Elm xadimi, tarixçi və arxeoloq Fariz Xəlilli Yeniavaz.com-a arxeoloji qazıntıların layihə əsaslı olmasının vacibliyindən, naşı bir adamın yanlış qazaraq əhəmiyyətli bir abidəni məhv edə bilmə təhlükəsindən danışıb. Tarixçi alim, ölkəmizdə ayrıca arxeologiya fakültəsinin olmamasından, gənclərin arxeologiyaya bir hobbi kimi baxmalarından söhbət açıb. Arxeoloq alim Fariz Xəlilli ölkəmizdə arxeoloji qazıntılar zamanı infraqırmızı fotoqrafiya, georadar, geomaqnit cihazlardan, lidar texnologiyası kimi metodlardan demək olar ki, çox az istifadə edildiyini vurğulayıb. Qarabağdakı dağıdılmış ərazilərin öyrənilməsində lidar texnologiyasının imkanları haqqında müzakirələr aparıldığını qeyd edən alim əksər abidələrin mühafizə zonalarında yeni evlərin tikilməsindən gileylənib.
Sizi müsahibimizlə baş-başa buraxırıq...
- Arxeoloji qazıntılar zamanı tapılan alətlərə tarix vermək üçün daha çox hansı metodlardan istifadə edilir? Xüsusilə Azərbaycanda arxeoloqların yerüstü və yeraltı tarixi abidələrin araşdırılmasında istifadə etdiyi metod və alətlər bu sahədəki elmi yeniliklərlə nə qədər ayaqlaşır?
- Arxeoloji tapıntıların tarixini müəyyənləşdirməyin əsas yollarından biri keramika analogiyalarıdır. Məsələn, yarımşar qulplu qablar ancaq Kür-Araz mədəniyyəti dövründədir. Yastı çıxıntılı qulplar isə Xocalı-Gədəbəy mədəniyyəti arealına aiddir. Ona görə də arxeoloqun materialları yaxşı tanıması və izləməsi lazımdır. Daha dəqiq tanımlamalar üçün müasir texnoloji vasitələrdən istifadə olunur. Məsələn, radiokarbon üsulu kimi. Azərbaycanda arxeoloji qazıntılarda yeni avadanlıqlardan istifadə əsasən xarici ekspedisiyalar ilə işləyən qruplarda mümkündür. Məsələn, yapon, koreya, fransız, alman, amerikan, italyan, ingilis və s. ölkələrin arxeoloqları özləri ilə müəyyən alət və avadanlıqlar gətirirlər. Bəzən həmin alətləri aparmır və bizim arxeoloqlara hədiyyə edirlər. Əslində qazıntıların layihə əsaslı olmasına və təlimatlar əsasında həyata keçirilməsinə ehtiyac var. Bu sahədə standartlar müəyyən edilməlidir. Hər yer qazılmamalıdır. Çünki, arxeoloji qazıntı həm də abidə üçün qazıntıların ən təhlükəlisidir.
- Xüsusilə sümük, parça, ağac və bitki lifləri kimi əşyaların, yəni əvvəllər canlı olmuş maddələr üzərində işləyən karbon-14 arxeoloji testlərini aparmaq üçün ölkəmizdə cihazlar, texniki baza varmı?
- Təəssüf ki, ölkəmizdə radiokarbon analizlər üçün laboratoriyalar yoxdur. Alimlər bu cür analizləri öz yaxın alim dostları vasitəsilə xarici ölkələrdə aparırlar. AMEA Radiasiya Problemləri İnstitutunda bəzi portativ cihazlarla işləyən kadrlar var idi. Onların da xarici ölkələrin laboratoriyalarında işləmək üçün ölkəni tərk etdiklərini bilirəm. Cihazlarla yanaşı, savadlı kadrlara da ehtiyac var. Bununla bağlı təkliflərimi mütəmadi səsləndirirəm. Milli Arxeologiya Fondu mütləq qurulmalıdır. Arxeoloji materiallar dövlətimizin milli sərvətidir. Onların düzgün öyrənilməsi ilə yanaşı, sənədləşdirilməsi, qorunması da lazımdır. Bunun üçün yaxşı təchiz edilmiş elmi laboratoriyalara ehtiyac var.
