000-3500 sünni-şiə müsəlmanla birgə namazlarımızı qılırıq. Vəhdət namazı bizim, müsəlmanların, sünnilərin və şiələrin birlikdə qıldığı namazın adıdır. Bu adın ortaya çıxması birgə yerinə yetirilən ibadətə görə formalaşıb. Əks halda, adı nə olursa olsun xüsusi bir ibadət növü ortaya çıxarılmayıb. Yəni, müsəlmanların birliyinə, müsəlmanların bir yerdə olmalarına vəhdət deyilir.
Məni öz məclisinə dəvət edən öz məzhəbimizdən olan insanlar oldu ki, biz daha çox sayla gələk və biz burada məzhəb olaraq dəstək verək, biz burada çox olaq deyə təkliflər etdilər. Eyni təkliflər Hacı Hafizə də edildi. Təklif oldu ki, bizim üçün burada xüsusi şərait yaradın, cümələrdə əvvəl aşağıda qılırdıq, indi yuxarıda ayrı qılaq. Yaxud da birləşməyək, namazları elə ayrı-ayrı qılaq. Ancaq bu təkliflər bizə verildikcə, bu bizim daha çox birləşməyimizə, daha çox möhkəmlənməmizə səbəb oldu.
Hafiz bəy, yay aylarında məktəblərdə tətillər başlayır. Yay tətillərində uşaqların Heydər məscidinə gəlmələri, Quran əlifbasını öyrənmələri ilə bağlı proqramlar olurmu? Misal üçün builki yay tətilində belə bir proqram planda varmı?
Nümunəni yəqin ki, siz Türkiyədən götürürsünüz. Orada məscid hansı bölgədədirsə, həmin bölgənin sakinləri hər kəs bir nəfər kimi uşaqlarını yay tətilində məscidə göndərir. Amma Azərbaycanda elə bir təcrübə yoxdur. Biz o təcrübəni yavaş-yavaş insanlara aşılamağa çalışırıq. Yəni, belə deyək başlamışıq. Bizim bura uşaqlar gəlirlər. Məktəb bitəndən sonra haradasa bir ay burada Qurani-Kərim öyrənirlər. Həftənin bir neçə günü ayrılır. Əlifbadan başlayırlar, məscidimizin imamları, köməkçiləri kimin fürsəti varsa, bu işlə məşğul olurlar. Uşaqlara bu təlimlər verilir. Hətta il boyu da bu təlimlər verilir. Ancaq başqa ölkələrdə gördüyünüz kimi kütləvilik təşkil etmir. Çox cüzi olaraq bizim məscidimizə müraciət olunur. Elə məscidlər var ki, ora çox adam müraciət edir. Mən ümid edirəm ki, gələcək illərdə bunun sayı getdikcə artacaq. Hətta elə bir il gələcək ki, artıq Türkiyədə gördüyümüz o ab-hava, o mənzərə burada da yaşanacaq və yüzlərlə, bəlkə də minlərlə uşaq eyni anda məsciddə 10-15 qrup şəklində Quran öyrənəcək. Allahın (c.c.) iznilə bu proqramları həyata keçirmək üçün əlimizdən gələn addımları atmağa çalışırıq.
Rüfət bəy, hazırkı vəziyyətdə Heydər məscidində insanların könüllü olaraq gəlib, bu dərsi alma imkanları var, yoxsa, burada əvvəlcədən bu kimi proqramlar təşkil edilir, sonra elanı verilir?
Məscidimizdə elan var. Təkcə yay fəslində deyil, ilin bütün fəsillərində istər böyük yaşda olanlar, istər kiçik yaşda olanlar gəlib Quran öyrənə bilərlər. Bunun üçün xüsusi müəllimlər ayrılıb. Və valideynlərin icazəsi şətrdir. O şəkildə gəlib müraciət edib öyrənə bilərlər.
Müsahibə üçün hər birinizə ayrı-ayrılıqda təşəkkür edirik.
Biz də təşəkkür edirik. Çox sağ olun...
Nazim Mustafayev