Bal arısına Cənab Allahın (c.c.) “vəhy etməsi” nə mənaya gəlir?


Cənab Allah (c.c.) yaradıcılığının, sənətinin, qüdrətinin və digər sifətlərinin bir sübutu olaraq bal arısını insanların diqqət və müşahidəsinə təqdim edir. Quranda bal arısı ilə Cənab Allah (c.c.) arasında bir əlaqənin olduğu açıqlanır. Allahın (c.c.) bal arısını “vəhy” yolu ilə təlim-tərbiyə prosesindən keçirməsi, ona doğuşdan bəzi qabiliyyətlər verməsi deməkdir. Cənab Allahın (c.c.) xüsusən peyğəmbərlərə (ə.s.) mesaj göndərməsi mənasında işlədilən vəhy kəlməsi Quranda bal arısı ilə Allah (c.c.) arasındakı münasibətlə bağlı olaraq da işlədilir. Beləliklə Allah-insan arasındakı münasibətə bənzər bir vəziyyətin Allahla (c.c.) digər canlılar arasında da mövcud olduğu vurğulanır.

Arılarda zəka varmı?
Arıların bir çox fəaliyyəti müşahidə altına alınanda oların zəkaya sahib olduğu təəssüratı yaranır. Ancaq araşdırmalar zamanı belə bir təəssüratın həqiqəti əks etdirmədiyi aydın olur. “Ağıllı” hesab edilə biləcək qədər qeyri adi qabiliyyətlərə sahib olan bal arıları şüurlu varlıqlar kateqoriyasına daxil edilmir.
Arı ailəsinin mürəkkəb sosial əlaqələri və fəaliyyəti instinktlər və sövq-təbii hisslər üzərində qurulub. Misal üçün arıların çiçəkləri öyrənməsi və tanımasındakı ən mühüm amil instinktlər, sövq-təbii hisslərdir. Arılar çiçəklərin yerini kəşf etməyi, bal pətəkləri düzəltməyi, pətəkləri başqa formalarda deyil, məhz altıbucaqlı prizma şəklində etməyi, bir sözlə hər şeyi hansısa digər arılardan öyrənmirlər. Onlar dünyaya gələr-gəlməz heçbir təhsil almadan heyrətamiz formada öz fəaliyyətlərinə başlayırlar. Bütün bunları edə bilmələri üçün Cənab Allah (c.c.) onlara instinktlər, sövq-təbii hisslər vermişdir.

“Nəhl” sözü məhz bal arısı mənasına gəlir
Quranda xəbər verildiyi üzrə Cənab Allah (c.c) ilə bal arısı arasında bir növ təhsil prosesi, öyrətmə və öyrənmə əlaqəsi var. Quranda bal arılarının yuva inşa etmələrindən, yuvalarını qurduqları yerlərdən, yer üzündə bitkilərdən yemək əldə etmələrindən və bal düzəltmələrindən danışılır. Quranda açıq bir şəkildə işarət edilməməsinə baxmayaraq təfsir alimləri sözügedən ayəni təfsir edərkən arı sürüsündəki birgə fəaliyyət və əməkdaşlıq bacarıqlarından da bəhs edirlər. Gəlin əvvəla həmin ayələrə nəzər salaq: “Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə yuva qur! Sonra bütün meyvələrdən ye və Rəbbinin sənin üçün asanlaşdırdığı yollarla get!” Onların qarınlarından insanlar üçün şəfa olan müxtəlif rənglərdə şərbət (bal) çıxar. Şübhəsiz ki, bunda düşünən insanlar üçün bir dəlil vardır” (Nəhl, 16/68-69).
Arı sözünün ərəb dilindəki qarşılığı “nəhl” kəlməsidir. Qeyd edək ki arı növləri içərisində müxtəlif arı ailələri olsa da Quranda “ən-nəhl” ifadəsi ilə haqqında danışılan ümumi mənada hansısa bir arı növü deyil, məhz bal arısıdır. Ayədəki: Rəbbin bal arısına belə vəhy etdi…” (Nəhl, 16/68) ifadəsinin orijinalında da yenə “arı” sözünün qarşılığı olaraq “nəhl” kəlməsi ilə qarşılaşırıq. “Nəhl” sözü ilə eyni kökdən gələr “nihlə” kəlməsi də yaxşılıq etmək, başqasına yardım və köməklik etmək mənasına gəlir. Arılar da asanlıqda balı çıxarıb verirlər. Bal arısı üzərinə qonduğu hər hansı bir şeyə (müdafiə vəziyyəti xaric) zərər vermirlər. Ümumi mənada verə biləcəkləri ən böyük faydanı verirlər. Misal üçün insanlara şəfa mənbəyi olan balı hazırlayırlar.