- İşin çətinliyi baxımından qazaraq arxeoloji tədqiqatlar aparmağı samanlıqda iynə axtarmağa bənzətmək olarmı? Ümumiyyətlə gənclərin arxeologiya elminə marağını qənaətbəxş hesab edirsiz?
- Arxeoloji qazıntılar tapıntıya qarşı çox diqqət tələb edir. Naşı bir adam yanlış qazaraq əhəmiyyətli bir abidəni məhv edə bilər. Ona görə də nəinki qazıntını ehtiyatla aparmaq, həm də yerində dəqiq sənədləşdirmə eləmək lazımdır. Elə tapıntılarımız var ki, onun aşkar olunmasını təsvir etmək belə çətindir. Məsələn, Mehrəvan qalasında qızıl zəncir boyunbağının bir halqasını tapmaq elə samanlıqda iynə axtarmaq kimi olmuşdu. Gənclər arxeologiyaya həvəs göstərsələr də hobbi kimi baxırlar. Ölkəmizdə ayrıca arxeologiya fakültəsi olmadığı üçün gənclər bu elmə ya tarixdən, ya da sənətşünaslıqdan gəlirlər. Düşünürəm ki, arxeologiya ixtisası verən bakalavr proqramları olmalıdır. Arxeoloji turizmi inkişaf etdirə bilsək, bu arxeoloq olmayan gənclər üçün yeni imkanlar aça bilər. Hazırda Avropa Komissiyasının ERASMUS+ Proqramı çərçivəsində maliyyələşdirilən PİCASP (“Xəzər bölgəsinin inkişafında universitet-müəssisə əməkdaşlığını həyata keçirmək üçün istehsalat müəssisələri üzrə pilot kurslar”) layihəmiz də məhz bu məqamları nəzərdə tutur.
- Fərziyyələrə, təsadüflərə, hətta əfsanələrə əsaslanaraq arxeoloji relikt sahəsinin harasının qazılacağı müəyyən edilir. Bu gün ölkəmizdə insan gözünün görə bilmədiyi yerləri görmək və orada arxeoloji qazıntılar aparmaq üçün başqa hansı metodlardan istifadə edilir?
- Hazırda müxtəlif texnoloji vasitələr var ki, onların köməyi ilə torpağın altındakı strukturları müəyyən etmək olur. Ən sadə üsullardan biri "Google Earth" və "Maps" proqramları vasitəsilə yerin üstünə nəzər yetirməkdir. Məsələn, orta əsr Ağsu şəhəri və ya Mehrəvan qalası strukturları kosmosdan aydın görünür. Aero çəkilişlər, dron çəkilişləri də bizə abidəni tanımaq imkanı verir. İnfraqırmızı fotoqrafiya, georadar, geomaqnit cihazlar yerin təkindən xəbər verir. Lidar texnologiyası isə son illər daha çətin strukturları müəyyən etməyə kömək edir. Ölkəmizdə demək olar ki, bu adı çəkilən metodlardan az istifadə edilir.
- Arxeoloji tədqiqatlar zamanı daha yeni bilgilər əldə etmək üçün peyk texnologiyasının öyrənilməsi və tətbiqi nə dərəcədə əhəmiyyətli olardı? Hətta sıx meşəlik ərazidə torpaq altında qalmış və geniş əraziyə yayılmış min illik şəhərlərin xəritəsini peyklər və süni intellekt vasitəsilə çıxarmaq artıq günümüzdə bir reallıq halına gəlib. Bu imkanlardan ölkmizdə nə dərəcədə istifadə edilir?
