“ABŞ Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratmasının sülh prosesinə etimadın yaradılması səylərini sarsıtmasından dərin narahatdır”.
Yeniavaz.com xəbər verir ki, ABŞ Dövlət Departamentinin Mətbuat xidmətinin yaydığı bəyanatda belə deyilir.
“Biz bir daha bildiririk ki, Laçın dəhlizində insanların və ticarətin sərbəst və açıq hərəkəti olmalıdır və tərəfləri sülh danışıqlarını bərpa etməyə, sərhəddə təxribatlardan və düşmənçilik hərəkətlərindən çəkinməyə çağırırıq”, - məlumatda deyilir.
Xatırladaq ki, aprelin 23-ü Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Bildirilib ki, bu addım 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq atılıb.
Qeyd olunub ki, bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.