Quranda “ilham” mənasında işlədilən “vəhy” ifadələri
Quranda bal arısının ən bariz xüsusiyyəti olaraq Allahın (c.c.) bal arısına “vəhy” etməsi göstərilmişdir. Ərəb dilində “vəhy” bir şeyi gizlicə bildirmək, xəbər vermək mənasına gəlir. Vəhy, sadəcə danışanla dinləyənin başa düşə biləcəyi bir növ gizli işarədir. Əlbəttə məlum məsələdir ki, bu ayədə keçən “vəhy” kəlməsi ilə Peyğəmbərlərin (ə.s.) Cənab Allahdan (c.c.) vəhy alması mahiyyətcə fərqlidir. Təfsir alimləri bir mənalı olaraq bal arısına edilən vəhyin “ilham” olduğunu qeyd edirlər. Necə ki Quranda Həzrət Məryəmə (Ali İmran, 3/45), İsa Peyğəmbərin (ə.s.) həvarilərinə (Maidə, 5/111) və Musa peyğəmbərin (ə.s.) anasına edilən “vəhy”dən (Qasas, 28/7) danışılır ki, bunlar da “ilham” mənasında işlədilmişdir. Əks halda Quranın ümumi məna bütünlüyünə görə həqiqi mənada vəhyi sadəcə Peyğəmbərlər (ə.s.) alır.
Bal arılarına edilən “vəhy”in (ilhamın) məqsədi dağlarda, ağaclarda və insanların hazırladığı yuvalarda evlər (pətəklər) düzəltməyə yönəltməkdir. Bal arıları geniş sahələrdə, tarlalarda, dərələrdə, yüksək dağlarda istədikləri yerdə və necə istəsələr, dolaşırlar. Sonra hər biri nə sağa, nə də sola meyl etmədən öz evlərinə qayıdırlar.
“İlham” hər hansı səbəbə bağlı olmadan Cənab Allahın (c.c.) bir anda qəlbdə yaratdığı (meydana gətirdiyi) şeydir. Qəlbə gələn ilham insanlar üzərində hər hansı məcbur edici xüsusiyyətə sahib deyil. Bal arısına edilən ilham isə yaradılışdan gələn, fitri və məcbur edici xüsusiyyətə sahibdir.
Heyvanlar (bal arısı) üçün olan ilham, onlar üçün faydalı olanı əldə etməyi, onlara zərəri olan vəziyyətlərdən də uzaq durub çəkinməyi təmin edən, Cənab Allahın (c.c.) yaratdığı potensial bir gücdür. Quranda qeyd edildiyi üzrə, Cənab Allah (c.c.) arının “beyt” yəni ev qurmasını istəyir. Təfsir alimləri “beyt” ifadəsinin arının inşa etdiyi pətək olduğunu qeyd edirlər.

Hər şey bizə Ondan (c.c.) bəhs edir…
Arının Allahın (c.c.) ilham etdiyi şəkil və formada hərəkət etməsi başqa alternativi olmayan bir vəziyyətdir. Çünki arı Allah (c.c.) tərəfindən belə davranmaq, bu formada hərəkət etmək üzrə proqramlanmışdır. Bundan kənara çıxma seçimi yoxdur. Yuva qurma və qida tapmaq məqsədilə arının etdiyi səyahətlər ona bir başa Allahın (c.c.) ilhamı ilə göstərilir. Allahın (c.c.) ilhamı, dünyaya gəldiyi gündən etibarən arının hər an yönləndirilməsidir. Arı həyatı boyunca bu yönləndirmənin təsiri altında hərəkət edir.
Arının balaca bədəni və bu bədənin sahib olduğu balaca başında çalışqanlıq, məqsədyönlülük, mükəmməl və dəqiq iş ortaya qoymaq və s. kimi mühüm vəzifə və fəaliyyətlər proqramlanmışdır. Belə mürəkkəb proses və xüsusiyyətlərin balaca bir canlıda var ola bilməsi üçün bu arıların fövqündə üstün bir gücə ehtiyac var ki, bu da bütün kainatın sahibi Cənab Allahın (c.c) varlığına işarə edən sayısız dəlildən sadəcə biridir.

Qeyd: Yazının hazırlanmasında Abdurrahman Kasapoğlunun “Allahın bal arısına vəhyi - Bal arılarında instinktiv davranışlar” başlıqlı məqaləsindən isifadə edilmişdir.

Quranda misal çəkilən digər həşərat və heyvanlar, həmçinin burada anladılmaq istənən əsas məqamlar barədə aşağıdakı yazıları oxumaq olar:
1- Ağcaqanadlar harada təlim keçib sertifikat alıblar?
2- Nə üçün ən pis səs eşşəyin səsidir?
3- Quranda milçəyin misal çəkilməsinin səbəbi nədir?
4- Nə üçün dişi hörümçəyin evi?
5- Qarışqaların dilini anlayan peyğəmbər – Həzrət Süleyman (ə.s)
6- “Məgər onlar dəvənin necə yaradıldığına baxmırlarmı?!”

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top