- Beynəlxalq hüquqi normativlər, sənədlər ehtiyac olmadıqca arxeoloji qazıntıların aparılmasının əleyhinədir. Ona görə də indi ziyansız texnologiyalarla abidələrin öyrənilməsi daha çox yayılır. Beynəlxalq konfranslarda ildən-ilə yenilənən texnologiyaların təqdimatı olur. Peyk texnologiyasından son zamanlar ölkəmizdə də istifadə edilir. Məsələn, İrəvanın Təpəbaşı məhəlləsinin son araşdırmalarında peyk texnologiyalarından istifadə edilib.
- Arxeoloji tədqiqatlarda “lidar texnologiyası”nın tətbiqi barədə nələr deyə bilərsiniz? Ölkəmizdə arxeoloji tədqiqatlarda bu imkanın istifadəsinə dair nə kimi perspektivlər var?
- Lidar ərazilərin yüksək ayırdetməli modellərini çıxarmaq üçün istifadə edilən uzaqdan zondlama lazer texnologiyasıdır. Bir ştativ, dron, helikopter və ya təyyarəyə qoşulan Lidar sensoru skan etmək üçün sahə üzərində uçur və Yer səthinə endirilən impulslu lazerlərdən istifadə edir. Səthə dəyən bu lazerlər məlumat nöqtələri yaradır, GPS məlumatları ilə birləşdirilir. Azərbaycanda arxeologiyaya aid olmayan sahələrdə - neft-qaz tədqiqatlarında Lidardan istifadə haqqında məlumatım var. Lakin arxeoloji abidələrdə strukturların öyrənilməsi üçün Lidardan istifadə haqqında məlumatım yoxdur. Biz ABŞ-ın "Siark" qeyri-hökumət təşkilatı ilə Qarabağdakı dağıdılmış ərazilərin öyrənilməsində Lidardan istifadə imkanları haqqında müzakirə aparmışıq. Gələcəkdə həm texnologiyanın təmin edilməsi, həm də ondan istifadə üzrə təlimin keçilməsi üçün "Siark"la ilkin razılaşmamız var. Bu məqsədlə aidiyyəti dövlət qurumları ilə müzakirələr aparırıq.
- Ayrıca yeraltı radarı (GPR) ilə bir Roma şəhərinin qazıntı aparılmadan tapıldığına və dəqiq xəritəsinin çıxarıldığına dair faktlar var. Bu gün Azərbaycanda da bu metodların tətbiqi ilə nə kimi yeni tarixi şəhərləri, yaşayış bölgələrini ortaya çıxarmaq olar?
Georadar hamar sahələr üçün düzgün nəticələr verir. Təpəli, çuxurlu yerlərdə skanlama işləri aparılsa da, nəticələr dəqiq olmur. Şumlanmış, əkilmiş ərazilərdə georadarı tətbiq etmək yaxşı nəticələr verə bilər. Məsələn, Kürdəmirin Ərəbqubalı kəndindəki tarixi Şirvan şəhərinin qalıqlarını bu texnologiya vasitəsilə öyrənə bilərik.
- Ola bilərmi ki, indiyə qədər ortaya çıxarılmış, tapılmış tarixi abidələrdən daha çoxu yaxın gələcəkdə bu kimi texnologiyaların köməyi ilə ortaya çıxarılsın?
- Əlbəttə yeni texnologiyalar indiyə qədər məlum olmayan abidələri aşkarlamaqda bizə kömək edəcək. Mən 2021-ci ildə Mədəniyyət Nazirliyində hazırlanan idarəetmə konsepsiyası ilə bağlı təkliflərimdə belə monitorinqlərin aparılmasını təklif etmişəm. Əksər abidələrin mühafizə zonaları tanınmır. Həmin mühafizə zonası planlarının hazırlanmasında yeni texnologiyaların mühüm əhəmiyyəti olacaqdır. Məsələn, dünya əhəmiyyətli arxeoloji abidə olan Qədim Şamaxı/Xınıslı abidəsinin mühafizə zolağı ərazisində yeni evlərin yerləşməsinə görə, ilkin olaraq belə texnologiyalar vasitəsilə təyin edilə bilər. Şamaxı şəhərində dəfələrlə zəlzələ olduğu üçün oradakı mədəni təbəqələrin öyrənilməsində belə metodlar effektiv ola bilər.
Yuxarıdakı şəkildə orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksi göstərilmişdir.
- Tarixi-arxeoloji turizm növünün inkişafı üçün ölkəmizdə nə kimi potensial var? Bu haqda işlənmiş bir konsepsiya varmı? Təklifləriniz nələr olardı?
- Arxeoloji turizmlə bağlı hələ 2011-ci ildə “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin "Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği" layihəsini həyata keçirmişdik. Azərbaycanın ilk arxeoloji turizm kompleksini, indiki Orta əsr Ağsu Dövlət-Tarix Mədəniyyət Qoruğunu yaratmışdıq. Təəssüf ki, hələ də arxeoloji turizmin əhəmiyyəti tam anlaşılmadığı üçün bu istiqamətdə irəliləyişə nail ola bilmirik. 2014-cü ildə COMCEC-in maliyyə dəstəyi ilə Mədəniyyət Nazirliyinin "Ümumi Mədəni İrs Şəhərləri" beynəlxalq arxeoloji turizm layihəsində ekspert kimi iştirak etmişəm. Hazırlanan 24 günlük tur-proqramla Türkiyə, Azərbaycan, Qazaxıstan və Özbəkistanın arxeoloji abidələrini gəzmək və qazıntılara qatılmaq mümkün idi. Qeyd edim ki, layihənin ingilis dilində kitabı da yayımlanıb. PİCASP (“Xəzər bölgəsinin inkişafında universitet-müəssisə əməkdaşlığını həyata keçirmək üçün istehsalat müəssisələri üzrə pilot kurslar”) layihəmiz çərçivəsində arxeoloji tur təklifləri hazırlamışıq və ilk növbədə universitetlərə göndərmişik.
- Çıxışlarınızdan birində beynəlxalq ictimaiyyətin, UNESCO və digər həlledici təşkilatların diplomat, siyasətçi, jurnalist sözlərinə deyil, akademik araşdırmalara əhəmiyyət verdiklərini qeyd edirsiniz. Bəs görəsən Qarabağda 30 illik işğal dövründə dağıdılmış abidələrlə əlaqədar sənədləşdirmə işləri akademik araşdırmalara əsasən və elmi metodlarla aparılıbmı?
- Beynəlxalq ictimaiyyət bütün sahələrdə elmi, akademik araşdırmaların nəticələrini əsas alır. Bu mənada bütün beynəlxalq təşkilatlar akademik araşdırmalar, xüsusilə hesabatlara diqqət yetirirlər. Təəssüf ki, indiyə qədər Şuşa və Qarabağın digər maddi mədəni irs abidələri ilə bağlı çox az hesabatlara rast gəlirik, ya onlar yoxdur, ya da əlçatan deyildir. İndiyə qədər hazırlanmış hesabatlar ingilis dilində çap edilməklə onlayn formatda akademik çevrələrdə yerləşdirilməlidir. Biz onsuz da Qarabağda baş verən dağıntıları beynəlxalq ictimaiyyətə təqdim etmək istəyirik. YUNESKO beynəlxalq təşkilatdır, onun da hesabatlarına, sənədlərinə İKOMOS üzvləri rəy verir. Şəxsən mən özüm İKOMOS-un könüllü rəyçisi kimi Dünya Abidələr Fondunun təqdim etdiyi sənədlərə rəy vermişəm. Oradan bilirəm ki, bizim haqlı tələblərimiz akademik müstəvidə təqdim ediləndə irs təşkilatları bizim tərəfimizdə olurlar.
Nazim Mustafayev